Təşкilаtçı – sinifdənxaric və məкtəbdənкənаr tərbiyə işlərinin əsas təşкilаtçısı və rəhbəridir.

Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı (tərbiyə işləri üzrə təşkilatçı) o ümumtəhsil məktəbində direktorun müavini hesab edilərək məktəbdə və məktəbdənkənar tərbiyə işlərinin əsas təşkilatçısı və rəhbəridir. Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçının əsas vəzifəsi sinif rəhbərləri və müəllimlərin apardığı tərbiyəvi işlərə rəhbərlik etmək, onlara lazımi metodiki kömək və istiqamətlər vermək, şagird kollektivinin, uşaq və gənclər təşkilatının apardığı tərbiyəvi işləri nizamlamaq və məqsədyönlü təşkil etməkdir. Məktəbdə tərbiyə işləri üzrə təşkilatçının üç mühüm vəzifəsi vardır.

MƏKTƏB TƏŞKİLATÇISININ VƏZİFƏLƏRİ
1. TƏŞKİLATİ VƏZİFƏ
2. METODİKİ VƏZİFƏ
3. İNZİBATİ VƏ YA İDARƏÇİLİK VƏZİFƏSİ

  1. Təşkilati vəzifə aşağıdakı işləri özündə birləşdirir:
    a) Həyata keçirilmiş işləri təhlil etmək, onların müvəffəqiyyətli və nöqsanlı tərəflərini ayırd etmək, tədbirin müvəffəqiyyətlə həyata keçirilməsinə maneə olan amilləri müəyyən etmək;
    b) Tədbirin həyata keçirilməsinin məqsədinin müəyyən edilməsi. Bu həm tədbirin nə üçün keçirilməsinin, həm də son nəticəsinin əvvəlcədən müəyyən edilməsinə şərait yaradar;
    c) Qarşıya qoyulmuş məqsədin həyata keçirilməsi yollarını ayırd etmək;
    ç) Tədbirin keçirilmə yerini, vaxtını, ardıcıllığını, kimin hansı işi icra etməsini və s. müəyyənləşdirmək;
    d) Tədbirdə iştirak edən hər bir adamın fəaliyyətinin məzmunu, forma və metodlarını ayırd etmək;
    e) İş icraçılarına tədbirin keçirilməsi prosesində kömək və onların fəaliyyətinə nəzarət etmək;
    ə) Hər bir tədbirin sonunda icraçının fəaliyyətini qiymətləndirmək.
    f) Təşkilati işin son məqsədi tədbirin səmərəliliyinin təmin edilməsindən ibarətdir. Təşkilatçı işi elə təşkil etməlidir ki, son nəticə səmərəli və faydalı olsun.
  2. Metodiki vəzifənin mahiyyəti təşkilatçının sinif rəhbərlərinə, müəllimlərə, məktəblə bağlı təşkilatlara, ümumiyyətlə, sinifdənxaric və məktəbdənkənar tərbiyə işi ilə məşğul olan hər bir adama metodik məsləhət və tövsiyələr verməsindən ibarətdir. Bu göstəriş və məsləhətlər iki istiqamətdə həyata keçirilir: 1) Ümumməktəb tədbirləri zamanı. Yuxarıda göstərildiyi kimi, müxtəlif pedaqoji kadrlar tədbirin təşkilatçısına çevrilirlər. Bu vaxt təşkilatçı həmin şəxslərə metodiki xarakter daşıyan müəyyən məsələləri izah edir.
    2) Təşkilatçı hər bir sinif rəhbərinə, müəllim və tərbiyəçilərə müxtəlif tədbirlər keçirməkdə əməli metodiki kömək göstərir. Təşkilatçının metodiki işi üç əsas cəhəti özündə birləşdirir:

    a) Təşkilatçı, hər şeydən əvvəl, təmasda olduğu adamları dərindən öyrənməli, onların bilik səviyyəsinə bələd olmalıdır. Bunsuz təşkilatçı metodiki göstərişlərin həcmini və məzmununu düzgün müəyyənləşdirə bilməz;
    b) Nəyi öyrənməyi müəyyən etmək vacib məsələlərdən biridir. Burada iki cəhəti bilmək lazımdır: birincisi, tərbiyə edən nəyi bilməlidir; ikincisi, konkret olaraq tərbiyəçi nəyi bilir, nəyi isə bilmir.
    c) Nəhayət, hər bir sinif kollektivi üçün zəruri olan tərbiyəedici təsir tərzlərini düzgün müəyyən etmək.
  3. İnzibati və ya idarəçilik vəzifəsi əsas etibari ilə məktəbdə aparılan tərbiyə işlərinin keyfiyyətinə nəzarət və yoxlama mərhələsini özündə əks etdirir.
    Nəzarət və yoxlama iki istiqamətdə həyata keçirilə bilər:
    a) Planda nəzərdə tutulmuş tədbir həyata keçirilib, ya keçirilməyib?
    b) Pedaqoji səmərə nöqteyi-nəzərindən pedaqoji təsir tərzlərinin optimal variantı müəyyən edilibmi?