Həftəlik dərs cədvəlini tərtib edərkən bu metodik tələbləri gözləmək məqsədəuyğun hesab edilir: 14 qızıl qayda

Cədvəlin tərtibinə verilən pedaqoji tələblər

Dərs cədvəlinin tərtibində bir çox amillər nəzərə alınmalıdır. Bu amillərə məktəblinin psixofizioloji xüsusiyyətləri ilə yanaşı, məktəblilərin və müəllimlərin arzu və maraqları, məktəbdə sanitar-gigiyenik normalar, fənn kabinetlərinin sayı, xüsusilə təhsilin məzmununun xüsusiyyətləri daxildir. Tədris prosesinin təşkili zamanı təlim məşğələləri 8 saatdan az olmayaraq və beş günlük tədris həftəsinə görə nəzərdə tutulmalıdır. Dərsin müddəti bir və iki növbəlidən asılı olmayaraq 45 dəqiqədən çox olmamalıdır.
Dərs cədvəlinə verilən başlıca tələb, hər şeydən əvvəl, dərslərin həm tədris həftəsinin günləri üzrə, həm də bir təlim günü daxilində düzgün yerləşdirilməsidir.
Müşahidələr göstərir ki, həftə ərzində şagirdlərin təlim fəaliyyətinin keyfiyyəti eyni səviyyədə olmur. Belə ki, ikinci, üçüncü və dördüncü günlərdə onların iş qabiliyyəti çox yüksək olur, birinci gün isə aşağı düşür. Çünki şagirdlər istirahət günündən sonra işə alışmağa başlayırlar. Axırıncı təlim günü – beşinci gün isə şagirdlərin ixtiyari diqqəti zəifləyir. Onlar yorulduqlarından qeyri-ixtiyari olaraq istirahətə hazırlaşırlar.
Təlim günü ərzində dərs məşğələləri üçün iş qabiliyyəti, ən yaxşı diqqət, fəaliyyət, maraq əsasən ikinci, üçüncü və dördüncü məşğələ saatlarında yaranır: birinci məşğələ saatında, beşinci və altıncı saatlarda isə aşağı olur. Axırıncı dərslərdə şagirdlər yorğun olurlar.

Həftəlik dərs cədvəlini tərtib edərkən bu metodik tələbləri gözləmək məqsədəuyğun hesab edilir:

1. Fənlərin çətin tədris edildiyi günlərdə onları təsviri incəsənət, rəsmxət, fiziki hazırlıq, musiqi, texnologiya kimi nisbətən asan fənlərlə növbələşdirmək lazımdır. Çətin fənlər üzrə dərslər 2-ci, 3-cü və 4-cü məşğələ saatlarında olmalıdır. Yazılı çalışmaların yerinə yetirildiyi dərslərdən əvvəl fiziki tərbiyə dərslərinin keçirilməsi məqsədəuyğun deyildir, çünki hərəkətlərlə orqanizmin əzələ sisteminin həddindən artıq yüklənməsi kalliqrafiyaya mənfi təsir göstərir.
2. Çətin fənlər üzrə ikidən artıq dərsin cədvələ ardıcıl salınmasından çəkinmək lazımdır. O qədər də çətin olmayan, lakin böyük həcmli ev tapşırıqları ilə fərqlənən bir neçə fənnin (məsələn, ədəbiyyat, tarix, coğrafiya) eyni günə salınması məsləhət deyil. Hər bir sinifdə dərslər xarakter və məzmunca müxtəlif olmalıdır, yəni dəqiq fənlər dillər, ədəbiyyat və ictimai fənlərlə növbələşdirilməlidir.

3. Tədrisinə həftədə iki saat vaxt ayrılmış fənlər üzrə dərslər cədvələ elə salınmalıdır ki, onların arasında iki-üç gün, tədrisinə həftədə üç saat verilmiş fənlər üzrə isə dərslər arasındakı fasilə bir gün olsun. Hər hansı fənn üzrə dərslərə uzun müddət fasilə verilməsi, cədvəldəki saatların bərabər bölüşdürülməməsi şagirdlərin fənnə müntəzəm diqqət yetirmələrinə imkan vermir.
4. Pedaqoji mülahizələrə əsasən, lazım gəldikdə, cədvəldə bir fənn üzrə qoşa dərslərin salınmasına icazə verilə bilər. Yuxarı siniflərdə fizika və kimyadan qoşa dərslər laboratoriya işlərini düzgün təşkil etməyə imkan verir. Ədəbiyyatdan qoşa dərslər inşa yazıları üçün, böyük həcmli bədii əsərləri daha dərindən araşdırmaq üçün istifadə edilə bilər. Yuxarı siniflərdə riyaziyyat və informatika təhsil sahələri üzrə qoşa dərslər nəzəri materialları daha yaxşı möhkəmləndirməyə kömək edir. Riyaziyyat üzrə həmin saatlardan iki saatlıq yoxlama yazı işləri üçün də istifadə etmək olar. Fiziki tərbiyə və texnologiya üzrə də qoşa dərslərin təşkili məqsədəuyğun hesab olunur. Bazar ertəsi və cümə günlərində qoşa dərslərin cədvələ salınması didaktik cəhətdən əhəmiyyətli hesab edilmir. Bu məqsədlə, müəllimin eyni fənn üzrə dərslərini paralel siniflərdə eyni bir dərs gününə salmaq məsləhətdir. Bu, müəllimin məşğələlərə hazırlaşmasını yüngülləşdirir, siniflər üzrə şagirdlərin biliyində olan kəsirləri müəyyənləşdirməyə, dərhal təhlil aparmağa və geriləyənlərə vaxtında kömək etməyə imkan yaradır.

5. Mövcud təcrübə göstərir ki, müəllimə hər bir təlim günündə, bir növbədə işləməsinə, hətta əgər o, birinci və ikinci növbədə işləsə belə dərslərini ardıcıl keçməyə imkan verilməlidir.
6. Həftəlik dərs yükünü müəllimlər arasında günlər üzrə bərabər surətdə bölüşdürmək, cədvəldə müəllimin dərs ardıcıllığını gözləmək (həm də dərslər arasında boş saat saxlamaq) lazımdır. Bu, direktor və ya təlim-tərbiyə üzrə direktor müavini üçün istisna edilir, çünkü onlara başqa müəllimlərin dərslərini dinləmək, işlərini yoxlamaq lazım gəlir.
7. Dərs cədvəllərində siniflərdə müəllimlər tərəfindən əyani vəsait və mövcud kabinetlərdən (fizika, kimya, biologiya, informatika, idman zalı və s.) istifadə edilməsi imkanları nəzərdə tutulmalıdır. Əgər əyani vəsaitlərin komplekti paralel siniflərdə dərs deyən eyni fənn müəllimlərini təmin etmirsə, onda onların dərsləri cədvəldə müxtəlif saatlara düşməlidir.
8. Dərs cədvəlinin tərtibi ərəfəsində bu və ya digər fənn üzrə təlimin təşkili və həyata keçirilməsi nəzərə alınmaqla yanaşı, müəllimlərin kadr tərkibinin xüsusiyyətlərini də nəzərə almaq vacib şərtdir. Burada gənc mütəxəssislərin, sinif rəhbərinin, əvəzçiliklə işləyənlərin dərsləri nəzərə alınmalıdır. (məsələn, sinif rəhbəri fizika fənnini tədris edirsə, bu fənn çətin fənlərə aid olsa da bu dərsi heç olmasa günün III-IV saatlarına salmaq məsləhətdir ki, o, sinfində olan şagird kontingentinə nəzarət edə, başqa müəllimlərin onun sinfi haqqındakı fikirlərini öyrənə bilsin və ən əsası isə təlim gününün axırına qala bilsin ki, valideyinlərlə görüşsün. Bir sözlə, sinif rəhbərinin müəllim, sinif kollektivi və validenlərlə informasiya mübadiləsi üçün şərait yaradılması məqsədəuyğundur). Gənc mütəxəssislərin dərsi onlarla eyni fənni aparanlarla üst-üstə düşməsə, yaxşı olar ki, boş vaxtlarında onlar təcrübəli müəllimlərdən öyrənə və təcrübə mübadiləsi apara bilsinlər. Bu proses metodkabinetin işini də asanlaşdıra bilər və s. Bundan sonra tərtib olunmuş cədvəlin ilk maketi müəllim kollektivi, sonra məktəb rəhbərliyi arasında müzakirə oluna bilər.
9. Kiçikyaşlı məktəblilər üçün dərslərin əsas fənlər üzrə 2-ci, 3-cü, orta və yuxarı sinif şagirdləri üçün 2-ci, 3-cü, 4-cü saatlarda aparılması məqsədəuyğun bilinir. Gün ərzində həftənin də əsas fənlərini (oxu, yazı, riyaziyyatı) musiqi, təsviri incəsənət, texnologiya, fiziki tərbiyə dərsləri ilə növbələşdirmək məqsədəmüvafiqdir. V-IX siniflərdə bu dərsləri həftənin günlərinə görə də bərabər bölüşdürmək lazımdır.
10. Dərs cədvəlinin tərtibində şəraiti elə qurmaq lazımdır ki, tədris müvafiq kabinetlərdə təşkil edilsin.
11. Yaxşı olardı ki, ibtidai siniflərin cədvəlində bir gün “yükdən azadolma günü” tətbiq olunsun. (Nisbətən əyləncə xarakterli, zehni gərginliyi az tələb edən gün).
12. Dərs cədvəllərinin hazırlanmış bir neçə variantı bütün müvafiq və maraqlı şəxslər ilə müzakirə edilir, bundan sonra o, məktəbin direktoru tərəfindən təsdiq edilir və əvvəlcədən müəyyən olunmuş yerlərdə asılır.
13. Təcrübə və araşdırmalar göstərir ki, zehni iş qabiliyyəti şagirdin təlim həftəsinin müxtəlif günlərində eyni deyil. Həftənin əvvəlində (bazar ertəsi) və sonunda (cümə) onun səviyyəsi aşağı olaraq qalır. Yeni materialın təqdimi və yoxlama işləri tədris həftəsinin ortalarında, 2-4-cü dərslərdə keçirilməlidir.

14. Dərs cədvəli tərtib edilərkən müəllimlər üçün metodik günün müəyyənləşdirilməsi məqsədə-uyğundur.