Müasir müəllim necə olmalıdır?

Müstəqil Azərbaycan təhsil sisteminin beynəlxalq sistemə inteqrasiyası üçün bu sahədə çoxlu dəyişikliklər, islahatlar gedir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yeni əsrdə cəmiyyətin və insanların inkişafı üçün yaradıcı, müstəqil düşünən və inkişaf edən şəxsiyyət formalaşmalı, yetişdirilməlidir. İndi hər birimiz bilirik ki, Azərbaycan təhsilinin qarşısında duran ən əsas məsələlərdən biri yüksək mədəniyyətli, mütərəqqi dünyagörüşlü, insan hüquqları və azadlıqlarına hörmət etməklə müstəqil və yaradıcı düşünmə qabiliyyətinə malik, vətənpərvər şəxsiyyət yetişdirməkdir. Təhsil sisteminin qarşısında duran bu məsələnin həlli üçün ilk növbədə müəllim özü keyfiyyətcə dəyişməli, «reproduktor» rolundan imtina etməli və yeni bir rolu – biliklərin əldə edilməsi yolunda bələdçi rolunu qəbul etməlidir. Deməli, müəllim təlimin yeni texnologiyasını bilməli, yeni proqram və dərsliklərdən istifadə etməli, ən başlıcası isə hörmətli nazirimizin dediyi kimi «müəllim öz pedaqoji fəaliyyəti dövründə mütəmadi olaraq metodiki və professional» səviyyəsini yüksəltməli, elmi-nəzəri biliklərini artırmalıdır. Müəllimin tərbiyəvi fəaliyətinin tərkib hissələrindən biri də şagirdlərin mənəvi tərbiyəsidir. Xalqımıza məxsus milli-mənəvi dəyərlərin qorunması sahəsində şagirdlərin tərbiyələndirilməsi, onlara nizam-intizam, şagird davranışı, geyim, müəllim-şagird-valideyn münasibətlərində mövqeyi, böyüklərə hörmət, kiçiklərə qayğı prinsiplərinə riayət etməsi və sair kimi vərdişləri aşılamaq son dərəcə vacibdir. Ümummilli liderimiz Heydər Əliyev öz çıxışlarından birində demişdir: «Biz çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi, milli ənənələri əsasında tərbiyə edilsinlər». Milli adət və və ənənələrimizə hörmət etmək, onu qoruyub saxlamaq, milli musiqimizin, şifahi xalq ədəbiyyatımızın incilərini bilmək, Azərbaycanın görkəmli şəxsiyyətlərini tanımaq, qədim tarixi abidə və əraziləri öyrənmək ruhunda şagirdləri tərbiyə etmək müəllimin borcudur. Müəllim öz geyimi, davranışı, nəzakəti, yüksək intellekti ilə şagirdə şəxsi nümunə olmalıdır. Belə olduqda şagird müəlliminə oxşamağa çalışır, müəllimi ideallaşdırır. Müəllim etikası yüksəkdirsə, müəllimdə ətrafdakı əşyalara düzgün qiymət vermək, gözəllikləri görmək qabiliyyəti yüksəkdirsə, bu, mütləq şagirdə təsir edir, onun seçimi, etik və estetik tərbiyəsi inkişaf edir. Məktəbdə keçirilən sinifdənxaric tədbirlər şagirdlərin bu sahədə inkişafına çox təsir göstərir. Bütün bu yuxarıda göstərilənlər müasir müəllimdə cəmlənməli keyfiyyətlərdir. Müəllimə ən düzgün qiyməti şagird verir. Gəlin düşünək…