Bəs sinif rəhbəri şagirdləri hansı metodlarla öyrənə bilər?

Sinif rəhbəri  öyrənmənin təbiiliyi, həyatiliyi və obyektivliyi təmin edir…..
Sinif rəhbəri sinfə aid sənədləri tərtib edir, gündəliklərin və şagirdlərin şəxsi işlərinin vəziyyətinə nəzarət edir. Sinif rəhbərinin əsas fəaliyyət sahələri aşağıdakılardır:
1. Ayrı-ayrı şagirdləri və sinif kollektivini davamlı öyrənmək;
2. Şagird kollektivini təşkil etmək, vəzifə bölgüsü aparmaq;
3. Müəllimlərin tərbiyəvi fəaliyyətini tənzim etmək;
4. Sinifdənxaric tərbiyə işlərini təşkil etmək;
5. Şagirdlərin biliklərə dərindən yiyələnməsinə nəzarət etmək;
6. Şagirdlərin əxlaq tərbiyəsi ilə bağlı təcrübə qazanmasına və davranışlarına nəzarət etmək;
7. Şagirdlərdə davranış mədəniyyətinin tərbiyə edilməsi;
8. Valideynlərlə iş aparmaq

  1. a) Sinif rəhbəri sinif jurnalını səliqəli tərtib edib hazırlayır və həmişə nizami qaydada aparır. O, tədris ilinin əvvəlində müdiriyyətdən sinif jurnalını qəbul edib, onu tələb olunan qaydada səliqə ilə yazıb hazırlayır və onun müəllimlər tərəfindən həmişə səliqəli yazılmasına və aparılmasına nəzarət edir. Sinfin bütün şagirdlərinin gündəliklərinin olması və onun normal aparılması qayğısına qalır və onu təmin edir, hər gün keçirilən fənnlər üzrə hər dərsdə şagirdlərə verilmiş qiymətlərin orada düzgün və səliqəli yazılmasını və aparılmasını, hər həftə gündəliklərin valideynlərə göstərilib imza etdirilməsini isə müəllimlərdən tələb edir və ona nail olur. O, vaxtaşırı şagird gündəliklərini yoxlayıb, qiymətlərin orada düzgün yazılmasına nəzarət edir, hər rübün sonunda şagirdlərin rüblük qiymətlərini gündəliyin axırındakı xüsusi qrafaya köçürür. Sinif rəhbəri şagirdlərin şəxsi işlərini diqqətlə nəzərdən keçirib normal vəziyyətdə hazırlayır, dərs ilinin sonunda hər şagirdə onun təlim-tərbiyə fəaliyyəti, şagirdlər üçün qaydalara necə riayət etməsi, məsuliyyəti, intizamı, mədəni davranışı və xasiyyəti haqqında xüsusi xarakteristika tərtib edir. O, tədris rüblərinin sonunda müəllimlərin razılığı ilə şagirdlərin rüblük, ilin axırında isə illik qiymətlərini-təlim müvəffəqiyyətlərini müəyyənləşdirib qiymət cədvəllərinə (sinif jurnalına) köçürüb yazır və bu barədə məktəbin rəhbərliyinə rəsmi məlumat verir. O, öz sinfində aparacağı təlim-tərbiyə işlərinə aid rüblük və ya yarımillik iş planları yazıb hazırlayır, sinif şagirdləri ilə il ərzində həyata keçirilmiş bütün təlim-tərbiyə işləri barədə dərs ilinin sonunda ətraflı hesabat yazır və məktəb müdiriyyətinə təqdim edir, rəsmi hesabat verir.
  2. b) Sinif rəhbəri sinfin tərbiyə vəzifələrini müəyyən edir və onları həyata keçirir. Şagirdlərin fərdi xüsusiyyətlərindən asılı olaraq bu vəzifələrin həyata keçirilməsinin vasitə və metodları da müxtəlif ola bilər. Belə ki, bəzi şagirdləri tərifləmək, digərlərinə əmr vermək, başqalarını isə davranış qaydalarını pozduqlarına görə tənbeh etmək lazım gəlir. Deməli, şagirdləri düzgün tərbiyə etmək üçün onlara fərdi yanaşmağı bacarmaq lazımdır. Fərdi yanaşma isə yalnız şagirdləri dərindən və hərtərəfli bilmək əsasında mümkün ola bilər.
    c) Sinif rəhbəri şagirdləri öyrənərkən aşağıdakı tələblərə əməl etməlidir:

    Öyrənmə tərbiyə və təlimin keyfiyyətinin yüksəlməsini təmin etməlidir;
    2. Öyrənmə planlı və sistematik aparılmalıdır;
    3. Öyrənmənin təbiiliyi, həyatiliyi və obyektivliyi təmin edilməlidir;
    4. Şagirdlər fəaliyyətdə öyrənilməli və tərbiyə edilməlidir;
    5. Öyrənmə zamanı müxtəlif metod və tərzlərdən istifadə edilməlidir;
    6. Şagird bütövlükdə və tam öyrənilməlidir. Bu tələblərin hər biri haqqında müəllim tələbələrə ətraflı izahat verməlidir. Adətən, öyrənmə prosesində şagirdin ümumi və sosial inkişafı, onun mənəvi siması, səciyyəvi xüsusiyyətləri, intizamlılığı, təlim əməyi, davranış mədəniyyəti və digər keyfiyyətləri aydınlaşdırılır. Bununla bərabər, məktəblinin həyat və məişət şəraiti ilə tanış olmaq, onun kiminlə dostluq etdiyini, asudə vaxtını necə keçirdiyini, nə ilə məşğul olduğunu aydınlaşdırmaq lazımdır. Şagirdlərin diqqəti, hafizəsi, təfəkkürü və digər psixi proseslərinin xüsusiyyətləri də öyrənilməlidir. Sinif rəhbərinin şagirdləri pedaqoji cəhətdən öyrənməsi üçün təqribi planı olmalıdır.
    ç) Kollektivdə yoldaşlıq əlaqələrinin xarakteri: məktəbliləri nə birləşdirir (yaşayış yerlərinin ümumiliyi: partada bir yerdə oturmaq, maraqlar, ümumi iş), şagirdlər harada dostluq edirlər (məktəbdə və ya məktəbdən kənarda), onlar yoldaşlarına necə kömək göstərirlər, dostlarına qarşı tələbkardırlarmı, fiziki qüsuru olan şagirdlərə düzgün münasibət bəsləyirlərmi və s. Bundan başqa, sinif rəhbərinin öyrənmə proqramına “Sinfin fəalları ilə iş”, “Sinif kollektivinin ümumməktəb kollektivi ilə əlaqəsi”, “Sinif kollektivinin daha da möhkəmləndirilməsi tədbirləri” və s. bölmələri daxil edilir. Bəs sinif rəhbəri şagirdləri hansı metodlarla öyrənə bilər? Sinif rəhbəri şagirdlərini öyrənmək üçün aşağıdakı metodlardan istifadə edə bilər: 1. Şəxsi işlərlə tanışlıq: şagirdin sağlamlığı, təhsil səviyyəsi, tərbiyəlilik səviyyəsi.
    2. Keçən ilki sinif jurnalı ilə tanışlıq .
    3. Sabiq sinif rəhbəri və sinfin müəllimlərilə söhbət.
    4. Direktor və onun müavinlərinin məlumatı.
    5. Şagirdlərlə şəxsi görüşlər (tədris ilinin əvvəlində və sonunda).
    6. Valideynlərlə söhbət.
    7. Pedaqoji müşahidə.
    8. Şagirdlərlə müsahibələr.
    9. Pedaqoji eksperimentlər.
    10. Şagirdlərin fəaliyyət məhsullarının öyrənilməsi;
    11.Müəllimlərlə söhbət;
    12.Anketlər;
    13.İnşa yazılar;
    14.Ev şəraitinin öyrənilməsi;
    15.Dolayı xarakteristikaların ümumiləşdirilməsi (bu zaman sinif rəhbəri şagirdlər haqqında başqa şəxslərdən aldığı məlumatları özündə olan materiallarla müqayisə edir);
    16. Şagirdlərin qarşılıqlı əlaqələrinin, dostluq münasibətlərini sosiometrik metodlarla öyrənilməsi.