FƏAL DƏRS MODELİNİN TƏHLİLİ…

MAHİRƏ NURİYEVA- Binəqədi rayon 298 nömrəli tam orta məktəbin Təlim-təriyə işləri üzrə direktor müavini

                                              FƏAL DƏRS MODELİNİN TƏHLİLİ…

 

Bilirik ki, ənənəvi dərsdə müəllim əsas bilik mənbəyi olub öyrədən , şagird isə  öyrənən  rolunda çıxış edir. Ənənəvi təlim hafizəyə əsaslandığı halda  fəal təlim isə təfəkkürə əsaslanır. Belə ki, ənənəvi tədrisdə avtoritar üslub, fəal təlimdə isə demokratik üslub üstünlük təşkil edir. Ənənəvi dərsdə şagird bilikləri hazır şəkildə yəni, müəllimin izahından qavrayıb yadda saxlayır. Fəal təlimdə isə şagird yeni bilikləri tədqiqat zamanı axtarışlar aparmaqla əldə edir.

Onu da qeyd etmək lazımdır ki, ənənəvi təlim ölkəmizə bir çox alimlər, mütəxəssislər, siyasətçilər bəxş edib. Biz bunları da dana bilmərik.

BƏS NƏ ÜÇÜN  FƏAL TƏLİM ƏNƏNƏVİ TƏLİMİ ƏVƏZ ETMƏYƏ BAŞLADI?

Zamanla dövrümüzün müəyyən tələbləri və cəmiyyətdə dəyişikliklərin meydana gəlməsi ilə rastlaşdıq:

  • Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması
  • Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid
  • Dünya təhsil sisteminə inteqrasiya.
  • İnformasiya əsrinin tələbləri, texnikanın inkişafı, informasiya-kommunikasiya texnologiyalarının meydana gəlməsi və s.
  • Təhsilin məqsəd və vəzifələrinə artıq yeni baxış və yanaşmaların yaranması
  • Mövcud ümumi təhsil proqramlarının dövrün tələbləri ilə uyğunlaşmaması və sə

Bu kimi səbəblər artıq yeni bir təhsil proqramının meydana gəlməsinə şərait yaratdı. Kurikulum sənədi tərtib edildi. Kurikulum sənədinin tətbiqi isə artıq fəa təlimin zərurriliyini göstərdi. Çünki, müasir dövrümüzün şagirdini artıq yeni üsul və formalarda təhsilə cəlb etmək labüd oldu.

 

Müasir dərs modelini necə dərk edirəm  

 

Fəal dərsin təşkili qaydaları və eləcə də hər bir mərhələnin böyük fəlsəfi əsası vardır.

İlk növbədə qeyd edək ki, dərsin təşkilində aşağıdakı prinsiplər ödənilməlidir:

Pedaqoji prosesin tamlığı

Təlimdə bərabər imkanların yaradılması

İnkişafyönümlülük

Şagirdyönümlülük

Fəaliyyətin stimullaşdırılması

Dəstəkləyici mühitin yaradılması

Bu prinsiplər təhsilalanın həyatında çox mühüm ro oynayır. Gəlin diqqət edək:

Pedaqoji prosesin tamlığı: Təlim məqsədləri kompleks formada (öyrədici, inkişafetdirici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir. Məqsədlərə hansı strategiya ilə çatmaq lazım olduğunu bu prinsip özündə əks etdirir.

Bu isə şagirdin təlim prosesində həm elmə yiyələnməsini, həm tərbiyə almasını, həm də onun şəxsi keyfiyyətlərinin  və elmi biliklərinin inkişafını təmin edir. Əlbəttə ki, bu prosesi  müəllim icra edir. Burdan belə nəticəyə gəlmək olar ki, müəllim şagirdə tərbiyə, bilik və bacarıqlar aşılamaqla onu inkişaf etdirir.

Təlimdə bərabər imkanların yaradılması: Bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir.  Əgər müəllim bu prinsipi qoruyub saxlaya bilirsə, şagirddə ədalətlilik hisləri yetişdirir.

İnkişafyönümlülük:  Şagirdlərin idrak fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, baçarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir.  Fikir versək görərik ki, şagirdlərin nailiyyətləri təhlil edilməklə idrak fəallığı izlənilməklə onun bilik, bacarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir. Bu prinsipə əsasən demək olar ki, şagirdin eyni istiqamət üzrə bilik və bacarığı yaşına uyğun olaraq dərinləşir və genişlənir.Bu isə öz növbəsində şagirddə mütəxəssis olmaq və şəxsi keyfiyyətlər kimi xüsusiyyətlər formalaşdırır. Bu günümüzün şagirdi bilik və bacarığını nə qədər dərinləşdiirib- genişləndirə biləcəksə gələcəyimizin vətəndaşı daha yüksək şəxsi keyfiyyətlərə malik olacaq, gələcəyimizin mütəxəssisi isə  daha peşəkar olacaq.

Şagirdyönümlülük:  Tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir. Bu isə deyərdim ki, cəmiyyətimizin gələcəyi  uşaqlarımızın maraq və meyli, istedad və qabiliyyətləri üzərində qurulur. Onu qeyd etmək istəyirəm ki, cəmiyyətimizin gələcəyini sağlam qurmaq üçün uşaqlarımızın dünyagörüşünü, maraqlarını ailə-məktəb birliyi formalaşdırır. Mənim fikrimcə şagirdyönümlülük prinsipində irəli gələn daha bir  məqam bundan ibarətdir ki: hər bir şagirdin istedadını aşkarlamaq və onun gələcəkdə peşə seçimini düzgün istiqamətləndirmək lazımdır.

Fəaliyyətin stimullaşdırılması: Şagirdlərin təlimə marağının artırılması  üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir. Belə hesab edirəm ki, şagirdin  əldə etdiyi ən kiçik nailiyyət belə analiz edilməli, dəyərləndirilməli, və müxtəlif yollarla rəğbətləndirilməlidir. Şagird daha yüksək təlim nəitəcəsi əldə etmək üçün sanki stimul almalıdır. Belə ki, müxtəlif yoxlama və monitorinqlərin aparılması, hər hansı bir kiçik də olsa bir müsabiqənin təşkili, bu proseslərdə şagirdin irəliləyişinin qeyd olunaraq hər hansı bir mükavatvermə, sertifikatvermə və s. yollarla dəyərləndirilməsi, valideynlərlə görüşlərin təşkili, valideynin dərs zamanı övladının bilik və bacarığının şahidi olması şagirdi həvəsləndirə bilir. Bununla da biz şagirddə stimul yaratmaq eyni zamanda məktəb-valideyn əlaqələrini də inkişaf etdirmiş oluruq.

Dəstəkləyici mühitin yaradılması:Pedaqoji proses münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə  təşkil edilir.Düşünürəm ki, müəllim dərs prosesini sinfin maddi-texniki bazasına uyğun qurmaqla,  sinifdə sağlam mühit yaratmaqla şagirdin həm təhsil almasına şərait yaradır, həm də ədalətlilik kimi keyfiyyətlərin aşılamasına  xidmət edir.

 

Gündəlik dərsin planlaşdırılması mərhələləri

Dərsin mərhələləri:

  • Motivasiya (Problemin qoyulması)
  • Tədqiqat mərhələsi (Problemin həlli)
  • İnformasiya mübadiləsi
  • İnformasiya müzakirəsi
  • Nəticə və ümumiləşdirmə
  • Yaradıcı tətbiqetmə və ya  ev tapşırığını verilməsi
  • Qiymətləndirmə (bütün dərs boyu aparılır)

Mən deyərdim ki, dərsin hər bir mərhələsinin gündəlik həyatla əlaqəsi böyükdür. Belə ki, interaktiv dərsdə istifadə edilən hər bir detal şagirdin müstəqil həyatda formalaş

masına  və özünü idarə etməsinə xidmət edir.

 

İndi isə  hər bir mərhələnin şəxsiyyətin yetişməsində hansı rolu oynadığını təhlil etmək istəyirəm.

Motivasiya

Motivasiya – fəal dərsin vacib komponentiolub, təfəkkür prosesini hərəkətə gətirən və

şagirdlərin idrak fəallığına təkan verən  prosesdir.  Yəni , şagirdlərdə idrak fəallığını artırır.

3 üsulla aparıla bilər:

  1. Rəmzi ( simvolik) materialın şərhi
  2. Sual verməyə həvəsləndirmə
  3. Problemin müxtəlif yollarla izahı

Düşünürəm ki, motivasiya mərhələsinin icrası şagirdlərdə düşünmə tərzini formalaşdırır. Daha dəqiq desək düşünərək qabaqcadan proqnoz vermə hisləri formalaşdırır. Bu isə şagirdin gələcəkdə həyati məsələlərdə  və ya rastlaşdığı hər  hansı problem zamanı sonunda nə qazana biləcəyini, yaxud nə itirə biləcəyini öncədən anlama xüsusiyyətlərini aşılayır. Bu isə insanın həyatda riskləri dəyərləndirmə qabiliyyətini inkişaf etdirir.

 

Tədqiqat məhrələsi 

Tədqiqat sualını tamamlamaq üçünşagirdlərə  tapşırıqlar verilir.  Təqdimatlar hazırlanır

(müəyyən bir iş formasında).

Bu mərhələnin məqsədi ondan ibarətdir ki, şagirdlər qoyulan problemin həlli yollarını araşdırır, informasiyalar toplayır.Deyə bilərəm ki, dərsin bu mərhələsi şagirdin  həyatda da ətrafında  baş verən hadisələrin həlli  yollarını  müstəqil araşdırmaq qabiliyyətini  inkişaf etdirir. Qoyulan problemləri tədqiq etməklə, müxtəlif mənbələrdən istifadə edərək  araşdırmalar apararaq özləri də bilmədən tədqiqatçılıq bacarıqlarına yiyələnirlər.  Tədqiqatçılıq onların gələcəkdə peşə seçimində və elmi araşdırmaların aparılmasında mühüm rol oynayacaq. Bundan əlavə şagird sinif otağında qazandığı bacarıq hesabına cəmiyyətdə baş verən hər bir hadisəni düzgün təhlil edəcək və  sosial mühitlə əlaqədə özünü daha inamlı aparacaq, düzgün mövqe nümayiş etdirməyi öyrənəcək.

 

İnformasiya mübadiləsi:

Şagirdlər əldə etdikləri yeni informasiyaları  digər  iştirakçılara  ötürür. İş vərəqəri

lövhədən asılır.  Bununla da  şəgriddə özünü təqdimetmə bacarığı formalaşır.Eyni zamanda şagirdlər növbə ilə bir-birini gözləməyi öyrənir. Hesab edirəm ki,  insan istər şəxsi, istərsə də iş münasibətlərində özünü təqdimetmə qabiliyyəti sonrakı münasibətlərin bünövrəsini təşkil edir.

İnformasiyanın müzakirəsi    

Şagirdlərin  hazırladıqları təqdimatlar və informasiyalar müzakirə edilir. Düzgün və yanlış cavablar ayırd edilir.

Bu mərhələnin məqsədi  yeni əldə edilmiş informasiyaları sistemləşdirmək  və hazırlanan təqdimatlar arasındakı əlaqəni üzə çıxarmaqdan ibarətdir. Beləliklə də şagirddə öz fikrini rahat və sərbəst söyləmə bacarığı formalaşır.

Müəllim köməkçi suallardan istifadə etməklə  faktların məqsədyönlü müzakirəsini təşkil edir.

  Nəticə və ümumiləşdirmə

Nəticəyə gəlmək üçün müəllim şəgirdlərin köməyi ilə informasiyaları ümumiləşdirir  və əldəedilmiş ideyanı  tədqiqat sualı ilə və  şagirdlərin ilkin fərziyyələri ilə müqayisəsinitəşkil edir.

Bu mərhələ isə şagirddə hadisələrə düzgün münasibət bildirməyi və eyni zamanda  sərbəst nəticə çıxarmaq qabiliyyətini formalaşdırır.

Yaradıcı tətbiqetmə

Bu mərhələdə şagirdlərin biliyi möhkəmləndirilir.  Praktik əhəmiyyətlidir.  Əldə edilmiş nəticələrə əsasən praktik iş, test tapşırıqları, məsələlər, verilə bilər. Bəzi bölmə və mövzu

larda Venn diaqramı, Klaster və s. Işlənə bilər.

Əgər yaradıcı tətbiqetməni dərhal icra etmək olmursa, o sonrakı dərslərdə aparıla bilər və

ya ev tapşırıqları verilə bilər.

Bu mərhələ şagirddə bilik və bacarıqların gündəlik həyatda da tətbiqetmə bacarığının formalaşmasına  xidmət edir. Yəni, şagird sinif otağında qazandığı bilik və bacarıqları sosial mühitlə əlaqəsində düzgün tətbiq etməyi öyrənir. Bununla da biz PİSA qiymətləndirməsinə hazır ola bilərik. PİSA qiymətləndirmə özü də məhz şagirdin sinif otağında qazandığı elmi bilikləri sosial mühitlə əlaqəsində tətbiqetmək bacarıqlarını qiymətləndirir.

 

Ev tapşırıqlarının verilməsi:

Əldə olunmuş biliklər, bacarıq və vərdişlərin      möhkəmləndirilməsi üçün ən geniş yayılmış iş forması ev tapşırıqlarıdır. Ev tapşırıqlarının  tədqiqat və yaradıcılıq elementləri ilə zəngin olmasına xüsusi diqqət vermək lazımdır.

Məsələn, müxtəlif yaradıcı işlər, referatlar, layihələr, tədqiqatlar və s.

Ev tapşırıqlarının verilməsi hesab etmək olar ki, şagirdə  məsuliyyət hissi aşılayır.

 

Qiymətləndirmə  – şagirdlərin təlimdəki fəaliyyətlərinin izlənilməsi prosesidir. Qiymətləndirmə konkret meyarlar üzrə aparılmalıdır. Müəllim  şagirdləri əvvəlcədən bu meyarlarla tanış etməlidir.

 

Refleksiya – təlim prosesinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verir.

Şagirdlərə bəzi suallar verməklə ( məsələn, biz nə etdik?, bu nəticəyə gəldik? və s) onların fikirləri sistemləşdirilir və şagirdin təlim fəaliyyəti bir daha nəzərdən keçirilir.

 

                 Hansı nəticəyə gəldim

 

Fəal (interaktiv) dərsdə ənənəvi  dərsdən fərqli uşaqlar özləri biliyi əldə edir, onlar fəaldır, təlim prosesinə cəlb olunurlar, müəllim fasilitator rolunu oynayır, amma sinfəhakim  olmur, sinifdəki  iqlim uşaqların sərbəstləşməsinə səbəb olur, uşaqlar öz fikirlərini söyləməyə qorxmurlar.

Mənim fikrimcə, interaktiv dərs dərs sanki, elm aləminə edilən bir səyahətdir. Şagirdlər burda tədqiqatçı kimi tanımadıqları çığırla addımlayırlar. Müəllim isə onlara düzgün yol göstərən işığa bənzəyir. Bundan əlavə  onu da qeyd edimki, dərs elmə əsaslanan əyləncəli şəkildə keçərsə şagirdlərin yeni informasiyalar fəth etməyə marağı artır və əldə edilmiş informasiyaların onların beyində daha möhkəm yer almasına zəmin yaradır. Fəal (interaktiv) dərs ənənəvi dərsdən nə qədər çox fərqlənsə də onun da  dəqiq strukturu var və qarşıya qoyulan məsələləri həll etməyə imkan verir, uşaqlar biliklərə yiyələnir, tədris proqramı zərər çəkmir.

Mən də bir müəllim kimi gündəlik dərslərimi planlaşdırarkən bu qaydaları gözləməklə yanaşı  hər bir şagirdin marağını da nəzərə almağa çalışıram. Belə olan təqdirdə onların hər birinin bacarığını və məntiqini üzə çıxarmaq mənim üçün daha asan olur.  Bu isə sinifdə çox asanlıqla qiymətləndirmə aparmağıma kömək edir.Bütün bunları dərindən fikirləşdikdə fəal təlimin gözəlliyini anlayıram və eyni zamanda da müasir bir müəllim kimi bu təlimi çox yüksək qiymətləndirirəm.

Dərsdə istiafdə edilən tapşırıqların düzgün hazırlanması və düzgün mərhələdə tətbiqi dərsin sonunda düzgün təlim nəticələrinin əldə olunmasına səbəb olur. Tapşırıqların hazırlanmasında taksonomiyaların tələblərinin ödənməsi qarşımıza qoyulan standartın tam ödənilməsi deməkdir.

Müasir dərs modelini tam həyata keçirə bilsək bu həm də beynəlxalq qiymətləndirmələrə hazırlığı da icra etmiş olarıq.

Dövlətin qarşımıza qoyduğu  standartları ödəməklə biz müəllimlər əsl vətəndaş yetişdirməliyik.

Bu isə müəllim üçün həm çətin, həm də şərəfli bir vəzifədir.

Fəal dərsin mərhələlərinə nəzər yetirdikdə əmin oluram ki, hər bir mərhələni olduğu kimi həyata keçirsəm cəmiyyət üçün yararlı, savadlı, vicdanlı, dürüst və eyni zamanda əsl şəxsiyyət yetirmiş olaram.

Mənə elə gəlir ki, bundan gözəl bir fəaliyyət ola bilməz!!!!!!!

 

 

 

TƏKLİF

Amma sonda onu qeyd etmək istəyirəm ki. məktəblərdə fəal dərslə bağlı bir çox çətinliklər yaşanır.

Müəllimlər müxtəlif fənlərin  tədrisində kurikulum sənədinə əsaslanıb   fəal dərsin mərhələlərini düzgün qurmaqda bəzən çətinlik çəkirlər. Bəzən isə dərsin gündəlik planlaşdırılması istiqamətində nəzəri biliklərə sahib olsalar da konkret mövzuya aid fəal dərs modeli qurmaqda problem yaşanır. Dərsin mərhələlərinə uyğun tapşırıqlar bəzən düzgün seçilmir, bu isə təlim nəticələrinə nail olmağa mane olur. Bu isə cəmiyyətdə kurikulum sənədinə və fəal təlimə qarşı inamsızlıq yaranır. Bu da öz nəvbəsində təhsilin keyfiyyətinə mənfi təsir edir. Şagirdlərin buraxılış və qəbul imtahanlarında zəif nəticə göstərməsinə səbəb olur. Eyni zamanda şagirdlərdə şəxsi keyfiyyətlərin formlaşması da çətinliklə aparılır.

Düşünürəm ki, bu problemləri aradan qaldırmaq üçün ilk növbədə məktəbdə 45 dəqiqəlik dərsin düzgün icra edilməsinə nail olmaq lazımdır. Bu prosesin düzgün icra olunması isə təhsilverənlərin keyfiyyətli işindən asılıdır. Bu asılılığı düzgün istiqamətə yönəltmək üçün müəllim olaraq fikirləşirəm ki, təhsilverənlərin diqqət və marağını kurikulum sənədinə və fəal dərsə yönəltmək lazımdır. Əəgər müəllim dərs prosesini düzgün tərtib edib düzgün icra edərsə, bu şagirdin düzgün təlim nəticələrinə sahib olmasınasəbəb olar, bu da öz növbəsində bütün ölkədə təhsilin keyfiyyətinin artmasına səbəb olar. Bu istiqamətdə müəllimin maraqlarını təmin edən layihə və müsabiqələrə ehtiyac duyuram.

Elə buna görə də III Qrant Müsabiqəsinə “Dərsin gündəlik planlaşdırılması” adlı layihə ilə müraciət etmişəm. Layihə çərçivəsində müsabiqədə qalib olacaq şəxslər müxtəlif hədiyyələr, diplom və sertifikatlarla qiymətləndiriləcəklər. “Dərsin gündəlik planlaşdırılması” mövzusunu həmkarlarım arasında daim diqqətdə saxlamağı düşünürəm.