Gün-gündən təhsil sferasında qəbul edilən qərar və fərmanlar tədris prosesinin keyfiyyətini əsas götürür. Təhsil prosesinin keyfiyyəti isə bir mənalı olaraq şagirdin və ya tələbənin tədris olunan fənn və ya mövzunun qavramasından bir başa olaraq asılıdır. Qeyd edilən məsələnin həlli üçün informasiya texnologiyalarının tətbiq edilməsi məqsədə uyğundur.

Azərbaycan Respublikasının Prezidenti 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamını əsas götürərək deyə bilərik ki, peşə təhsilində də kompüterləşdirilmə məsələsi olduqca vacibdir. Onu da nəzərə almaq lazımdır ki, peşə təhsili praktikaya əsaslanan təhsil sistemidir. Onda dərs prosesində kompüterləşdirilmiş auditoriyaların qurulması və praktik tədris prosesinin təşkil edilməsi şərtdir.

İNOVA Təlim-Tədris Mərkəzində qeyd edilən problemin həlli üçün kompüterləşdirilmiş tədqiqat mərkəzi yaradılmışdır. Belə ki, İNOVA Təlim-Tədris Mərkəzi elektrik-elektronika sahəsində professor müəllim heyəti ilə birlikdə innovativ və müasir təhsil proqramı əsasında dərs prosesini təşkil edir. Müasir texnologiyaların tətbiqi ilə müxtəlif təyinatlı elektrik-elektron avadanlıq və cihazların təmir və servisi praktik məşğələlərlə şagirdlərə öyrədilir. Mərkəzdə praktik fəaliyyət üstünlük təşkil etdiyi üçün tədqiqat mərkəzi texnologiyanın son naliyyətləri (müasir rəqəmsal ölçü cihazları, rəqəmsal osilloqraflar, generatorlar) ilə təhçiz edilmişdir     (şəkil 1). Mərkəzdə tədris olunan “Elektrotexnika”, “Elektronika və Elektrik ölçmələri” fənlərinin daha yadda qalan olması və şagirdlər tərəfindən əsan qavranılması üçün kompüterləşdirilmiş auditoriyalardan istifadə olunur. Tədris olunan fənlərin nəzəri hissəsi şagirdə çatdırıldıqdan sonra nəzəriyyədən praktikaya keçid edilir.

Praktik məşğələlər  müxtəlif elektron simulyasiya və vizualizasiya proqramları vasitəsilə təşkil olunur. EWB, Proteus 8.0 proqramları qeyd edilən fənlərin tədrisində aktiv istifadə olunur. Proqramların tədris prosesində istifadə üstünlükləri aşağıdakılardır.

  1. Bütün növ elektron sxemlərin simulyasiyası
  2. Real element bazasından istifadə edilərək sxemin imitasiyası
  3. Sxemin istənilən düyün nöqtəsində analiz aparmaq
  4. Dərs prosesinin yadda qalan və asan dərk edilməsi

Misal üçün deyə bilərik ki, Elektronika fənninin bir bölməsi olan diodlar bəhsinin Proteus 8.0 proqramı vasitəsilə izahatı bir çox praktik üstünlüklərə malikdir. Proqramın element kitabxanasından qida mənbəyi, diod,  rezistor seçilərək işçi sahəyə daxil edərək dövrəni qura bilərik. Bundan sonra işçi sahəyə osilloqraf daxil edərək dioda birləşdirək. Osilloqraf vasitəsilə diodun kəsmə və ötürmə rejimləri siqnal səviyyəsində imitasiyası mövzunun dərk edilməsini sadələşdirir. Proqramın digər üstün cəhətlərindən istifadə edərək diodun Volt-Amper xarekteristikasını qurmaq olar.