Məktəb direktorunun informasiya mənbələri hansılardır?

Məktəb direktorunun informasiya mənbələri

Hər hansı sosial sistemi keyfiyyətli informasiyalarla təmin etmək üçün birinci növbədə həmin sistemdə informasiya mənbələrini dəqiqləşdirmək lazımdır. Axı bir sosial sistemin informasiyaları digərindən təkcə məzmununa görə deyil, həm də mənbələrinə görə fərqlənir. Məsələn, cəmiyyətin sosial-siyasi və ideya-mənəvi həyatına aid informasiyalar texniki və iqtisadi informasiyalardan həm məzmununa, həm verilmə tərzinə, həm də mənbələrinə görə fərqlənir. Birincilər daha çox subyektiv amillərə, kütlələrin şəxsi mülahizə və fikirlərinə, təsəvvür və emosional vəziyyətlərinə, hərəkət motivlərinə istinad edirsə, ikincilərdə üstünlük obyektiv amillərə verilir. Bu baxımdan bir sosial obyekt olmaq etibarı ilə məktəbin idarə edilməsində istifadə olunan informasiyaları tədqiq etmək, onların ilk mənbələrini müəyyənləşdirmək və onlardan istifadə yollarını araşdırmaq maraqlıdır.
1. Hesabat xarakterli məcburi informasiyalar. Bunların miqdarı hər bir məktəbin özünün müəyyənləşdirdiyi daxili qaydalara müvafiq müxtəlif ola bilər. Şagirdlərin təlim müvəffəqiyyəti haqqında sinif rəhbərlərinin yarımillik və illik yazılı statistik hesabatları bütün məktəblərdə tətbiq edildiyi halda, məktəb üzrə növbətçi siniflərin həftəlik yazılı hesabat verməsi heç də hər məktəbdə qəbul olunmayıb. Bu baxımdan məktəblərdə il ərzində məktəb direktorlarına veriləcək daxili yazılı hesabatların miqdarı dəqiqləşdirilir. Lakin bu sahədə səhvlərə də yol verilir. Bəzi məktəb rəhbərləri yazılı hesabatlara aludəçiliyə yol verir. Hər həftə, hər gün müxtəlif səviyyəli yazılı hesabatlar toplayır, lakin onlardan kifayət qədər səmərəli istifadə edə bilmir. Həmin məlumatlar kağız tullantısı olmaqdan başqa heç nəyə xidmət etmir.

  1. Ehtiyaca görə mövsümü yazılı informasiyalar. Məktəb direktoru hazırladığı qərar layihəsi haqqında zəruri məlumatlara ehtiyac hiss etdikdə tabeliyində olan müxtəlif kateqoriyalı işçilərdən – sinif rəhbəri, dərnək rəhbəri, fənn birləşməsinin sədri, kitabxana müdiri, kabinet müdiri və s. yazılı hesabatlar tələb edə bilər.
  2. Şifahi informasiyalar. Məktəb direktoru bu və ya digər məsələlərə dair məlumat toplamaq üçün müvafiq işçiləri dəvət edib onlarla müsahibə aparır və lazımi faktlar toplayır, şifahi məlumatlar telefon vasitəsi ilə də verilir. Direktor əvvəlcədən müvafiq işçilərə elan edir ki, müəyyən edilmiş gündə və vaxtda maraqlandığı məsələ ilə əlaqədar faktları dəqiqləşdirib telefonla məlumat versinlər. Belə məlumatlar operativ informasiyalar olub, məktəb direktorunun fəaliyyətinə müsbət təsir göstərir.
  3. Nəzarət materialları. Məktəb direktorunun idarəetmə fəaliyyətində ən mühüm informasiya mənbələrindən biri məktəbdə aparılmış yoxlamaların nəticələrinə dair materiallardır. Bura həm məktəbdaxili nəzarətin, həm inspektor nəzarətinin yekunlarına dair arayışlar, məlumatlar, yoxlama aktları, həm də məktəb direktorunun şəxsi qeydləri daxildir. Bu informasiya mənbələri hər hansı idarəetmə məsələsinin həllinin əsasını təşkil edir. Yeri gəldikcə məktəb direktoru həmin mənbələrdəki faktların daha da dəqiqləşdirilməsini təşkil etmək məqsədilə operativ nəzarət tədbiri həyata keçirməli olur. Son illərin təcrübəsi göstərir ki, bu qəbildən olan informasiyalar da artmağa başlamışdır. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri vardır. Söz yox ki, məktəb sisteminin dəyişməsinə yönəldilən tədbirlər, xalq təhsili haqqında yeni qanunun həyata keçirilməsi, gənc nəslin müasir elmi-texniki tərəqqinin səviyyəsinə uyğun təlim-tərbiyəsi, onların peşəyönümü və həyata hazırlanması sahəsində qarşıya qoyulan çoxsahəli vəzifələr təhsil sistemində, o cümlədən məktəbdə mövcud olan kollegial idarəetmə orqanlarının fəaliyyət dairəsinin genişlənməsinə səbəb olmuş, ona görə də müzakirə materiallarından ibarət informasiyalar təbii olaraq artmışdır. Bu, əlbəttə, informasiya çoxluğunun obyektiv səbəbləridir. Lakin bundan əlavə, subyektiv amillər də yox deyildir. Bəzən yuxarı təşkilatların, kollegial idarəetmə orqanlarının müzakirə etdiyi bütün məsələlər barədə iclas protokollarından çıxarışlar, aidiyyatından asılı olmayaraq bütün məktəblərə göndərilir və həmin sənədlərin müzakirəsi tələb olunur. Bununla da rəhbər idarəetmə orqanlarının (deyək ki, nazirlik və ya xalq təhsili şöbələrinin) ayrı-ayrı strukturları, şöbə və bölmələri öz üzərlərinə düşən vəzifəni yerinə yetirmiş hesab edirlər. Belə kağız üsulu ilə rəhbərlik idarəetməni təkmilləşdirmək haqqında müasir konsepsiyalara uyğun olmayıb, həyatda özünü doğrultmur.

 

Hazırladı: Cavid Əli Oğlu Turan