Ümumi təhsil elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını və əmək fəaliyyətinə hazırlanmanı təmin edən təhsil pilləsidir”
Ölkəmizdə təhsil sahəsində daha bir yenilik – “Ümumi Təhsil haqqında” qanun layihəsinin müzakirələri aparılır. Hazırda qüvvədə Təhsil haqqında qanun ola-ola bu növbəti qanunun qəbulu hansı zərurətdən yaranıb? Yeni qanun özündə hansı yenilikləri ehtiva edəcək? Bu və digər suallarımıza cavab almaq və yeni yaranan situasiyanın təxmini mənzərəsini ictimaiyyətə açıqalamaq niyyətilə CRG Tədris Mərkəzinin direktoru, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədr müavini Cavid Cəfərzadəyə müraciət etdik.
Nəzərinizə çatdırmaq istəyirəm ki, bu qanun Azərbaycan Respuiblikası Konstitutsiyasına uyğun olaraq, Azərbaycan Respublikasında ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
– Cavid müəllim, ilk bilmək istərdik ki, “Ümumi təhsil” anlayışı nədir?

İlk öncə şərait yaratdığınız üçün sizə dərin təşəkkürümü bildirirəm. Qaldı ki, ümumi təhsil anlayışına, istər pedaqoji, istərsə də təhsil qanunvericiliyi cəhətdən yanaşsaq ümumi təhsil anlayışı geniş bir məhfumu özündə əks etrdirən normadır. Təbii ki, bir təhsil işçisi, xüsusilə də ümumi təhsil pilləsində çalışan bir təhsilverən olaraq bu sualınızın cavabını yeni qəbul olunacaq layihə əsasında vermək istəyirəm. Ümumi təhsil Azərbaycan təhsilində müəyyən olunmuş təhsil pillələrindən biridir ki, onun açması həm Təhsil haqqında qanunda, həm də qəbul olunacaq Ümumi təhsil haqqında qanun layihəsində göstərilmisdir. Belə ki, ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, eləcə də onların həyata və səmərəli əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsidir.  Həmçinin ümumi təhsil təhsilalanların azad düşüncə ruhunda, insan hüquqları və azadlıqları ruhunda tərbiyə almasına, bütün vətəndaşların bərabər şəkildə təhsil almasına zəmanət verən bir normadır. Ümumi təhsil təhsilalanların fiziki və intellektual inkişafina, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə geniş imkanlar yaradır.
– Bu qanunu mövcud Təhsil haqqında qanundan fərqləndirən amillər…

Əslində 2009-cu ildə qəbul olunmuş Təhsil haqqında qanun Azərbaycan təhsil qanunvericiliyinin baza rolunu oynayır. Bütün demək olar ki, təhsil sahəsinə aid olan normativ hüquqi sənədlər təhsil haqqında qanuna əsasən hazırlanmışdır. Ancaq bəzi məsələlərdə təhsil haqqında qanun sadəcə bir yol kimi istiqamət verir. Artıq dövrün tələbi və zamanın inkişafı Azərbaycanın beynəlxalq arenaya qoşulduğu və qovuşduğu bir zamanda yeni bir qanunun qəbulu qaçılmazdır. Əslində yeni qəbul olunacaq layihə də Təhsil haqqında qanuna əsasən hazırlanmışdır. Ümumi təhsil anlayışı təhsil haqqında qanunun 19-cu maddəsində sadəcə 21 bənddə qısaca məlumat verilmişdir. Bu günə qədər 2011-ci ildə qəbul olunmuş Ümumi təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi əsasında ümumi təhsil müəssisələrinin fəaliyyəti tənzimlənirdi. Çünki ümumi təhsilə aid daha zəngin normativ hüquqi sənəd məhz bu idi. Yeni qəbul olunacaq qanun  birbaşa bütün tənzimlənməni öz üzərinə götürərək vahid bir mərkəzdən idarə olunacaq. Ona görə də ümumi təhsil haqqında qanunun qəbulu qaçılmazdır. Milli Məclisdə ikinci oxunuşdan sonra layihə qəbul olunmuşdur. Novbəti mərhələdə isə qanun dərc ediləcəkdir. Maraqlı məqam ondan ibarətdir ki, bəzi təhsil işçiləri hesab edirlər ki, Təhsil haqqında qanun ləğv olunacaq. Xeyr belə deyil. Təhsil haqqında qanun bütün təhsil sahəsinə aid olan normativ hüquqi sənədlərin qəbulunda baza rolunu oynayan topludur, sənədlər toplusudur. İndi təhsil qanunvericiliyində müəyyən olunmuşdur ki, Məktəbəqədər, Ümumi təhsil, İlk-peşə ixtisas, Orta ixtisas, Ali təhsil pilləsi mövcuddur. Bütün pillələr haqqında onların fəaliyyətinin tənzimlənməsi Təhsil haqqında qanunda öz əksini tapmışdır. Sadəcə 2017-ci ildə Məktəbəqədər təhsil haqqında qanun qəbul olundu. Peşə təhsili haqqında qanun qəbul olundu. Belə olduğu təqdirdə niyə bəs Ümumi təhsil haqqında qanun qəbul olunmasın. 11 illik fəaliyyəti gələcəkdə Strategiyada nəzərdə tutulan 12 illik bir təhsili əhatə edən sahənin normativ hüquqi sənədi zəngin olmasın. Elə ona görə də dövrün və zamanın tələbinə uyğun olaraq bu qanun layihəsi hazırlandı. Geniş bir sahəni, yəni ümumi təhsili əhatə edən bu qanun layihəsi qəbul olunsa ümumi təhsil sahəsində mütərəqqi bir inqilab baş vermiş olacaqdır.
Ümumi təhsil haqqında qanunun qüvvəyə minməsi ilə avtomatik olaraq Nümunəvi Nizamnamə qüvvədən düşəcəkmi?

Çox gözəl bir yanaşmadır. Xeyr. Ümumi təhsil haqqında qanun qəbul olunsa Nümunəvi Nizamnamə ləğv olunmayacaq. Ən azından bu cür söyləmək olar ki, ümumi təhsil müəssisələrinin fəaliyyətini tənizmləmək üçün onların öz nizamnaməsinin mövcud olması zəruridir. Asanlıqla söyləmək mümkündür ki, yeni qəbul olunacaq layihənin 4.0.7- ci bəndində, 12.15-ci bəndində nizamnamə anlayışı göstərilmişdir. Yeni qəbul olunacaq qanunun 12-ci maddəsinin 15-ci bəndinə uyğun olaraq ümumi təhsil müəssisəsi mülkiyyətindən, tabeliyindən, növündən asılı olmayaraq Təhsil haqqında qanuna, Ümumi təhsil haqqında qanuna və Nümunəvi Nizamnaməyə uyğun olaraq idarə ediləcəkdir. Ona görə də asanlıqla demək mümkündür ki, yeni qanun qəbul olunacağı təqdirdə Nümunəvi Nizamnamə qüvvədən düşməyəcək, əksinə yeni qanuna uyğun olaraq yenidən hazırlanacaqdır.
– Sizin fikrinizcə, yeni qanun layihəsində təhsildən yayınmanın qarşısının alınması üçün nəzərdə tutulan qaydaların tətbiqi hansı effekti verəcəkdir? 

Çox gözəl bir sualdır. Əslində bu sualı gözləyirdim. Çünki hal-hazırda mövcud olan təhsil sənədlərində ümumi təhsildən yayınan təhsilalanların valideynləri və ya qanuni nümayəndələri üçün  hər hansı bir cəza və ya məsuliyyətə cəlb olunma yoxdur. Yeni qəbul olunacaq ümumi təhsil haqqında qanunun tələblərinə görə təhsildən yayınan, xüsusilə də 9 illik icbari təhsildən yayınan şəxslərin valideyn və ya digər qanuni nümayəndələri inzibati və mənəvi məsuliyyətə cəlb olunacaqdır. Bir təhsil işçisi olaraq bu maddənin, bu fikrin qanuna əlavə olunmasını alqışlayıram. Hər bir kəsin dilindən, dinindən, irqindən,cinsindən, sosial mənşəyindən, milli mənsubiyyətindən asılı olmayaraq təhsil almaq hüququ vardır. Heç bir kəs, valideyn belə olsa uşaqların təhsil hüquqlarını məhdudlaşdıra bilməz. Uşaq hüquqları haqqında qanuna əsasən uşaqların təhsil almaq hüququ vardır, uşaqların sağlamlığını qorumaq hüququ vardır. Bu hüquqları məhdudlaşdıran hər hansı bir əqd, hərəkət və ya hərəkətsizlik etibarsızdır. Bu maddənin layihəyə əlavə olunması da bəzi bölgələrdə qız uşaqlarının təhsildən yayınaraq erkən nigaha daxil olmasının qarşısını alacaqdır. Elə odur ki, bəzi övladlarının taleyini məhv edən valideyn və ya qanuni nümayəndələri yeni qanunla böyük cəza gözləyir.
Cavid müəllim, bu qanun qəbul olunacağı təqdirdə hansı müəssisələrə şamil edilməyəcək?

Yeni qanun layihəsində göstərilmişdir ki, ümumi təhsil haqqında qanun tabeliyindən, mülkiyyətindən və formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrinə şamil ediləcəkdir. Yeni qanun yalnız dini təhsil müəssisələrinə və konsul və diplomatik səfirliklərin nəzdində fəaliyyət göstərən təhsil müəssisələrinə şamil edilməyəcəkdir.
İstər Təhsil qanununda, istərsə də nümunəvi Nizamnamədə müəyyən edilmiş Təmayülləşmə yeni qanunda da öz əksini tapırmı?

Bəli. Həm Təhsil haqqında qanunda, həm də Nümunəvi Nizamnamədə tam orta təhsil səviyyəsinin təmayülləşməsi təmin olunur. Yeni qanunda da təmayülləşmə təmin olunur. Şagirdlərin sayı 15 nəfər olmaqla təmayül siniflərin yaradılması nəzərdə tutulur. Təmayülləşmə şagirdlərin meyl, maraq və istəklərinə uyğun olaraq müəyyən edilmişdir. Tədris ili ərizndə təmayül siniflərdə şagirdlərin sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.
Yeni qanun layihəsində ümumi təhsil müəssisəsinin fəaliyyət mexanizmi üçün hansı şərtlər müəyyən edilmisdir?

Ümumilikdə ümumi təhsil müəssisələrinin fəaliyyət mexanizmi üçün əsas şərtləri müəyyənləşdirmək zəruri idi. Ona görə də ümumi təhsil haqqında qanun layihəsinə belə bir mexanizm əlavə olundu. Əsas 3 mexanizmi bilmək zəruridir. Təşkilati struktur və nizamnaməyə malik olmaq, ixtisaslı müəllim və mühəndis-pedaqoji işçilərlə təmin olunmaq, ümumi təhsilin dövlət standartlarına uyğun olaraq maddi-texniki bazaya malik olması, o cümlədən tədris avadanlıqları ilə və texnologiyalarla təmin olunması əsas vacib şərtlərdən biridir. Yeni qanunla artıq heç bir ümumi təhsil müəssisəsi Nümunəvi Nizamnamədən yan qaça bilməyəcək. Artıq Nümunəvi Nizamnaməni qəbul etmək yeni qanunla məcburi hal alacaqdır. Səbəb bu halın ümumi təhsil müəssisələrinin fəaliyyətini tənzimləməsi olacaqdır.

Yeni qanun layihəsinə görə, ümumi təhsil sistemində kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilər, kimlər məşğul ola bilməzlər? 

Əslində kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilər, kimlər məşğul ola bilməz anlayışına nəzər salsaq, bu vacib amil Təhsil haqqında qanunda öz əksini tapmışdır. Yeni layihəyə bu maddələrin, fikirlərin əlavə edilməsi yenilik yox, əsas bazaya məxsus fikirlərin ümumi təhsilə gətirilməsidir. Bəs kimlər pedaqoji fəaliyyətlə məşğul ola bilər, kimlər ola bilməz sualına bu cür cavab vermək istərdim.
a) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər:b) ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya məhkumluğu ödənilməmiş şəxslər;c) fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;d) müvafiq icra hakimiyyəti orqanının( Nazirlər Kabineti) müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməz. Bu hallara sahib olmayanlar isə pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.
Yeni qanun layihəsində ümumi təhsilin səviyyələri necə xarakterizə edilmişdir?

Bəli, əsas yeniliklərdən biri məhz elə budur. Yeni qanun layihəsinə əsasən artıq ümumi təhsil pilləsi 3 səviyyədən( İbtidai+ümumi orta+ tam orta) ibarət olmayacaqdır. Yeni qanuna əsasən məktəbəhazırlıq mərhələsi bir səviyyə kimi ümumi təhsilə daxil olmusdur. Yeni qanuna əsasən ümumi təhsil pilləsi 4 səviyyədən ibarət olacaqdır. (Məktəbəhazırlıq+İbtidai+Ümumi orta+Tam orta) Ümumilikdə Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasındada nəzərdə tutulmuşdur ki, məktəbəhazırlığın icbariliyi təmin olunsun. Çünki bu cür hədəflərin həyata keçməsi yeni qanunların qəbuluna və ya yeni layihələrin tədbiqinə səbəb olur.
Ümumi təhsil haqqında qanunda ümumi təhsil pilləsində çalışan təhsilverənlərin sertifikasiyası hansı formada tənzimlənəcəkdir?

Hazırda gündəmdə olan əsas məsələlərdən biri ümumi təhsil pilləsində çalışan təhsilverənlərin sertifikasiyası hansı formada olacaqdır. İstər qüvvədə olan Təhsil haqqında qanuna, istərsə də Əmək Məcəlləsinə uyğun olaraq yeni qəbul olunacaq ümumi təhsil haqqında qanunda da sertifikasiya məsələsi öz əksini tapmışdır. Sertifikasiyanın olması qaçılmazdır. Bəs sertifikasiya necə olacaqdır sualına isə həm təhsil qanunundan, həm də yeni qəbul olunacaq qanundan nümunə gətirərək izah verməyə çalışacam. Sertifikasiya – ümumi təhsil pilləsində çalışan təhsilverənlərin peçəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanması məqsədilə müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qurum tərəfindən həyata keçirilir. Sertifikasiyda işçinin siyasi, dini görüşləri yoxlanılmır. Onun öz ixtisasına, sənətinə, peşəsinə uyğun olub-olmaması yoxlanılır. Sertifikasiya 5 ildən bir keçiriləcəkdir. Sertifikasiyanı Nazirlər Kabineti müəyyən edir. Həyata keçirilməsi Nazirlər Kabineti tərəfindən Təhsil Nazirliyinə həvalə edilir. Serifikasiyadan keçə bilməyən şəxslər birinci dəfə müəyyən güzəşt əldə edəcəklər, ikinci dəfə isə sertifikasiyadan uğur əldə edə bilməyənlər Əmək Qanunverciliyinə uyğun olaraq müvafiq səkildə əmək müqaviləsinə xitam veriləcəkdir. Buradan belə bir sual meydana çıxır: bəs kimlər sertifikasiya olunmayacaqdır? Bu sualı istər qüvvədə olan təhsil və əmək qanunvericiliyinə, istərsə də yeni qəbul olunacaq qanuna uyğun şəkildə cavablandırmaq mümkündür.  Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində, azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikasiyada iştirak etməyəcəklər. Ümumilikdə, sertifiasiyadan keçmiş şəxsin nəticələri 5 il müddətinə qüvvədədir.