Idarəetmə qərarının ən yaxşı variantı inzibati aktlarla rəsmiyyətə salınmasıdır.

İdarəetmə qərarlarının mahiyyəti və təsnifatı

Menecment həmişə qərarların hazırlanması, qəbul edilməsi və həyata keçirilməsi ilə əlaqəlidir. İqtisadiyyatın istənilən bir səviyyəsində idarəetmə qərarlarının hazırlanması və həyata keçirilməsi idarəetmənin təkmilləşdirilməsini və onun çevikliyini təmin etməlidir.
1. Hərtərəfli əsaslandırma; 2.Səriştəlilik; qanunilik; 3 Direktivlik və məcburilik; 4 Lazımi tamlıq və komplekslilik; 5. Operativlik və qərarların vaxtında verilməsi; 6.Əvvəl qəbul olunmuş qərarla uzlaşma; 7.Nəticəlilik; 8. Qərarların dəqiq və aydın ifadə olunması; 9. Qənaətlilik və səmərəlilik. İdarəetmə qərarları müxtəlif əlamətlərinə görə təsnifatlandırılır. İdarəetmə qərarlarının keyfiyyətinə bir çox amillər təsir göstərir. Həmin amilləri iki qrupa ayırmaq olar:
1.  Qərarın qəbul edliməsinin keyfiyyətini müəyyən edən amillər. Buraya daxildir: təsirin məqsədi; idarəolunan sistemin qanunları; idarəetmənin qanunauyğunluq və prinsipləri;  qərarın hazırlanması metodu və metodikası; qərarın hazırlanmasının təşkili; informasiyanın həcmi, tamlığı və əhəmiyyəti; qərarın hazırlanması vaxtı; qiymətləndirmənin subyektiv amilləri.
2. Qərarın həyata keçirilməsinin keyfiyyətini müəyyən edən amillər. Bu amillər sırasına daxildir: idarəolunan sistemin vəziyyəti; idarəetmə kadrları; idarəetmə metodları; idarəetmənin təşkilat formaları; idarəetmənin təsərrüfat mexanizmi; qərarların həyata keçirilməsi vaxtı; sosial-psixoloji iqlim; rəhbərin nüfuzu. İdarəetmə situasiyasının mürəkkəbliyindən, onun konkret məzmunundan, idarəetmənin məqsəd və vəzifələrindən asılı olaraq qərarların qəbul edilməsinin konkret prosedurası və ya operqramı hazırlana bilər, yəni idarəetmə tsiklinin elementləri müəyyən oluna bilər. İdarəetmə tsiklinin bütün mərhələlərinin ardıcıl həyata keçirilməsi idarəetmə qərarlarının qəbul edilməsi texnologiyasını təşkil edir. İdarəetmə qərarlarının hazırlanması və həyata keçirilməsi üzrə birtipli proses dörd mərhələdən ibarətdir: Problemin əsaslandırılması. Qərarın və vəzifələrin müəyyən edilməsi. • İnformasiyanın yığılması və problemin həlli üçün lazım olan resursların öyrənilməsi. • İdarəetmə qərarlarının hazırlanması. • İdarəetmədə qərarların qəbul edilməsi və həyata keçirilməsi. Birinci mərhələdə idarəetmə obyekti öyrənilir, onun xarici və daxili mühitinə dair məlumatlar toplanılır. Bu mərhələdə həll olunan problem əsaslı və dəqiq şəkildə ifadə olunmalıdır. Qərarın məqsədi, vəzifələri, məqsədin əldə edilməsi kriteriyaları dəqiq müəyyən olunur. İkinci mərhələ informasiyanın yığılması, oxşar problemlərin həlli təcrübəsinin öyrənilməsi, həll ediləcək problem üzrə biliklərin həcm və səviyyəsinin qiymətləndirilməsi, problemin həlli üçün lazım olan resursların öyrənilməsi məsələlərini əhatə edir. Üçüncü mərhələdə qərarların hazırlanması üçün müxtəlif model və metodlardan istifadə olunur, idarəetmə qərarlarının modeli hazırlanır. Mühüm əməliyyatlardan biri qərar layihəsinin bir neçə variantının hazırlanmasıdır. Sonra bu variantlar içərisindən ən səmərəlisi seçilir. Qərar layihələri geniş müzakirə olunmalıdır. Qərar layihəsinin mütəxəssislər və idarəetmə aparatı işçiləri arasında müəssisə yığıncaqlarında və müşahidə şuralarında geniş müzakirəsi istehsalın idarə edilməsinə bütün əməkdaşların cəlb olunmasına, qərarın ən yaxşı variantının və onun həyata keşirilməsi metodlarının seçilməsinə imkan verər. Dördüncü mərhələ idarəetmə qərarlarının qəbul edilməsi və həyata keçirilməsini şərtləndirir. Idarəetmə qərarının ən yaxşı variantı inzibati aktlarla rəsmiyyətə salınır. Bu zaman qərarın yerinə yetirilməsi müddəti, məsul şəxslər, lazımi resurslar, yerinə yetirmə metodları və hesabatların təqdim olunması metodları göstərilməlidir. Qəbul olunmuş qərarı həyata keçirdikdən sonra onun faktiki səmərəliliyini, idarəetmə obyektinin vəziyyətini və planlaşdırılmış səviyyədən kənarlaşmasını qiymətləndirmək, idarəolunan obyekt üzrə sonrakı qərarlara tələbatı müəyyənləşdirmək lazımdır. Sonda idarəetmə qərarının həyata keçirilməsi, qoyulmuş məqsəd və vəzifələrin yerinə yetirilməsi sahəsində kollektivin işinə qiymət verilməlidir, çünki bu çox böyük sosial-siyasi və tərbiyəvi əhəmiyyətə malikdir.

Müasir təhsil menecerliyi kitabı
Hazırladı: Cavid Əli oğlu Turan