Şuranın dəstəyilə “Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirməklə yol hərəkəti qaydalarının təbliği” yekunlaşıb

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirməklə yol hərəkəti qaydalarının təbliği” layihəsinin icrasını yekunlaşdırıb.
Layihə çərçivəsində sonuncu təlim paytaxtın Suraxanı rayonunda məskunlaşmış Kəlbəcər rayon 23 saylı tam orta məktəbdə keçirilib.
Təlim Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsilə başlayıb.
Layihənin rəhbəri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Əli Cəfərov bildirib ki, yol hərəkət qaydalarının pozulması səbəbindən baş verən ağır və yüngül xəsarətli olaylar barədə məlumatlar media qurumlarında vaxtaşırı yer alsa da, onların başvermə səbəbləri və bu səbəblərin maarifçilik yolu ilə aradan qaldırılması yollarının təbliğinə ehtiyac var: “Bizim əsas hədəfimiz yol hərəkəti qaydaları haqqında geniş məlumat verməklə sizin hər birinizi bu sahədə təbliğatçıya çevirməkdir. Düşünürük ki, maarifləndirmə yolu ilə baş verə biləcək bədbəxt hadisələrdən sizi və ətrafınızdakı insanları qoruya bilərik. Bundan əlavə təlimlərimizdə biz sizlərə yol nişanları və onların məna tutumları haqqında geniş məlumatlar verdik”.
Əli Cəfərov çıxışında layihə çərçivəsində atılan addımların praktiki baxımdan da qiymətləndirilməsinin vacibliyini bildirib: “Maarifçiliyə hesablanmış bu addımımız özü ilə digər bir maarifçilik ideyasını da gündəmə gətirməyimizlə nəticələndi. Belə ki, sizləri yalnız nəzəriyyə ilə məlumatlandırmaq hələ işin yarısı hesab olunur. Təcrübə göstərir ki, nəzəri biliklərdən fərqli olaraq, ümumiyyətlə praktiki işlər və hərəkətlilik hər bir kəsin diqqət və marağını özünə daha çox cəlb edir. Üstəlik şübhə yoxdur ki, sual-cavab, şeir müsabiqələri, səhnəciklər sizlərin yol hərəkəti qaydalarını mükəmməl öyrənməyinizlə nəticələnəcəkdir. Həvəsləndirici mükafatlar isə bu yarışları, xüsusilə də yarışlar vasitəsilə öyrəndiklərinizi sizlərin yaddaşlarınıza əbədi həkk edəcəkdir”.
Uşaqlar yol hərəkəti qaydalarına aid hazırladıqları şeir və səhnəcikləri təqdim ediblər.
Məktəbin direktoru Həqiqət Şükürova layihənin mahiyyətini çox yüksək qiymətləndirməklə yanaşı, onun reallaşdırılması üçün məhz Kəlbəcər rayon 23 saylı tam orta məktəbin seçilməsindən məmnun qaldıqlarını, təlimlər zamanı öyrənilənlərin şagirdlərin həyatında silinməz izlər buraxacağını deyib.
Sonra layihə rəhbəri Əli Cəfərov təlim planına uyğun olaraq diplomları sahiblərinə təqdim edib.