Ümumtəhsil müəssisələrinin idarəedilməsinin metod və üslubları

Ümumtəhsil müəssisələrinin idarəedilməsinin metod və üslubları

Ümumilikdə idarəetmənin səmərəsi bu prosesdə tətbiq olunan metod və üslublarla sıx bağlıdır. Metod yunan sözü olub methodos sözündən törəmişdir, qarşılığında “nəyəsə nail olmaq” anlamındadır. İdarəetmənin metodları dedikdə, qarşıya qoyulmuş məqsədə çatmaq üçün idarəetmə obyektinə edilən təsir yolları, vasitələri başa düşülür. İdarəetmədə bir çox metodlar, üsullar və vasitələr vardır ki, onlar hamısı müəssisənin idarə edilməsinin səmərəliliyinin artırılmasına xidmət edir. İdarəçilik fəaliyyətinin istiqamətindən, miqyasından asılı olaraq metodları iki formada təsnif etmək olar. Ümumi və xüsusi metodlar (üsullar).

Müşahidə: Müşahidə dedikdə göz önünə ilk növbədə görmə vasitəsilə aparılan tədqiqat gəlir. Lakin nəzərə alınsa ki, insanın ətraf aləmdən informasiya alması onun 5 əsas və 20-yə yaxın köməkçi hiss kanalları vasitəsilə baş verir, o zaman görmənin insan həyatında rolunun 100 %-li xarakter daşımadığını dərk etmək mümkündür və burada digər hissiyyatların da rolu dərhal nəzərə çarpasıdır. O müxtəlif sahələrlə bağlı ola bilər. Dərslərin, tərbiyə tədbirlərinin, şagird və müəllimlərin davranışlarının ünsiyyət fəaliyyətinin müşahidəsi 21 və s. Müşahidə bir neçə növə ayrıla bilər ki, bunlardan bilavasitə və dolaysı, açıq və gizli, geniş və dar (məhdud) müşahidələr daha çox istifadə edilənlərdəndir. Müşahidə müəyyən pedaqoji vəziyyəti öyrənib düzgün qiymətləndirməyə, idarəetmə işində lazımi düzəlişlər aparmağa imkan verir. Müşahidə metodunun səmərəsi onun düzgün təşkilindən asılıdır. Müşahidə zamanı nəyin nə məqsədlə izlənəcəyini müəyyən etmək, müvafiq faktlar toplamaq, onları təhlil edib araşdırmaq, qruplaşdırmaq və nəticə çıxarmaq lazımdır. Müşahidə obyektlərin müəyyən edilməsi, məqsədin aydınlaşdırılması, müşahidə planının və vasitələrin müəyyən edilməsi, müşahidə nəticələrinin qeydə alınması, mavafiq faktların təhlili, ümumiləşdirilməsi və nəticə çıxarılması deməkdir. Müşahidə qısamüddətli, uzunmüddətli, dövri və sistematik ola bilir. Qısamüddətli müşahidə dəqiqələr ərzində insan psixikası və davranışının təzahürünü izləməklə həyata keçirilir. Məsələn, müəllimin izahına şagirdlərin münasibətini aşkara çıxarmaq üçün həmin anda onların üzərində aparılan müşahidə buna misal ola bilər. Uzunmüddətli müşahidəyə bütün dərs və ya bütün rüb ərzində aparılan müşahidələri aid etmək olar. Dövri müşahidəyə gəldikdə bu müəyyən dövrlərdə, məsələn hər rübün sonunda eyni bir psixi hadisənin təzahürünü izləməkdən ibarətdir. Dövri müşahidə psixi hadisənin inkişaf dinamikasını aşkara çıxarmağa imkan verir. Sistematik müşahidə də inkişaf dinamikasını aşkara çıxarmağa xidmət edir. Lakin burada müşahidə mütəmadi, uzun müddət məsələn, bütün dərs ili boyu, yaxud müəyyən yaş dövrü ərzində aparılır. Müəssisə rəhbəri müşahidə metodundan istifadə etməklə müəssisədə hansı proseslərin baş verdiyini analiz edə bilir. Bununla da gəldiyi qənaətə əsaslanaraq mövcud problemli situasiya varsa, onu həll etməyə çalışır.

Anket sorğusu: Bu metod haqqında danışmazdan əvvəl anket-soğrunun nə olduğu haqqında fikir yürüdək. Anket-soğru müəyyən tərzdə struktur cəhətdən təşkil olunmuş və hər biri tədqiqatın əsas vəzifəsi ilə məntiqi surətdə bağlı olan suallar yığını, bu və ya digər pedaqoji məsələ barədə ictimai rəyi öyrənmək məqsədi güdən yazılı sorğudur. Tədqiqatçı fərdin subyektiv rəyləri, hissləri, davranış motivləri haqqında daha dolğun məlumat almaq istədiyi hallarda sorğu metodu xüsusilə əvəzedilməzdir. Sorğu metodunun özünəməxsusluğu ondan ibarətdir ki, məlumat mənbəyi burada fərdin şifahi məlumatları, mülahizələri kimi çıxış edir. Keçirilmə üsulu cəhətdən sorğu subyektləri iki tərəfdən ibarət olur: bir tərəfdən müəyyən sualları olan tədqiqatçı (o, bu suallara cavablardan onu maraqlandıran məlumatları əldə etməyə ümid bəsləyir), digər tərəfdən isə həmin suallara cavab verməli olan respondent. Bu tipli sorğular məktəb həyatında baş verən ziddiyyətləri üzə çıxarmağa və vaxtında aradan qaldırmağa imkan verir. Sorğunun səmərəsi sualların düzgün, aydın, birmənalı qoyulmasından çox asılıdır. Anketin bütün suallarını məzmununa görə şərti olaraq iki böyük qrupa bölmək olar:
1. Keçmiş və indiki zamanlardakı faktlar, davranış və fəaliyyət məhsulları haqqında suallar.
2. Fərdin motivləri, qiymətləri və rəyləri haqqında suallar.

İctimai rəy: Müəyyən bir mövzu, ideya, problem üzərində müzakirələr nəticəsində ortaya çıxan xalq inamıdır. İctimai rəy iki mənada təzahür edir: dar və geniş mənalarda. Geniş mənada ictimai rəy müəyyən bir zaman çərçivəsində xalqı maraqlandıran ümumi fikir, ortaq nəticədir. Dar mənada ictimai rəy isə mətbuat, radio, tv kimi vasitələrlə çatdırılan fikirlərin ortaq nəticəsidir.İctimai rəy metodu həmçinin tələbin kollektiv forması olub, müəyyən şəxs və hərəkətlə bağlı kollektivin ümumi rəyini, qiymətini ifadə edir. İctimai rəy kollektivin iradəsini əks etməklə fəal və təsirli qüvvə kimi çıxış edir. O, bacarıqlı tərbiyəçinin əlində tərbiyə metodu funksiyasını yerinə yetirir, tərbiyənin subyekti, müəllimin etibarlı müttəfiqi rolunu oynayır. Əgər kollektiv üzvləri ümumi hisslərlə yaşayırlarsa, mənfi hallara dözülməzlik göstərib onları aradan qaldırmağa çalışırlarsa, bu, kollektivdə sağlam ictimai rəyin formalaşmasının göstəricisidir. Belə kollektiv rəy təlim-tərbiyə sahəsində uğur qazanmağın mühüm amilidir. Əksinə, birgə ictimai rəyin olmaması özbaşınalığa, laqeydliyə, mənfi halları himayə etməyə, yaxşı oxuyan və intizamlı şagirdləri ələ salmağa, məhdud qrup mənafelərinin inkişafına gətirib çıxarır. Kollektivin ictimai rəyi pedaqoji prosesdə sövqedici mənfi hallardan çəkindirici rol oynaya bilər. Məktəb rəhbərləri kollektivin ictimai rəyinə istinad edərək pedaqoji prosesin səmərəli idarə olunmasında daha yaxşı nəticələrə nail ola bilər.

Müasir təhsil menecerliyi:
Cavid Əli oğlu Turan