Direktor işini qarşılıqlı hörmət, humanizm, bərabərlik, şəffaflıq, ədalətlilik prinsipləri üzərində qurur.

Rəhbərlik üslubunun təsnifatının bir neçə tipi vardır ki, bu da özündə ən çox yayılmış üç növü birləşdirir.
• Direktiv. ( Avtoritar) • Demokratik • Liberal ( Səhlənkar)
Avtoritar rəhbərlik üslubu: Rəhbərin nüfuzuna əsaslanan üslub tipidir. Əgər rəhbərlik idarəetmənin sırf iradi priyomlarına əsaslanarsa və vəzifədən sui-istifadə etməklə ifadə olunarsa, bu halda avtoritar üslub inzibati-amirlik üslubuna çevrilir. Bu isə kor-koranə tabeçiliyə, itaətə və rəhbərin iradəsinin həyata keçirilməsinə əsaslanır. Bu halda insana sadəcə obyekt kimi – itaətkar icraçı qismində yanaşılır, onun rəyi, maraq və mənafeyi nəzərə alınmır. Rəhbərin yalnız öz qaydaları hökm sürür. Avtoritar üslubun əsas vasitələri əmr, tələb, qadağan və cəzadır. Bu üslubda rəhbər qarşı tərəfə “yuxarıdan aşağıya” baxır, hər xırda hadisəyə sərt reaksiya verir, qarşısındakı insanın fikir və təşəbbüslərini dinləmir. O, yalnız ciddi intizam tətbiq edir, dəqiq vəzifə bölgüsü aparır, qarşılıqlı anlaşmalara gətirib-çıxaracaq mübahisə-müzakirələrə yol vermir, qrupun rəyinə qulaq asmır, yalnız hamıdan öz qərarlarına tabeçilik gözləyir. Belə üslub pedaqoji ünsiyyəti çətinləşdirir, bəzən itaətsizlik, müqavimət və münaqişələrin yaranması ilə sonuclanır.
Demokratik rəhbərlik üslubu: Əməkdaşlığa əsaslanan üslubdur. O qarşılıqlı hörmət, humanizm, bərabərlik, şəffaflıq, ədalətlilik prinsipləri üzərində qurulur. Bu üslubda insana təlim-tərbiyə prosesinin fəal iştirakçısı – subyekti kimi baxılır, onun rəyi, fikirləri, təşəbbüsü, mənafeyi bəzən arzuları belə nəzərə alınır. Rəhbər öz tələblərini məcburi şəkildə, zorla qəbul etdirmir. Əksinə, o, daim qarşı tərəfi inandırmağa çalışır. Nəticədə onun tələbi şüurlu şəkildə dərk edilir və könüllü qəbul edilir. Demokratik idarə üslubunun əsas vasitələrini inandırma, xahiş, məsləhət, təklif təşkil edir. Məktəb rəhbərləri qərar qəbul edərkən kollektivlə, fəallarla məsləhətləşir, yeri gəldikdə güzəştə gedirlər. Demokratik üslub normal ünsiyyət qurmağa, sağlam sosioloji-psixoloji mühit yaratmağa, insanın şəxsi ləyaqət hissini qorumağa, rəhbər işçinin nüfuzunu yüksəltməyə və başlıcası səmərəli idarəetməyə imkan verir.
Liberal rəhbərlik üslubu. Ünsiyyətdə səhlənkarlığa, laqeydliyə əsaslanan üslubdur. Bu idarə üslubu daha rahat idarəçilik üslubudur və liderin (menecerin) qərar qəbulu prosesinə təsiri minimuma endirilir. Burada qərar qəbulu prosesinə nəzarət tamamilə əməkdaşlara verilir. Bu zaman işçilər müstəqil olmaqla yanaşı, daha çox məsuliyyət daşıyırlar. Buna görə də təlimat və istiqamət almaqla daha məhsuldar çalışan şəxslərə bu idarəçilik üslubunun tətbiqi səmərəsiz olur. Bu təcrübə nəticəsində müəyyən olunub ki, ən səmərəli idarəçilik üslubu demokratik idarəçilikdir. Avtoritar idarəçilik üslubu inqilaba yol açır, liberal idarəçilik üslubunda isə əməkdaşlar işlərində ardıcıl olmurlar.

Müasir təhsil menecerliyi
Cavid Əli oğlu Turan