TƏLİM PROSESİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNDƏ MÜƏLLİMİN ROLU

Təlim prosesində şagirdlər bilik, bacarıq və vərdişlərə yiyələnir, onlarda dünyagörüşü formalaşır, idrak və müstəqil işləmək qabiliyyətləri inkişaf edir. Bilik təlim prosesi məzmununun əsas aparıcı ünsürü sayılır. O, insanların obyektiv aləmi əks etdirən ümumiləşdirilmiş təcrübəsidir. Biliyin mənimsənilməsi faktların (hadisələrin, predmetlərin və s. ), anlayışların və nəhayət, qanunauyğunluqların öyrənilməsini təmin edir. Elementlər faktların və anlayışların əksəriyyəti ibtidai sinifdə öyrənilir; təlim dərəcəsi yüksəldikcə ümumi qanunauyğunluqların öyrənilməsi sahəsində iş daha da genişlənir və dərinləşir. Vərdiş şüurlu hərəkətin avtomatlaşdırılmış tərkib hissəsidir. O, eyni bir hərəkətin eyni şəraitdə dəfələrlə təkrarı nəticəsində hasil olur. şagirdlər müxtəlif hərəkətlərin müəyyən qayda-qanunlarını mənimsəyir və onları avtomatik surətdə icra edirlər. Bunun sayəsində də hərəkətlər çox asan, tez, qənaətli, ən yüksək nəticələrlə və eyni zamanda, ən yüksək gərginliklə yerinə yetirilir. Bacarıq da hərəkət qaydasıdır; lakin o, vərdişdən fərqli olaraq özünün formalaşdığı şəraitdə deyil, başqa şəraitdə, ilkin şərtlər dəyişdirilərək tətbiq edilir; məsələn, plan tərtib etmək, konspekt tutmaq, məsələ həll etmək, biliyi təcrübədə işlətmək və. s. Məktəb rəhbərləri yuxarıda qeyd olunan əsas cəhətləri nəzərə almaqla, təlim prosesinin daim təkmilləşdirilməsinə nail olmalıdırlar. Bu mürəkkəb işdə onlara kömək məqsədi ilə aşağıdakı məsələlərin şərhini (nəzəriyyə və təcrübə əsasında) vacib hesab edirik:
1. Müəllimin dərslərə hazırlaşması işinə rəhbərlik.
2. Müəllimin təlim prosesində şagirdlərdə fəallıq və müstəqillik tərbiyə etməsi işinə rəhbərlik.
3. Müəllimin təlim prosesində keçilmiş materialların təkrarı və möhkəmləndirilməsi işinə rəhbərlik.
4. Müəllimin təlimdə geriləyən və yaxşı oxumayan şagirdlərlə işinə rəhbərlik.

Müəllimin qarşıdakı dərs ilinə hazırlaşmasına bir qayda olaraq proqram və dərslikləri təhlil etmək, fənnə aid ən yeni məsələləri öyrənmək, müxtəlif vasitələri (kolleksiyaları, rəsmləri, sxemləri, diaqramları, fotoşəkilləri və s. ) seçmək və sistemə salmaq, təlimin həyatla, şagirdlərin şəxsi əməyi ilə əlaqələndirilməsi yollarını müəyyənləşdirmək məsələləri daxildir. Məktəb rəhbərləri-direktor və onun təlim-tərbiyə işləri üzrə müavini müəllimin həmin istiqamətdə necə hazırlaşdığını öyrənmək üçün onunla söhbət etməlidirlər. Həmin söhbət gənc və az təcrübəli müəllimlərlə aparıldıqda təlimati xarakter daşımalıdır. Söhbət zamanı müəllimin hazırlığı iĢində olan çatıĢmazlığı aradan qaldırmaq üçün ona lazımi (konkret) kömək edilməsi də nəzərdə tutulmalıdır. Müəllimin dərsə hazırlaşması işi vacib məsələdir. Həmin hazırlıq xüsusilə dərsdə Ģagirdlərə mənimsədiləcək təlim materialını seçməkdən, dərsin keçilmə metodlarını müəyyənləşdirməkdən, Ģagirdlərin təlim əməyini düzgün təşkil etməkdən və s. ibarətdir. Dərsə yaxşı hazırlıq müəllimə məşğələ gedişində biliklərin şagirdlər tərəfindən mənimsənilməsinə diqqəti cəmləşdirmək imkanı verir. Bunu nəzərə alaraq, müəllimin dərslərə keyfiyyətli hazırlaşması üçün məktəb rəhbərlərinin ciddi səy göstərmələri çox vacibdir. Təcrübə göstərir ki, müəllimin ayrı-ayrı dərslərə hazırlaşmasında mövzu üzrə tədris işinin metodik planlaşdırılması böyük rol oynayır. Onun üstünlüyü ondan ibarətdir ki, müəllim bütövlükdə mövzunun əsas məsələlərini, ayrı-ayrı dərslərin məşğələlərini müəyyənləşdirməyə, proqramın müəyyən hissəsi üzrə hər bir dərsin məşğələlər sistemində nə kimi yer tutduğunu aydınlaşdırmağa imkan tapır. Bununla da məlum mövzu üzrə hər bir dərsdə şagirdin alacağı biliyi, bacarıq dairəsini və tərbiyəvi əhəmiyyətə malik materialı daha dəqiq müəyyənləşdirməyə nail olur. Habelə hər bir dərs üçün lazım olacaq praktik işləri, ekskursiyaları və s. qabaqcadan qeydə ala və bölüşdürə bilir. Tədris proqramının bu və ya digər mövzusunu təlim nəzəriyyəsinə və qabaqcıl müəllimlərin təcrübələrinə əsaslanaraq aşağıdakı qaydada (fənnin xüsusiyyətlərini nəzərə almaqla) planlaşdırmaq olar:
1) öyrəniləcək mövzunun təhsil və tərbiyə vəzifəsini müəyyənləşdirmək;
2) mövzu materialının həyat təcrübələri və şagirdlərin əməyi ilə əlaqəsinin mümkün olan növlərini aydınlaşdırmaq;
3) mövzu öyrənilən zaman işin ardıcıllığını və üsullarını müəyyənləşdirmək;
4) mövzunun keçilməsi (tədris) vaxtlarını müəyyən etmək;
5) mövzu materialını ayrı-ayrı dərslər üzrə bölüşdürmək;
6) mövzu üzrə müvafiq sinifdənxaric işləri qeydə almaq.
Ümumlikdə təcrübələr göstərir ki, təhsil müəssisələrində təlim prosesini təkmilləşdirən, qaydaya salan və təhsilin nüfuunu yüksəldən müəllimlərdir.

Hazırladı. Cavid Əli oğlu Turan DMDT İB-in sədr müavini, 317 saylı tam orta məktəbin müəllimi