Yaxşı olar ki, dərsdinləmə planlaşdırılsın.

Malik Aranlının əziz xatirəsinə həsr olunur.

Yazı Malik Aranlıya məxsusdur

Dərs təlim və tərbiyənin təşkilat forması içərisində mərkəzi yer tutur. Eləcə də dərs bir tədbir vahidi kimi təlimin vəzifə, məzmun və üsullarını öz tərkibində birləşdirir. Ona görə də məktəblərimizdə dərsin təkmilləşdirilməsi həmişə didaktikanın aktual problemi olmuş, cəmiyyətimizin müxtəlif inkişaf mərhələsində dövrün ahənginə uyğun olaraq dərsə verilən tələblər müəyyənləşdirilmişdir.
Bəs, müasir təlim metodları hansılardır? Müasir dərs hansı əsas cəhətlərlə səciyyələnir? Asif Cahangirov və Fərzəli Qədirov “Müasir dərs” adlı qəzet yazılarında öz fikirlərini belə qeyd edirlər:
• dərsdə şagirdlərlə səmərəli əksəlaqənin təmin olunması, əməkdaşlıq şəraitinin, estetik-emosional mühitin yaradılması;
• müəllimin şagirdləri pedaqoji prosesin bərabər hüquqlu subyekti kimi qəbul etməsi;
• təlim metodları və üsullarının optimal seçilməsi, onların şagirdlərin yaşına və dinamik inkişaf səviyyəsinə uyğunluğu, habelə sistemli şəkildə tətbiqi;
• hər bir şagirdin fərdi-psixoloji, tədris-idrak və s. xüsusiyyətlərinin nəzərə alınması;
• dərsdə təlimin inkişafedici aspektinin gücləndirilməsi, diferensiallaşdırma və fərdiləşdirmə yolu ilə şagirdlərdə bilik və bacarıqların səviyyəsinin artırılması;
• şagirdlərin müstəqil fəaliyyəti, sərbəst rəy söyləmələri, başqasının, o cümlədən müəlliminfikrinə münasibət bildirməsi üçün şəraitin yaradılması;
• şagirdlərdə tədris materiallarındakı aparıcı idayeları seçmək, habelə təhliletmə, ümumbirləşdirmə bacarıqlarının aşılanması;
• şagirdlərə “Öyrənməyi öyrətmək” zəminində təlim vərdişlərinin aşılanması, müxtəlif məlumatların, biliklərin əldə edilməsi yollarının və mənbələrinin müstəqil axtarılıb tapılması bacarıqlarının formalaşdırılması;
• şagirdlərin milli zəmində, vətənpərvərlik ruhunda tərbiyəsində dərsin imkanlarından istifadə edilməsi.
Məktəbdə təlimin keyfiyyətinin yüksəldilməsindən söhbət açdıqda, ilk növbədə, dərsin təşkili və aparılması məsələləri önə çəkilməlidir. Buna isə müəllimlərin dərsləri öyrənmələri, onları təhlil edib təkmilləşdirilmələri ilə nail olmaq mümkündür. Müəllimlərin dərslərini öyrənməsi məktəb rəhbərlərinin əsas vəzifələrindən biri və başlıcası hesab olunur. Məktəb direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavini vaxtının bir hissəsini dərslərin dinlənilməsinə sərf edir. Müxtəlif dövrlərdə məktəb rəhbərlərinin dərsdinləmə normaları müəyyənləşdirilmişdir. Bu onu göstərir ki, təlimin keyfiyyətinin yüksəldilməsində dərs müşahidəsi ən vacib nəzarət vasitəsidir. Təcrübə göstəriri ki, əksər məktəb direktorları bu sahədə işini düzgün qura bilmir. Məktəbin təsərrüfat və digər qayğıları bu sahədə yaxşı iş qurmağa imkan vermir. Ona görə də məktəb direktorları bu sahədə işi yaxşılaşdırmaq üçün dərsdinləmə planlaşdırmalıdır.
İndiki dövrdə məktəb direktorunun həftə ərzində 4-5 saat dərsdə və bir sinifdənxaric tədbirdə iştirak etməsi yaxşı hal sayılır. Təlim-tərbiyə işləri üzrə direktor müavini isə yaxşı olar ki, həftədə 8-10 saat dərs dinləsin və 1-2 sinifdənxaric tədbirdə iştirak etsin. Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı isə həftə ərzində 5-6 sinifdənxaric tədbirdə iştirak edib, 1-2 saat dərs dinləsə yaxşı olar.
Bəs, dərsdinləmələr necə təşkil edilməlidir? Yaxşı olar ki, dərsdinləmələr əvvəlki dərs ilinin nəticələri əsasında planlaşdırılsın. Həm də iki il ərzində pedaqoji kollektiv üzvlərinin hər birinin pedaqoji fəaliyyətinə əsaslandırılmış və real qiymət verilmiş olsun.
Yaxşı olar ki, dərsdinləmə planlaşdırılarkən:
• Konkret fənn üzrə müəllimlər cəlb olunsun;
• Müəyyən paralel siniflərdə dərs deyən müəllimlər əhatə olunsun;
• Pedaqoji fəaliyyətin varisliyi nöqteyi-nəzərindən bütün müəllimlər əhatə olunsun;
• Hansısa təlim prinsipinin, müasir tələblərin tətbiqi ilə əlaqədar müəllimlər (ayrı-ayrı fənlər, təhsil sahəsi və s.) əhatə olunsun.
Adətən, dərsdinləmə təsdiq olunmuş plan (plan qrafik) üzrə müəyyən edilmiş vaxtlarda (həftələri göstərilməklə) həyata keçirilməlidir. 3-4 gün əvvəl müəllimin hansı sinifdə, hansı gündə və saatda dərsinin dinlənməsini bilsə, işin xeyrinə olar.
Illik plan əsasında öz işini konkretləşdirən direktor və ya onun müavini aylıq və həftəlik planlar tətbiq edərək hansı siniflərdə nə məqsədlə dərs dinləyəcəklərini aydınlaşdıra bilərlər. Bu məqsədlə həftəlik dərs müşahidəsi qrafiki tətbiq etmək təcrübəsi çox vaxt özünü doğruldur. Həftə ərzində məktəb üzrə dinləniləcək bütün dərslər və müşahidəyə cəlb edilənlərin hamısı həmin cədvələ daxil edilməlidir. Dərsdinləmənin bu cür planlaşdırılmasının çox üstünlükləri vardır. Belə ki:
– dərsin məcburi dinlənilməsi dərs aparan müəllimin məsuliyyətini artırır;
– müəllimin dərsə daha yaxşı hazırlaşması üçün vaxt imkanı yaradır;
– eyni bir dərsin müxtəlif nəzarətçilər tərəfindən dinlənilməsinin qarşısı alınır;
– məktəbdə bütün fənlərin və müəllimlərin dərslərinin dinlənilməsi üçün zəmin yaradır;
– dərs dinləyənlərin də məsuliyyəti artır.
Aydındır ki, məktəb direktoru və ya onun müavinləri nə qədər hazırlıqlı olsalar belə, heç də bütün dərsləri eyni səviyyədə, yəni öz ixtisasları səviyyəsində öyrənmək və dərsə aid səmərəli təkliflər vermək imkanına malik ola bilmirlər. Tədris fənlərinin müxtəlifliyi imkan vermir ki, dərdinləyən hərtərəfli məsləhətlər versin. Məlumdur ki, hər bir məktəb rəhbəri yalnız öz ixtisası sahəsində daha faydalı məsləhətlər verə bilər. Ancaq bu o demək deyildir ki, məktəb rəhbərləri ixtisaslarına uyğun olmayan fənlərin tədrisinə nəzarət etməsinlər.
Məktəb rəhbərləri ixtisasından asılı olmayaraq, məktəbdə öyrənilən bütün fənlər üzrə dərsləri müşahidə etməyə, onları öyrənməyə, təhlil etməyə, ümumiləşdirməyə, müvafiq göstəriş, təklif və məsləhətlər verməyə borcludurlar. Dərsdinləmə müəllimə öz üstalığını, peşəkarlığını, səriştəliliyini qabarıq şəkildə nümayiş etdirməyə imkan verir. Dərsdinləmə elə təşkil olunmalıdır ki, müəllim onun lazımlığını hiss etsin. Pedaqoji ədəbiyatda daim vurğulandığı kimi dərsdinləmə müəllim-direktor əməkdaşlığının çox lazımlı formasıdır.
Dərdinləmə başa çatdıqdan sonra az vaxt içərisində ( həmin gün olsa daha yaxşı olar) dərsin təhlili həyata keçirilməlidir. Dərsin təhlili zamanı ilk sözü müəllimə vermək daha yaxşı olar. Bu ona görədir ki, müşahidəçi və müəllimə məlum olan məsələlərin təkrarına yol verilməsin, təhlil az vaxt aparsın. Müşahidələr göstərir ki, müəllimlərin əksəriyyəti (xüsusilə, gənc müəllimlər), dərsi dinlənilərkən həyacanlanır, ona görə də onalar səhvlərə yol verirlər. əgər müəllim öz dərsini təhlili zamanı bir sıra nöqsanı etiraf edirsə, məktəb direktorunun bu barədə danışmasına və müəllimə göstəriş verməsinə ehtiyac qalmır.
Dərsin təhlili zamanı hansı cəhətlərə daha çox diqqət vermək lazımdır? Müxtəlif dərs təhlili sxemləri vardır. Dərsin gedişini öyrənmək məqsədilə dinlənilmiş dərsin aşağıdakı ardıcıllıqla təhlili tövsiyə oluna bilər:
– dərsin təşkili;
– ayrı-ayrı mərhələ üzrə metodiki işlər;
– dərsin elmi, nəzəri səviyyəsi, ideya istiqaməti, həyatla əlaqələndirilməsi;
– təhsil və tərbiyə cəhətdən dolğunluğu;
– şagirdlərin biliklərinin səviyyəsi;
– müəllimin məqsədə nail olması və s.
Ümumiyyətlə, məktəb rəhbərləri çalışmalıdırlar ki, dərsin dinlənilməsi və təhlili planlı və
məqsədyönlü olsun. Onların elmi-metodik göstərişləri müəllimin işinə fayda versin, onu yaradıcılığa şövq etsin. Ona görə də məktəb rəhbərləri pedaqoji və psixoloji cəhətdən çox mürəkkəb və çətin proses olan dərs təhlilinə diqqətlə yanaşmalı, yüksək pedaqoji ustalığa və pedaqoji kollektivə rəhbərlik etmək bacarığına malik olmalıdır.
Məktəb rəhbərləri dərsdinləmə və onun təhlilinə diqqətlə yanaşaraq aşağıdakılara diqqət yetirməlidirlər:
1. Məktəb rəhbərləri müəllimlərin dərslərini mütəmadi olaraq dinləməli, onu günün tələbləri səviyyəsində təhlil etməlidirlər.
2. Dərsdinləmələr məqsədə uyğun və planlı şəkildə aparılmalıdır.
3. Məktəb direktoru və onun müavinləri ixtisasından asılı olmayaraq, bütün müəllimlərin dərslərini dinləməlidirlər.
4. Məktəb rəhbərləri dərsdinləmə üçün əvvəlcədən ciddi hazırlaşmalıdıırlar. Müəllimin təqvim və gündəlik planlarına əsasən proqram materiallarını dərindən öyrənməli, lazım gəldikcə başqa ixtisas müəllimlərindən məsləhət almalıdırlar.
5. Verilən təklif, məsləhət və göstərişlərə müəllimlərin necə əməl etmələrinə nəzarət etməlidirlər.
6. Dərsdinləmə və onun təhlili zamanı etika qaydalarına tamamılə əməl olunmalıdır.
7. Təhlil zamanı müəllimin başqa cəhətləri ilə yanaşı, müsbət cəhətləri də mütləq qeyd olunmalıdır.
8. Dərsdinləmə və onun təhlili ümumi işə xeyir verməlidir. Müəllim nə isə öyrənməli və gələcək dərslərində ondan istifadə etməlidir.
9. Müasir təlim metodlarından istifadə qaydaları müəllimə izah olunmalıdır.
10. Dərsin təhlili zamanı müəllim “qabaqcıl iş təcrübələri” ilə tanış edilməlidir.

Malik Aranlı,
Əməkdar müəllim