Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçının iş planı və tərtibinə verilən pedaqoji tələblər

Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçının iş planı və tərtibinə verilən pedaqoji tələblər

Məktəbin tərbiyə işlərini düzgün, planlı və səmərəli şəkildə həyata keçirmək üçün tərbiyə işləri üzrə təşkilatçının tərbiyəvi iş planı olmalıdır. Qabaqcıl məktəblərin təcrübəsi göstərir ki,tərbiyə işləri üzrə təşkilatçının iş planı aşağıdakı şəkildə tərtib edilə bilər:
1) perspektiv iş planı; 2) cari təqvim iş planı.

1) Perspektiv planda tərbiyə işləri üzrə təşkilatçının il ərzində görəcəkləri işlərin planlaşdırılmasıdır. Məlumdur ki, tərbiyə prosesi çoxcəhətli, mürəkkəb, dialektik və ziddiyyətli bir prosesdir. Onun bütün çalarlarını, incəliklərini əvvəlcədən tam və bütöv şəkildə müəyyən etmək çətindir. Perspektiv plan ümumi xarakter daşıyır.

2) Cari təqvim plan rüblük, aylıq və həftəlik ola bilər. Belə plan daha dəqiq və konkret xarakter daşıyır. Belə planın Torqrafik formasında tərtib edilməsi daha əlverişli ola bilər.
Planın tərtibində nəzərə alınacaq pedaqoji tələblər aşağıdakılardır:
1. Planın məqsədəuyğunluğu və reallığı;
2. Planın həyatla, yerli şəraitlə, ictimai həyat hadisələri ilə əlaqələndirilməsi;
3. Planın konkretliliyi;
4. Tədbirlərin şagirdlərin yaş və fərdi xüsusiyyətlərinə uyğunluğu.
Tərbiyə işləri üzrə təşkilatçının iş planının quruluşu aşağıdakı kimi ola bilər.
1) Giriş hissə;
2) şagird kollektivi ilə aparılan tərbiyə işləri;
3) sinif rəhbərləri, müəllimlər, məktəb kitabxanaçısı və məktəb uşaq və gənclər təşkilatları ilə aparılan metodiki işlər;
4) ailə, ictimaiyyət və əmək kollektivləri ilə aparılan birgə işlər;
5) tədbirlərin təhlili və hesaba alınması.

Planın I bölməsində tərbiyə işləri üzrə təşkilatçı əvvəlcə keçən ilki tədbirlərin qısa xülasəsini verməli, bu tədbirlərin keçirilməsində yol verilən çatışmazlıqları qeyd etməli, bununla da əvvəlki fəaliyyətlərinə yekun vurmalıdır. Bu bölmədə həmçinin keçən il keçirilmiş tədbirlərin müsbət cəhətləri də qeyd edilməlidir. Giriş hissədə məktəbin tərbiyə işlərinin qarşısında duran tərbiyəvi vəzifələr, tərbiyə problemləri qeyd edilir.

Planın II bölməsində şagird kollektivi ilə aparılacaq tərbiyə işləri planlaşdırılır. Bu bölmədə tərbiyə işləri üzrə təşkilatçının ümumməktəb miqyasında keçirəcəyi mühüm tərbiyəvi tədbirlər planlaşdırılır. Tərbiyə işləri üzrə təşkilatçı ümumməktəb tərbiyə işlərinin sistemini hazırlayarkən tərbiyənin ümumi tərkib hissələrini – əqli tərbiyə, əxlaq tərbiyəsi, mənəvi tərbiyə, əmək tərbiyəsi, estetik tərbiyə, fiziki tərbiyə üzrə istiqamətlər nəzərə alınmalıdır.

Planın III bölməsində tərbiyə işləri üzrə təşkilatçının sinif rəhbərləri, müəllimlər, məktəb kitabxanaçısı və məktəb uşaq və gənclər təşkilatları ilə aparacağı işlər planlaşdırılır. Burada pedaqoji mətbuatın, pedaqoji kitab və metodik vəsaitlərin, kurikuluma dair jurnalların, pedaqoji materialların müzakirəsi, təbliğatı planlaşdırılır. Pedaqoq və psixoloq alimlərlə görüşlər keçirilə bilər, pedaqoji elmin son nailliyyətləri, problemləri haqqında söhbət və müzakirələr keçirilə bilər. Təşkilatçı məktəb uşaq və gənclər təşkilatının işinə xüsusi diqqət və qayğı ilə yanaşmalıdır. Bu təşkilatların işinin planlaşdırılmasına, tədbirlərin keçirilməsinə ardıcıl diqqət yetirməli və metodiki kömək göstərməlidir. Məktəbdə keçirilən tərbiyəvi tədbirlər, aparılan pedaqoji, metodiki söhbətlər sinif rəhbərlərinin, uşaq və gənclər təşkilatının və müəllimlərin həm tədris, həm də tərbiyə sahəsində apardıqları işin səmərəsini xeyli artırır.

Tərbiyə işləri üzrə təşkilatçının iş planının IV bölməsi bir neçə hissədən ibarət ola bilər:
1) Valideynlərin pedaqoji cəhətdən maarifləndirilməsi;
2) Məktəbin əmək kollektivləri ilə qarşılıqlı əlaqəsi;
3) Məktəbin yaşayış yerlərindəki ictimai təşkilatlarla əlaqəsi;
4) Məktəbin inzibati orqanlarla əlaqəsi.
5) Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi.

Məlumdur ki, hər bir məktəbdə qabaqcıl sinif rəhbərləri vardır. Onların təcrübəsinin öyrənilməsi və yayılması pedaqoji işin səmərəsini artıra bilər. Buna görə də məktəb təşkilatçıları qabaqcıl sinif rəhbərlərinin, məktəb müəllimlərinin görüşlərini, təcrübə mübadilələrini təşkil etməlidirlər.

Tərbiyə işləri üzrə təşkilatçının iş planının V bölməsinə görə, hər bir fəaliyyətin səmərəliliyini təmin etmək üçün onun uçotunu aparmaq və təhlil etmək, qiymətləndirmək vacibdir. Bunsuz tərbiyə işinin keyfiyyətini yüksəltmək mümkün deyildir. Bununla əlaqədar olaraq, aşağıdakı istiqamələrdə iş aparıla bilər:
1) Sinif rəhbərlərinin və uşaq və gənclər təşkilatı rəhbərlərinin hesabatlarını dinləmək;
2) Direktoryanı müşavirələrdə və metodbirləşmənin iclaslarında sinif rəhbərlərinin gördükləri işləri müzakirə etmək;
3) Müxtəlif siniflərin keçirdikləri tədbirlərdə iştirak etmək.

İş planının V bölməsinin əhatə etdiyi məsələlər təşkilatçının inzibati vəzifəsinin həyata keçirilməsi ilə bağlı işlərdir.