Məktəbdənkənar təlim-tərbiyə könüllülük əsasında qurulur

Məktəbdənkənar təhsil uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün əlverişli şərait yaradır, onların istirahətinin, asudə vaxtlarının mənalı təşkilini təmin edir. Məktəbdənkənar təlim-tərbiyə könüllülük əsasında qurulur, ailə, təhsil müəssisələri, ictimai təşkilatlar, yaradıcılıq birlikləri, cəmiyyətlər, fondlar, əmək kollektivləri ilə birlikdə, həmçinin ayrı-ayrı vətəndaşların köməyi ilə aparılır. Məktəbdənkənar təhsil müəssisələrinə aşağıdakılar daxildir: uşaq-gənc yaradıcılıq sarayları, evləri, klublar, bədii, estetik, texniki, ekoloji, turizm və diyarşünaslıq yönümlü mərkəzlər, uşaq-gənclər idman və şahmat məktəbləri və s. Məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqlar, şagirdlər, tələbələr məktəbdənkənar təhsil müəssisələrinin xidmətlərindən pulsuz və güzəştlə istifadə edirlər. Məktəbdənkənar təhsil müəssisələrində işin məzmun və formalarını həmin müəssisələrin şuraları müəyyən edir. Məktəbdənkənar təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq olar: 1. Dərnək məşğələləri; 2.Mədəni-kütləvi tədbirlərin, müsabiqələrin, idman yarışlarının keçirilməsi; 3. Təlimati-metodiki işlər. Məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaq, yeniyetmə və gənclərlə istirahət, bayram və tətil günlərində də iş aparılır. Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində 374 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Həmin müəssisələrə 332 120 şagird cəlb edilib. Onların təlim-tərbiyəsi ilə 11 751 pedaqoji işçi məşğul olur. Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində 81 Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə 6 691 qrupda 89 628 uşaq məşğul olur və 2 827 pedaqoji işçi çalışır. Uşaq Yaradıcılıq Mərkəzlərində əsasən «Bacarıqlı əllər», «Bədii qiraət», «Rəsm», «Xalçaçılıq», «Dram», «Bədii özfəaliyyət», «Məktəb teatrı», «Rəqs», «Gənc idmançılar», «Naxışlı tikmə», «Texniki estetika», «Fortepiano», «Xor», «Nağara», «Tar», «Heykəltəraşlıq», «Kukla teatrı», «Coğrafiya-diyarşünaslıq», «Foto», «Ağac üzərində oyma», «Qarmon», «İbtidai texniki modelçilik», «Dəmir üzərində döymə», «Tarix-diyarşünaslıq» və s. adlarda dərnəklər təşkil olunur. Uşaq yaradıcılıq mərkəzlərində bütün təqvim ili ərzində dərnək üzvləri ilə müxtəlif mədəni-kütləvi tədbirlər, idman yarışları, müsabiqələr, sərgilər, bayram şənlikləri, ekskursiyalar keçirilir, onların respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirakı təmin olunur. Bu müəssisələrin bir çoxunda «Sağlam həyat tərzi», «Etika qaydaları», yuxarı sinif şagirdləri ilə «Reproduktiv sağlamlığın əsasları» mövzularında təlim kursları, məşğələ və seminarlar təşkil edilir, narkomaniya, alkoqolizm, AİDS, tütünlə mübarizə və s. mövzularda geniş maarifləndirmə işləri aparılır, çoxsaylı tədbirlər keçirilir. Bu mərkəzlər tərəfindən dərnək rəhbərlərinə məşğələlərin məzmununun yeniləşdirilməsi, müasir tələblərə cavab verən yeni tədris plan və proqramların hazırlanması istiqamətində metodiki köməkliklər göstərilir. Ümumtəhsil məktəblərində müxtəlif adda dərnəklər təşkil edilir, Uşaq birliyi rəhbələri ilə birgə tədbirlər planlaşdırılır və həyata keçirilir. Respublikada 63 Texniki Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin 5 141 qrupunda 66 909 uşaq məşğul olur və 2 157 pedaqoji işçi çalışır. Texniki yaradıcılıq mərkəzlərində əsasən «İbtidai texniki modelçilik», «Radioelektronika», «Elektrotexnika», «Bacarıqlı əllər», «İnformatika», «Texniki estetika», «Əyləncəli fizika», «Texniki ekologiya», «Gənc konstruktorlar», «Gəmi», «Avto», «Raket», «Təyyarə» modelçiliyi, «Robot texnikası», «Kimya – texnologiya» və s. adlarda dərnəklər fəaliyyət göstərir.