Ümumtəhsil müəssisələrində təhsil pulsuzdur. Gənc direktor fikrini bildirdi.

 

“Sanki bugünəcən tək qalmışdım. Özümü direktor kimi hiss etmirdim. İndi tamamlanmışam. Sevinirəm ki, bacım da mənim kimi arzusuna çatıb”.

Dövlət ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinin tutulması üçün elan edilən müsabiqənin ilkin yerləşdirmə nəticələri açıqlanıb.  Müsabiqədə 228 namizəd uğur qazansa da, ilkin yerləşdirmədə 104 nəfər direktor vəzifəsində təyin olunub və onlarla əmək müqaviləsi bağlanılıb.

Onlar arasında əkiz bacılar-Həqiqət və Sədaqət Şükürovalar da var.

Sədaqət Şükürova müsabiqədə 3 il iştirak etdikdən sonra, topladığı bala görə, respublikada 2-ci yeri tutub. 48 bal toplayaraq, Yevlax şəhər 2 nömrəli tam orta məktəbə təyinat alıb. Həqiqət Şükürova isə 1 il müqavilə ilə Kəlbəcər rayon 23 saylı tam orta məktəbdə əvəzçi direktor işləyib. Keçmiş direktor çalışmanın yaş həddinə çatdıqda Həqiqət xanım 40 ballıq nəticə ilə elə həmin məktəbə təyinat alıb.

“Bilirsiniz, mənim məsuliyyətim bacımla müqayisədə daha çox idi. Əvəzçi direktor işləməyən biri bu hissləri keçirə bilməz. Başqaları imtahandan kəsilə də bilərdi. Amma mən mütləq uğur qazanmalı idim, yoxsa zəhmətim əlimdə qalacaqdı. Çünki 1 il əvəzçi işlədiyim müddətdə bu məktəb üçün canımı qoymuşdum. Düşünürdüm ki, aşağı bal toplasam, müqavilə ilə işləyəndən sonra kənarlaşdırılacam və yerinə başqa biri gələcək. Bu, məsuliyyətimi daha da artırırdı. İmtahana da bu hisslə getdim, oradan qalib çıxmaq ən böyük arzum idi. Adımı o siyahıda görəndə elə fərəhləndim ki…”

“Böyüdükcə arzularımız, məqsədlərimiz də bir oldu”

Həqiqət xanım təyinatla bağlı təəssüratlarını da bizimlə bölüşür. Qeyd edir ki, direktorluq etdiyi 1 ildə məktəbdə IX siniflərin nəticəsi çox yüksək olub. Elə məktəbdəki nəticələrinə görə də onu müsahibədən kəsməyiblər:

“IX siniflərin nəticəsini bu il də eyni səviyyədə saxlamağa çalışıram. XI siniflərin ali məktəbə qəbulda yüksək nəticə göstərəcəklərinə əminəm.

Məktəbdə idman zalı yoxdur. Nəyin bahasına olursa olsun, orada idman zalı təşkil edəcəyəm. Bununla bağlı lazımı yerlərə müraciət ünvanlayacağam. Çalışacağam ki, modul tipli də olsa, onu əldə edə bilim.

Bundan əlavə, mən  gələndə bu məktəbdə 100-dən çox şagird var idi. İndi isə onların sayı 300-ə qədər artıb. Ümumiyyətlə, məktəbimiz 15 otaqdan ibarət kiçik məkan olsa da, əsl məktəbmodelindədir. “Qaçqın məktəbi” formasından  çıxıb. Qarşımda daha böyük planlar durur”.

“Məsləhətimə qulaq assa, məndən də yaxşı direktor olacaq”

“Əkiz bacınızla eyni vəzifəni bölüşmək necə hisdir?” sualına isə Həqiqət xanım belə cavab verib:

“Hələ uşaqlıqdan Sədaqətlə hər şeyi paylaşmışıq. Böyüdükcə arzularımız, məqsədlərimiz də bir oldu. Etiraf edim ki, o, məndən azca savadlıdır; daha  yuxarı bal toplayıb. Əkiz olduğumuza görə, həmişə ondan zəif olmuşam. İnanıram ki, idarəetmədə də özünü yüksək səviyyədə doğruldacaq. İnanın, bir il direktorluq etdiyim müddətdə sanki sönük idim. İndi işə daha həvəslə işə gəlirəm. Çünki bacım dadirektor oldu. Hər gün bir-birimizlə əlaqə saxlayır, yeni ideyalarımızı bölüşürük. Sanki əvvəl tək qalmışdım. İndi özümü  bütöv hiss edirəm. Sevinirəm ki, bacım da arzusuna çatıb.

Çalışıram ki, Sədaqətə öz iş prinsiplərimi başa salım. Çünki məktəb kontingentinin böyük hörmətini qazanmışam. Həmişə deyirəm ki, yaxşı direktor olmaq istəyirsənsə, öncə məktəbə maddiyyat kimi baxmamalısan. Mən hətta dərs bölgüsünü dəbütün müəllimlərin gözü qarşısında edirəm ki, şəffaflıq qorunsun. Mükəmməl direktorsansa, ilk növbədə kollektivin sənin barədə müsbət rəydə olmalıdır. Məsləhətimə qulaq assa, məndən də yaxşı direktor olacaq. İnanıram ki, Sədaqət bunu bacaracaq”.

“Bəzən direktorluqla bağlı fikir ayrılığımız yaranır”

Onun sözlərinə görə, əkiz olsalar da, bəzi məqamlarda  direktorluqla bağlı fikirlərimiz üst-üstə düşmür:

“Bacım bir az çılğın təbiətlidir. Deyir ki, müavinimişini layiqli yerinə yetirməsə, onu işdən azad edib yerinə başqasını götürəcəyəm.  Mən isə məsləhət görürəm ki, sən işləməyən insanı işlət. Həvəsləndir, qoy o da sənə baxıb işləsin. Sən kiminsə çörəyini əlindən almağa getmirsən. İdarəetmədə sənə kömək etmələri üçün işçilərə dəstək olmalısan. Bu barədə biraz fikir ayrılığımız yaranır.

Sədaqət deyir ki, şagirdlərim repetitor yanına getməyəcək. Başa salıram ki, bunun qarşısını heç cür ala bilməzsən. Nə qədər şərait yaratsaq belə, cəmiyyətdəformalaşan bir fikir var. Düşünürlər ki, uşaq repetitor yanına getmədən tələbə ola bilməz. Üstəlik, bəzi uşaqlar dərsi məktəbdə deyil, fərdi daha yaxşı qavrayırlar”.

“Kollektivi sırf “mən müdirəm” kimi deyil,  sevgi ilə idarə edəcəm”

Sədaqət Şükürovanın fikirlərinə görə isə zəif və zehinli şagirdlər arasındakı fərqi təyin etmək lazımdır ki, şagirdlərin repetitora ehtiyacı qalmasın:

“Direktor işlədiyim ilk gündən məktəbin çatışmazlıqlarını aradan qaldırmağa çalışacağam. İlk növbədə onun nəzarət sistemini ələ almaq lazımdır. Bu, maddi-texniki baza, infrastruktur, şagird sayı, siniflərin komplektləşdirilməsi və s. ilə bağlı ola bilər. Kadrların daha da təkmilləşdirilməsinə çalışacağam.

Təhsilin keyfiyyəti mükəmməl kadr, infrastruktur və şagird nəticəsi ilə ölçülür. Əsas məqsədim məktəbi qabaqcıl üç məktəbdən biri etmək, hətta birinci sıraya çıxarmaqdır.

Müəssisənin iş rejiminə ciddi nəzarət edəcəyəm. Rayonun ictimai həyatında şagirdlərin fəallığını təmin etməyə, olimpiadalarda uğur qazanmalarına çalışacağam. Kollektivisırf “mən müdirəm” kimi deyil,  sevgi ilə idarəedəcəyəm”.

“Əminliklə deyirəm ki, məktəbimdən pul yığılmayacaq”

Sədaqət Şükürova çoxsaylı direktorların təcrübəsində gördüyü, amma özünün qətiyyən yol verməyəcəyi məqamları da sadalayıb:

“Mən məktəbə maddiyat kimi baxmıram. Kollektiv olaraq üzərimizə düşən hansısa öhdəliyi təşkil edə bilərik. Amma əminliklə deyirəm ki, məktəbimdən pul yığılmayacaq. Şagirdlərdən pul yığılmasına birmənalı olaraq pis yanaşır, hətta nifrət edirəm. Ümumtəhsil müəssisələrində təhsil pulsuzdur. Fond yaratmaq, test çıxartmaq qəbul etmədiyim şeylərdir. Bunların heç birinə icazə verməyəcəyəm.

Yaşı çatmış müəllimlərimizlə əlaqələri sevgi üzərində quracağam. Onlar müəssisədən narazı ayrılmamalıdırlar. Belə müəllimləri sevgi ilə yola salmalıyıq. Bəzən, müəllim deyirki, çalışmanın yaş həddinə çatmağıma 1 ay qalsa da, işdən çıxarıldım. Çoxları düşünür ki, hamı vəzifəyə gəlməmiş bu sözləri deyir. Amma mən səmimiyəm. 5 ay sonra da , 1 il sonra da işimi belə davam edəcəyəm.

Çünki məktəb mənim arzularımın reallaşacağı yerdir. Həmişə zəng səsindən nə zamansa uzaqlaşacağımdan qorxmuşam. Ümid edirəm ki, hər zaman bu zəng səslərinin əhatəsində olaram”.

Mənbə:azedu.az saytı