Tədris (təlim-tərbiyə) və metodiki işləri təşkil edir.

TƏDRİS (TƏLİM-TƏRBİYƏ) İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

Əmək funksiyası. Tədris (təlim-tərbiyə) və metodiki işləri təşkil edir. Tədris planları və proqramlarının (kurikulumların) yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin metodiki fəaliyyətini istiqamətləndirir, operativ surətdə tədris proqramlarında müvafiq dəyişikliklər aparılması üçün təkliflər verir. Təlim-tərbiyə prosesinin, həmçinin dərsdənkənar və dərnək məşğələlərinin keyfiyyətli təşkilini həyata keçirir; siniflərin optimal komplektləşdirilməsini təmin edir, tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlini tərtib edir, metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarəti həyata keçirir. Fənn kabinetlərinin zənginləşdirilməsi və səmərəli istifadəsini təmin edir. Təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədilə təkliflər verir, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, gənc müəllimlərlə və valideynlərlə pedaqoji işin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir. Pedaqoji işçilərin attestasiyadan keçmələri üçün müvafiq hazırlıq işlərini təmin edir, onların təkmilləşmələrinə, ixtisasartırma təhsilinə, yeni fənn kurikulumları ilə əlaqədar treninqlərə cəlb olunmalarına, eləcə də peşəkarlıq səviyyələrinin artırılması üçün nəzərdə tutulan digər tədbirlərdə iştirakına nail olur. Təlimin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsinin artırılmasını təmin edir, şagirdlərin yarımillik, illik və yekun qiymətləndirilməsinin uçotunu aparır, buraxılış imtahanlarına hazırlıq işlərini təşkil edir. Təlimin keyfiyyətinin idarə olunması məqsədilə monitorinq-qiymətləndirmə aparılmasını təmin edir.

Bilməlidir: “Təhsil haqqında”, “Gənclər siyasəti haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını; Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını; Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; müəllimlər üçün yeni modul-kredit sisteminə əsaslanan stimullaşdırıcı ixtisasartırma sisteminin inkişaf etdirilməsini; müəllimlərin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılmasını; qabaqcıl müəllimlərin iş təcrübəsinin yayılması sahəsində müasir tələblərə uyğun mexanizmlərin yaradılmasını; pedaqoji kadrların işə qəbulu sahəsində tətbiq edilmiş yeni mexanizmin beynəlxalq təcrübəyə uyğun daha da təkmilləşdirilməsini; təhsil proqramlarının və dərsliklərin müasir tələblər baxımından yeniləşdirilməsini; şagirdlərin idrak fəallığını artıran sistemli tədbirlərin görülməsini; tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunmasını; istedadlı uşaqlar üçün inkişafetdirici fərdi proqramların yaradılmasını; ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları); orta təhsil üzrə qüvvədə olan dövlət təhsil standartlarını və proqramlarını (kurikulumları); ümumi təhsil müəllimləri üçün fəal (interaktiv) təlim texnologiyaları və inklüziv təhsil üzrə məqsədli ixtisasartırmanın təmin edilməsini; müəllimlərin informasiya-kommunikasiya texnologiyaları bacarıqlarına yiyələnməsi üçün çevik sistemin yaradılmasını; müəllimlərin təkmilləşdirilməsinin beynəlxalq standartlarla uzlaşdırılmasını; idarəetmənin təşkilini; tədris proqramları və tədris-metodiki sənədlərlə işi, məktəbdaxili nəzarəti; müəllimlərin əməyinin tarifləşdirilməsi metodlarını, qabaqcıl təlim-tərbiyə metodlarını, pedaqogika və pedaqoji psixologiya elminin son nailiyyətlərini, uşaqların asudə vaxtlarının səmərəli təşkili yollarını; Informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini; təhsil innovasiyalarını və pedaqoji texnologiyaları; əmək qanunvericiliyini; təhsilin iqtisadiyyatının və maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə də statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.