Sinif rəhbərinin tərbiyəvi iş planı necə olmalıdır və tərtibi qaydaları

Sinif rəhbərinin tərbiyəvi iş planı

Sinif rəhbəri rəhbərlik etdiyi sinifdə təlim-tərbiyə işini planlaşdırarkən  tərbiyənin məqsəd və vəzifələrini nəzərə almalıdır.

Sinif rəhbəri rəhbərlik etdiyi siniflə bağlı olaraq təlim-tərbiyə işini planlaşdırarkən sinif rəhbəri həm tərbiyənin məqsəd və vəzifələrini nəzərə almalı, həm də məktəbin ümumi iş planı ilə hesablaşmalıdır. Sinif rəhbəri tədbirlər planı hazırlayarkən sinfin bilik və tərbiyəlilik səviyyəsini, onların maraq və tələbatlarını, psixoloji key-fiyyətlərini nəzərə almalıdır. Sinfin tərbiyə işlərinə aid plan illik və yarımillik tərtib edilir. Daha sonra sinif rəhbəri öz işini daha konkret qurması üçün “Aylıq təqvim plan” da tutması işin xeyrinədir. Bu tor – qrafik formasında tutula bilər ki, bu da daha konkret xarakter daşıyır. Təlim-tərbiyə işini planlaşdırarkən sinif rəhbəri hansı tələbləri əsas götürməlidir?
Bu tələblər aşağıdakılardır:
1) Məqsədəuyğunluq;
2) optimallıq;
3) planın reallığı;
4) konkretlik (icra vaxtı və məsul şəxs dəqiq göstərilməli);
5) yaşauyğunluq;
6) yerli şəraitin nəzərə alınması;
7) perspektivlik və işdə rejimin təmin edilməsi.

Sinif rəhbəri öz işini planlaşdırarkən “Məktəblilərin tərbiyə edilməsinin nümunəvi məzmunu”nu əsas götürməlidir. Sinfin iş planı müəyyən ardıcıllıqla qurulmalıdır. Adətən, iş planının əvvəlində sinfin ümumi səciyyəsi verilir. Buna çox zaman sinfin pasportu da deyilir. Sonra sinif fəallarının xarakteristikası verilir və sinfin qarşısında duran tərbiyəvi tədbirlər qeyd edilir. Sonrakı bölmə “Şagird kollektivi ilə aparılan işlər” adlanır. Burada bir tədris ili ərzində şagirdlərlə aparılacaq tərbiyə işlərinin əsas məzmunu planlaşdırılır. Bura daxildir: Şagirdlərlə aparılan intellektual tərbiyə işləri; Əxlaq tərbiyəsi üzrə aparılan işlər; Şagirdlərin mənəvi tərbiyə məsələləri; Əməksevərlik tərbiyəsi; Estetiik tərbiyə; Fiziki tərbiyə və sağlamlıq işləri; Uşaq birliyi və Gənclər təşkilatı ilə aparılan işlər; “Valideynlərlə aparılan işlər” Tədbirlərin təşkili zamanı sinif rəhbəri tərbiyəyə kompleks yanaşma prinsipinin tələblərini əsas götürməli və hər bir tədbirin məzmununu müəyyənləşdirərkən bu prinsipin tələblərindən çıxış etməlidir. Planlaşdırma işlərində və ümumiyyətlə tərbiyə işlərinin təşkilində şagirdlərin fərdi xüsusiyyətlərini, onların həyat şəraitini öyrənmək tərbiyə işində çox mühüm amildir. Bu, birinci növbədə, sinif rəhbərinin vəzifəsinə daxildir. Sinif rəhbərinin işinin müvəffəqiyyəti və səmərəliliyi hər bir şagirdin daxili aləmini, psixologiyasını dərindən bilməkdən də asılıdır. Həqiqətən də məktəblilərin fərdi xüsusiyyətlərini yaxşı bilmədən onları düzgün tərbiyə etmək mümkün deyildir. Sinfin tərbiyə işinin səmərəli təşkili və həyata keçirilməsi üçün onun məqsədyönlü, real, məzmunlu və aydın planlaşdırılması zəruridir və vacibdir. Sinif şagirdləri ilə aparılacaq işlərin düzgün planlaşdırılması tərbiyə prosesinin səmərəsinin və keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır.
Sinif rəhbərinin tərtib etdiyi tərbiyəvi iş planı iki başlıca məqsəd güdməli, iki mühüm tələbə cavab verməlidir:
1) Sinif rəhbərinin iş planı məktəbin qarşısında qoyulan təlimtərbiyə prosesinin xüsusiyyətlərinə;
2) Habelə sinfin xüsusi inkişaf səviyyəsinə, real imkan və tələblərinə uyğun şəkildə konkret və aydın olmalıdır.
Sinif rəhbəri tərbiyəvi iş planını müasir məktəbin məqsəd və vəzifələrini, öz sinfinin ümumi inkişaf səviyyəsini və vəziyyətini, ayrı-ayrı şagirdlərin fərdi xüsusiyyətlərini, ailə vəziyyətini, maddi imkanını, fiziki və mənəvi tələbatını və s. nəzərə alaraq tərtib etməli və hazırlamalıdır. Sinif rəhbərinin iş planı mürəkkəb, çoxcəhətli və maraqlı səciyyə daşıyan sənəddir. Bu sinif rəhbərinin ən məsuliyyətli işinin mahiyyətini aşkara çıxarır. Buna görə də bir məktəbdə eyni adlı ayrı-ayrı siniflər (məsələn; VIIa, VIIb, VIIc və s.) üzrə işləyən sinif rəhbərlərinin tərbiyə işlərinə aid planları tamamilə eyni deyil, bir-birindən müəyyən dərəcədə fərqli olur. Sözsüz ki, iki qoşa siniflərdə bir planla müvəffəqiyyətlə işləmək mümkün deyildir və olmaz. Sinif rəhbərinin iş planı, adətən, rüblük, yaxud yarım illik hazırlanır. Sinif rəhbərinin iş planında, ilk növbədə, sinif haqqında ümumi informasiya faktları (“Sinfin pasportu”) verilir. Sinif rəhbəri planının “Sinif pasportu” adlı giriş hissəsində sinifdəki şagirdlərin ümumi sayı, o cümlədən oğlan və qızların, əlaçıların miqdarı, hətta uşaqların soyadı və adları da göstərilməlidir. Bu məlumatla bərabər, həmin hissədə sinif rəhbərləri sinif nümayəndəsinin, sinif divar qəzetinin redaksiya heyəti üzvlərinin, Uşaqlar birliyi təşkilatının, sinif valideyn komitəsi üzvlərinin soyadı və adlarını qeyd edirlər. Bunlardan əlavə, planda sinfin səviyyəsini və fəaliyyətini ümumi şəkildə səciyyələndirən qısa xarakteristika verilir. Daha sonra isə planın giriş hissəsində tədris ilinin yarım ili, yaxud il ərzində sinfin qarşısındakı vəzifələr müəyyənləşdirilir və aydın göstərilir. Bölmələr adı altında həyata keçirilməsi nəzərdə tutulan tərbiyəvi işlər və tədbirlər planda konkret və aydın şəkildə yazılır və onun icra olunması tarixi də qeyd olunur. Uşaqlar birliyi və Gənclər təşkilatlarının iştirakı ilə birgə aparılacaq işlər, görüləcək tədbirlər göstərilir, bu tədbirlərin həyata keçirilməsi üçün məsul şəxslərin, cavabdeh rəhbər şagirdlərin, sinif şagird təşkilatlarının soyadları və adları da qeyd olunur. Bəzən sinfin tərbiyəvi tədbirlərində müdiriyyətin nümayəndələrinin, sinif valideyn komitəsinin üzvlərinin, ayrı-ayrı valideynlərin və s. iştirakı zəruri olur və onlar sinfin sinifdənkənar müəyyən tədbirlərində iştirak etməli olurlar. Bəzən də sinif kollektivi və ya onun fəal üzvləri, ayrı-ayrı rəhbər təşkilatçı şagirdləri məktəb üzrə təşkil edilib keçirilən müəyyən tədbirlərdə (fənn gecələrində, idman yarışlarında və s.) bir yerdə fəal iştirak edir, belə işlərə cəlb edilirlər. Bütün bu tədbirlər sinif rəhbərinin tərbiyə işlərinə illik iş planında öz əksini tapmalı və aydın qeyd olunmalıdır. Sinfin tərbiyə işlərinə aid iş planı belə layihə şəklində hazır olduqda, onunla əvvəlcə sinif fəallarının, sonra isə sinfin bütün şagirdlərinin tanış edilməsi zəruridir. Bu tanışlığı “sinif saatı”nda həyata keçirmək mümkündür. Bu zaman şagirdlərə planda həyata keçirilməsi nəzərdə tutulan ayrı-ayrı konkret maddələr və məsələlər ilə bilavasitə yaxından tanış olur və real vəziyyətdən çıxış edərək öz mənəvi maraq, arzu və təklifləri ilə sinfin qarşısına qoyulan perspektiv vəzifələrin, tədbirlərin daha da zənginləşməsində fəal iştirak edirlər. Sinfin iş planında şagird kollektivinin rəy, arzu və istəklərinin nəzərə alınması planda göstərilən həmin işləri şagirdlərin həvəslə və ləyaqətlə həyata keçirməsinə maraq və imkan yaradır, habelə onların təşəbbüskarlığını, məsuliyyətini, fəallığını artırır. Şagirdlərin arzu etdikləri və özlərinin əqli,fiziki, əxlaqi, əmək, estetik tələbatı üçün zəruri və faydalı bildikləri tədbirlərin daha yüksək səviyyədə təşkili və keçirilməsində böyük həvəslə və fəal iştirak edir və onları ləyaqətlə həyata keçirməyə nail olurlar. İş planının layihəsi müzakirə olunarkən sinif rəhbərinin rəhbər rolu, aparıcı mövqeyi mühafizə olunur və yalnız şagirdlərin fəallaşdırıcı təklifləri nəzərə alınır və plana daxil edilir sinif rəhbəri müzakirə vaxtı məktəbin məqsəd və vəzifələri baxımından şagirdlərin rəy və çıxışlarına mütləq münasibət göstərir, onlara düzgün təlimat və istiqamət verir. İş planı tam hazır olduqda və müdiriyyət tərəfindən bəyənilib təsdiq edildikdə, sinif rəhbəri onun əsasında işə başlayır və işləyir. Belə ki, o, vaxtaşırı sinfin iş planını nəzərdən keçirib oradakı maddələrə, məsələlərə diqqətlə baxıb, nəzərdə tutulan tədbirləri bir-bir sinfin şagirdləri və aidiyyəti olan şəxslərlə birlikdə konkret vaxtda təşkil edir və həyata keçirir. Görülmüş işləri, həyata keçirilmiş tədbirləri isə icra edilmiş iş kimi, həmçinin icra edilməmiş tədbirləri, onların yerinə yetirilməməsinin obyektiv səbəblərini konkret şəkildə planın “Qeyd” qrafasında qeyd edib yazır