“Təhsil sahəsində aparılan islahatlar Azərbaycan təhsilində yeni eranın başlanmasını stimullaşdırır”

“Təhsil sahəsində aparılan islahatlar Azərbaycan təhsilində yeni eranın başlanmasını stimullaşdırır”

Təhsil sahəsində aparılan islahatlar nəticəsində hazırda pedaqoji işçi və rəhbər heyətlərinin yeni iş yerlərinə yerləşdirilməsi prosesi aparılır. Proses necə gedir və onun nəticələri ölkəmizdə təhsilin inkişafı və yenilənməsinə hansı töhfələri verə bilər? İndi cəmiyyətin əksər kəsimini məşğul edən bu tipli suallarımıza Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədr müavini, 317 saylı tam orta məktəbin müəllimi Cavid Cəfərzadə (Cavid Əli oğlu Turan) ilə müsahibəmizdə aydınlıq gətirmək istədik. Son dərəcə vacib və maraqlı sual-cavabımızı geniş ictimaiyyətə də çatdırırıq.

  • Bu il də məktəb direktorlarının işə qəbulu müsabiqəsində iştirak etmisiniz. Bu müsabiqə haqqında fikirləriniz maraqlı olardı…
  • İlk öncə ölkə təhsilinin taleyində bilavasitə izlər buraxan direktor – rəhbər seçiminə münasibət bildirmək üçün mənə bu şəraiti yaratdığınıza görə sizə dərin təşəkkürümü bildirirəm. Artıq DİQ imtahanı bir ənənə halını almışdır. Hər il bu müsabiqənin keçirilməsi ilə bağlı təhsil naziri cənab Ceyhun Bayramov müvafiq əmr verir. Bu müsabiqə təhsildə yeniliyin, şəffaf modelin bir nümunəsidir. Əsas məqsəd yeni kadrların təyin olunması, bununlada idarəçilikdə yeni bir sistemin – yeni idarəetmə modellərinin qurulmasına təkan verməkdir. Bir müsabiqə iştirakçısı olaraq bildirmək istəyirəm ki, prosesf çox şəffaf şəkildə həyata keçirilir. Cüzi boşluqlar olsa da bu nöqsanları aradan qaldırmaq çox sadədir. Əsas odur ki, təhsil sahəsində aparılan islahatlar Azərbaycan təhsilində yeni eranın başlanmasını stimullaşdırır.  Müsabiqənin iştirakçısı olaraq bu işi müsbət dəyərləndirirəm.
  • Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin daha yüksək səviyyədə inkişafı üçün etibarlı zəmin yaradırmı?
  • Əvvəla onu deyim ki, son illər aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək inkişafa nail olunmuş, əhalinin maddi rifahı xeyli yaxşılaşmış, yoxsulluğun səviyyəsi minimuma enmiş və Azərbaycan Respublikası orta gəlirli ölkələr sırasında yer tutmuşdur. Gerçəkləşdirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün zəmin yaratmışdır. Dəfələrlə mətbuatı izləyəndə şahidi oluruq ki, dövlət başçısının xüsusi olaraq vurğuladığı əsas məsələlərdən biri insan kapitalının formalaşmasına nail olunmasıdır. İnsan kapitalının formalaşması Azərbaycanda qeyri-neft sektorunun inkişaf etməsi deməkdir. Bu da Azərbaycanın neftdən aslılığının azadılması ilə nəticələnəcəkdir. Ona görə də xüsusi olaraq vurğulamaq lazımdır ki, ölkənin siyasi-iqtisadi inkişafı və ya tənəzzülü onun təhsilindən asılıdır. Təbii ki, təhsil sahəsində ciddi irəlləyişə səbəb olacaq müxtəlif səpkili beynəlxalq layihələrdə iştirakçılıqdan tutmuş, beynəlxalq müqavilələrə, beynəlxalq konvensiyalara tərəfdaş çıxmağımız Azərbaycanda təhsil sisteminin inkişafı üçün yeni bir eranın başlanğıcıdır. Müəyyən olunmuş İnkişaf konsepsiyasına uyğun olaraq şəxsə bilik, bacarıq vermək məqsədi ilə ölkədə insan resursları inkişaf etdirilməlidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir. Bununlada sizin sualınıza cavab olaraq deyə bilərəm ki, bəli, qeyd etdiyiniz amillər təhsilin inkişafına bilavasitə etibarlı zəmin yaradır. Çünki fərdin inkişafı təhsilin inkişafından aslıdır.
  • Azərbaycan Respublikasında təhsilin keyfiyyət səviyyəsi qaneedicidirmi?
  • Bu günün ən aktual mövzulardan biri təhsilin keyfiyyət səviyyəsinin necə müəyyən edilməsidir. Faktdır ki, dövlət təhsilin inkişafı istiqamətində müxtəlif sərmayələr qoyur, investisiya xərclərini müəyyən edir. Ona görə də o, nəticə olaraq keyfiyyət səviyyəsini müəyyən etməlidir. Ancaq bəri başdan vurğulamaq lazımdır ki, keyfiyyət səviyyəsi təhsil sahəsində qəbul olunmuş dövlət standartlarından aslıdır. Standartlar bir meyar, bir ölçüdür. Bu, birbaşa olaraq təhsilalanların təlim nəticələrinə yonəlmişdir. Təhsilin keyfiyyət səviyyəsi təhsil və peşə sahəsində dövlət standartlarının beynəlxalq və ümumavropa prinsiplərinə uyğun şəkildə qurulması əsasında müəyyən edilir. Aydındır ki, bu keyfiyyət səviyyəsinin ölçülməsi məqsədilə müəyyən keyfiyyət göstəriciləri nəzərdə tutulmuşdur. Məsələn, təhsil proqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza, infrastruktur, informasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi, mütərəqqi tədris texnologiyaları  və s. kimi amillər burada çox vacib meyarlar hesab olunur. O cümlədən təhsil müəssisəsində kadr hazırlığının keyfiyyət səviyyəsi məzunların milli və beynəlxalq əmək bazarında rəqabət qabiliyyəti, ölkənin sosial və iqtisadi inkişafında rolu, həmçinin təhsilin keyfiyyət səviyyəsi hər bir tarixi mərhələdə ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni inkişafla bağlı tələblərdən irəli gəlir. Mütəxəssislər hesab edirlər ki, bu gün ölkədə aparılan təhsil islahatları ölkədə milli təhsil sisteminin inkişafına səbəb olur. Bununlada Azərbaycan Respublikasının beynəlxalq rəqabət qabiliyyəti artır. Bu xüsusda insan kapitalının formalaşması, onun mütəxəssis kadra çevrilməsi əsas prioritet istiqamətlərdən biri hesab olunur. Düşünürəm ki, Azərbaycan təhsili özünün inkişaf konsepsiyasına uyğun olaraq qısa müddət ərzində dünya ölkələrində aparıcı bir mövqe nümayiş etdirəcəkdir. Çünki isalahatlar çox qısa müddətdə öz bəhrəsini verir.
  • Təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi…
  • Fikrinizi anladım. İndiki zaman üçün çox aktual və maraqlı bir sualdır. Xüsusilə vurğulamaq istəyirəm ki, insan resuslarının müasirləşdirilməsi yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılmasıdır. Elə odur ki, təhsil sistemində aparılan mühüm dəyişikliklərdən biri təhsilverənlərin nüfuzunun artması, sosial rifahının yaxşılaşmasına hesablanmışdır. Müasirləşdirmək proqramı yüksək nüfuzlu təhsilverənlərin formalaşması ilə yanaşı, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində də yeni metod və üsul vasitələrin hazırlanması deməkdir. Ümumilikdə Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası təhsil sisteminin yenidən qurulmasına və dünya təhsil sisteminə inteqrasiya edərək beynəlxalq arenaya qovuşmaq və beynəlxalq sistemə uyğunlaşmaq prinsiplərinə əsaslanır.
  •  Cavid müəllim, sizcə müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasını nəzərdə tutan əsas amillər hansılardır?
  • Xüsusilə vurğulamaq istəyirəm ki, əsas amillər təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, əhatəsinin genişləndirilməsi, yeni modul tipli təhsil müəssisələrinin tikilməsi və istifadəyə verilməsi, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin qurulması, kampusların yaradılması və başqalarıdır.
  • Təhsil prosesinin idarə olunması və təşkilində qht-lərin fəaliyyətini necə dəyərləndirirsiniz?
  • Azərbaycan Respublikası təhsilin inkişafı istiqamətində son 10 ildə çox mühüm bir irəlləyiş əldə etmişdir. Azərbaycanda yeni ictimai münasibətlərin formalaşması və Azərbaycanın dünya təhsil siteminə inteqrasiyası yeni bir eranın başlanmasına gətirib çıxardı. İstər müvafiq qanunvericilikdə, istərsə də pedaqoji yanaşma ilə bu məsələyə baxsaq vətəndaş cəmiyyətinin formalaşması da təhsilin inkişafından asılıdır. Təhsil sisteminin inkişafı ilk öncə ölkədə aparılan islahatlarla start götürür. Bəli bu gün təhsilin inkişafında, təşkilində, idarə olunmasında qht-lərin fəaliyyəti danılmazdır. Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədr müavini olaraq xüsusi vurğulamaq istəyirəm ki, təşkilatımız hər il Prezident yanında Qeyri-Hökümət təşkilatlarına Dovlət Dəstəyi Şurasının yardımı ilə ümumi təhsil müəssisələrində müxtəlif seminarlar, tədbirlər, dəyirmi masalar təşkil edir, layihələr hazırlayır. Məqsədimiz isə aydındır: Azərbaycan təhsil sisteminin inkişafına dəstək olmaq, bununlada ölkəmizdə aparılan təhsil islahatlarına yaxından kömək etmək. Düşünürəm ki, bu gün bir sıra digər qht nümayəndələri də bizim kimi düşünür. Əslində ictimai birliklərin təhsil sahəsində məqsədləri yaxşı mənada eynidir. Milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik, Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquq və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, ətraf mühitə, ailəsinə, özünə münasibətdə məsuliyyətini dərk edən bir şəxsiyyət yetişdirmək başlıca istəyimiz, amalımız, qayəmizdir. Ona görə xüsusi vurğulamaq istəyirəm ki, bəli, müvafiq qanunvericiliyə əsaslanaraq ictimai birliklərin təhsil prosesinin təşkilində, idarəolunmasında fəaliyyəti danılmazdır. Fəaliyyətlərini müsbət dəyərləndirirəm.
  • Hər hansı orqanın müəyyən etdiyi qrant müsabiqələrində iştirak etmisinizmi?
  • Bəli iştirak etmişəm. Artıq 6 ildir ki, hər il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant müsabiqəsində iştirak edirik. Müsabiqədə qalib oluruq. Bu il də qrant müsabiqəsində qalib olduq. Layihəmiz yol hərəkəti qaydaları ilə bağlıdır.
  • Artıq bir neçə ildir ki, müəllimlərin işə qəbulu müsabiqəsi həyata keçirilir və bu sahəyə kütləvi axın var. Sizcə buna səbəb nədir?
  • Bəli, bu gün müəllimlik peşəsinə çox ciddi maraq artmışdır. Təkcə MİQ imtahanı ilə deyil, abituriyentlərin ixtisas seçimi zamanı biz bunu açıq aşkar görürük. Əvvəllər 200-300 bal yığanlar müəllimlik peşəsinə yönəldiyi halda bu gün 400-600 bal arası toplayan gənc abituriyentlər müəllimlik sənətinə meyl edirlər. Bunun səbəbi isə son dövrlərdə, əsasən də 2014-cü ildən şəffaf MİQ imtahanının keçiriıməsidir. Cənab Mikayıl Cabbarov nazir təyin olunduqdan sonra MİQ müsabiqəsi ilə bağlı çox ciddi tədbirlər reallaşdırdı. Yeni kadrlar müəyyənləşdi, əvvəlki iştirakçılar bu prosesdən uzaqlaşdırıldı. Vahid bir mərkəzdən idarə olunmağa başlanıldı. Bu günsə MİQ müsabiqəsini Təhsil Nazirliyinin rəhbərliyi altında İRM həyata keçirir ki, bu peşəkar komanda öz işlərinin öhdəsindən layiqincə gəlir. Əsas məsələ təhsil sahəsində aparılan islahatlar, müəllim nüfuzunun artırılması, yüksək səriştəli təhsilverənin formalaşdırılması, bu sahədə müəllimlərin sosial rifahının yaxşılması üçün müvafiq proqramların və ən əsası bu sahədə daima yeniliyin tətbiqi insanlarda bir maraq və sevgi formalaşdırmışdır. Hesab edirəm ki, bunlar müəllimlik sənətinin artıq öz nüfuzunu bərpa etməsi ilə əlaqədardır. Bu da təhsil sahəsində aparılan islahatlar nəticəsində mümkün olmuşdur.
  • Cavid müəllim, bu il təhsil naziri Ceyhun Bayramov şagirdlərin elektron yerdəyişməsi qaydaları ilə bağlı əmr imzaladı. Bu əmrin mahiyyəti və məqsədi nədir?
  • Bu əmrin tətbiqi prosesdə bilavasitə insan amilinin iştirakının, təbii ki, həm də neqativ halların qarşısını almağa hesablanmışdır. Rəhbərlik bir daha ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanılmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq, icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarəti gücləndirmək, həmçinin vətəndaş məmnuniyyətini təmin etməklə öz prinsipial mövqeyini nümayiş etdirmişdir. Bir təhsil işçisi və valideyn olaraq bu addımı müsbət dəyərləndirirəm.
  • Yeni dərs ilinə az qalıb, bu tədris ilindən gözləntiləriniz…
  • Bir təhsil işçisi kimi düşünürəm ki, rəhbərlik bu tədris ilində yeni layihələrə imza atacaq. Həmin layihələrin icrası nəticəsində tədrisin keyfiyyətinin yüksəlməsi, ümumi təhsil sistemində təlim-tərbiyə prosesinin düzgün  qurulması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, hətta xüsusilə vurğulamaq istəyirəm ki, sənədləşmələrin belə elektron şəkildə həyata keçirilməsi mümkün olacaq. Müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi üçün, valideynlərin müxtəlif layihələrə cəlb edilməsi istiqamətində müvafiq işlər görüləcəkdir. Bu tədris ilinin müəllim-şagird-valideynlər üçün düşərli olacağına inanır, yeni tədris ili münasibəti ilə müəllimləri, şagirdləri, valideynləri təbrik edirəm.
  • Təhsil müəssiələrinin idarəolunmasında özünüidarə orqanlarının rolunu necə qiymətləndirirsiniz?
  • İlk öncə vurğulamaq istəyirəm ki, bu sual mənə çox tanış gəlir. Çünki bu mövzuda müəllimlərin pedaqoji mühazirəsində iştirak etmişəm. Bildiyiniz kimi artıq Azərbaycanda təhsil sahəsində son dövrlərdə həyata keçirilən islahatlar öz bəhrəsini verir. Xüsusilə vurğulamaq istəyirəm ki, gənc olmasına baxmayaraq Azərbaycan Respublikası Avropa ölkələri ilə demokratik bir mühit oxşarlığı baxımından eyni səviyyədədir. Buna görə də asanlıqla demək istəyirəm ki, əgər təhsil müəssisələrində demokratik və şəffaf idarə mexanizmi, şəffaf idarəetmə üslubu yaratmaq istəyiriksə, dominant bir təşkilat qurmağın arzusundayıqsa, ilk öncə ictimai əsaslarla fəaliyyət göstərən idarə orqanlarının yaradılması zərurəti meydana çıxır. Çünki demokratik şəffaf mexanizmin formalaşması üçün bu orqanların fəaliyyəti danılmazdır. İstər Təhsil qanununda, istərsə də Ümumi təhsil haqqında qanunda bu haqda çox geniş məlumat verilmişdir. Dövlətin xüsusi diqqət mərkəzindədir bu orqanların fəaliyyəti və fəaliyyətlərinin təhlil olunması, istiqamətlənməsi tövsiyələrin verilməsi çox vacibdir. Ona görə də vurğulamaq istəyirəm ki, Pedaqoji Şura, Metodiki Şura, Fənn Komissiyaları, Şagird özünüidarə orqanları, klublar, hətta valideynlər üçün nəzərdə tutulmuş valideyn komissiyalarının yaradılması zəruri və qaçılmazdır. Dönə-dönə vurğulamaq istəyirəm ki, istər qanunvericiliklə, istərsə də Məktəbşünaslıqla bu məsələyə yanaşsaq həssaslığı daim hiss edəcəyik. Fərdin, cəmiyyətin, dövlətin tam maraqlarına uyğun şəkildə bu sistemi formalaşdırmaqla məsuliyyət dairəsini tam müəyyən etmək mümkün olacaq. Elə odur ki, bu tipli orqanların fəaliyyəti danılmazdır və qaçılmazdır.