Demokratiya və Milli Dəyərlərin Təbliği İctimai Birliyi maarifçi layihəyə start verdi

Əli Cəfərov: “Şagirdlər yol hərəkəti qaydalarını öyrənməklə yanaşı, yaradıcılıq potensiallarını da üzə çıxaracaqlar”

Uşaqlarımıza, şagirdlərə – gələcəyin azərbaycanlılarına səslənirik. Qarşılayın. Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi məhz sizləri düşünərək, sizlərin bütün mənalarda, bütün səviyyələrdə dinamik inkişafınızı təmin edə biləcək yeni bir layihə ilə görüşünüzə gəlir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəyərləndirib maliyyələşdirdiyi “Şagirdlərin yaradıçılıq qabiliyyətlərinin inkişaf etdirməklə yol hərəkəti qaydalarının təbliği” layihəsi bir deyil, bir neçə fundamental aspektləri özündə əks etdirir. Layihənin bir neçə hədəfi mövcuddur: yol hərəkəti qaydalarının nəzəri və praktiki baxımdan mənimsənilməsi; şagirdlərin daxilindəki potensial – yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması; sağlam təfəkkürlü, çevik düşüncə tərzinə malik gənc nəslin yetişməsinə nail olunması; layihənin icrasından bəhrələnib müvafiq mükəmməl biliyə sahib Azərbaycan vətəndaşlarının yetişdirilməsi və s.
Layihənin hansı səbəblərdən bu qədər geniş spektri əhatə etməsini Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri, layihənin müəllifi Əli Cəfərov sualımızın cavabında bir sıra vacib məsələləri gündəmə gətirmək istədiklərinin səbəblərini sadaladı: “Əvvəla, yol hərəkəti qaydalarının praktiki və nəzəri baxımdan mənimsənilməsi barədə danışmaq istərdim. Adətən mətbuatda, elektron və internet mediada bu çox vacib, həyati təhlükəsizliyimizin əsaslarını təşkil edə biləcək mövzu barədə çox az hallarda danışılır, yazılır. Qəribə burasıdır ki, hər gün yol hərəkət qaydalarının pozulması səbəbindən baş verən ağır və yüngül xəsarətli olaylar barədə məlumatlar media qurumlarında yer alsa da, onların başvermə səbəbləri və bu səbəblərin maarifçilik yolu ilə aradan qaldırılması yollarının təbliği çox aşağı səviyyədədir. Axı, bu sıradan baş verənlər anındaca unudulası problemlərdən deyil. Görün, bu hadisələr arxasınca nə boyda sağalmaz yaralar qoyub gedir, nə qədər ailələri başsız, nə qədər ailələri övladsız qoyur. Bu həmin soydaşlarımız üçün heç zaman unudulmayacaq, heç nə ilə müqayisə olunmayacaqn ən ağrılı olaylardır. Bir çox hallarda bu hadisələrə səbəb kimi sürücü və piyadaların yol hərəkəti qaydalarını lazımınca bilməmələri, hətta bəzən sürücülük vəsiqələrini neqativ vasitələrlə əldə etmələri kimi hallar göstərilir. Ona görə də bu layihə vasitəsilə gələcəyimiz olacaq şagirdlərin hələ yeniyetməlik dövrünə çatmamış yaşlarından onları maarifləndirmək qərarına gəldik”.
Birlik sədrinin layihə ətrafında söylədiyi digər fikirlər də diqqətçəkən idi: “Maarifçiliyə hesablanmış bu addımımız özü ilə digər bir maarifçilik ideyasını da gündəmə gətirməyimizlə nəticələnəcək. Belə ki, şagirdləri yalnız nəzəriyyə ilə məlumatlandırmaq hələ işin yarısı hesab olunur. Təcrübə göstərir ki, nəzəri biliklərdən fərqli olaraq, ümumiyyətlə praktiki işlər və hərəkətlilik onların diqqət və marağını özünə daha çox cəlb edir. Üstəlik şübhə yoxdur ki, ilk yerləri qazanmaq uğrunda təşkil edəcəyimiz müxtəlif səpkili yarışlar – sual-cavab, rəsm müsabiqələri, səhnəciklər şagirdlərin yol hərəkəti qaydalarını mükəmməl öyrənmələri ilə nəticələnəcəkdir. Həvəsləndirici mükafatların təqdim edilməsi isə bu yarışları, xüsusilə də yarışlar vasitəsilə öyrəndiklərini onların yaddaşlarına əbədi həkk edəcəkdir”.
Layihənin nəticə olaraq hədəflədiyi amil isə artıq qeyd etdiyimiz kimi sağlam təfəkkürlü, çevik düşüncə tərzinə malik gənc nəslin və mükəmməl biliyə sahib Azərbaycan vətəndaşlarının yetişdirilməsi istiqamətində xüsusi töhfələr verməkdən ibarətdir. Layihənin rəhbəri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Əli Cəfərov daha bir vacib nüansa da toxundu. Onun sözlərinə görə icraçılar layihə çərçivəsindəki təlimlər vasitəsilə şagirdləri bir sıra neqativ hallardan, zərərli vərdişlərdən də uzaqda tuta biləcəklər. Bu da şübhəsiz ki, sağlam düşünən və sağlam bədənli ölkə vətəndaşlarının yetişməsində əhəmiyyətli bir amil kimi yaddaşlarda qalacaqdır.
Onu da qeyd edək ki, layihə bir neçə təlimin reallaşdırılması ilə müşayiət olunacaq. Layihənin icrasına bir sıra tanınmış ekspertlər və münsiflər heyəti cəlb olunub. Onların şagirdlərlə birbaşa təmasları yaradılacaq. Ekspert və münsiflər həm şagirdlərin maarifləndirilməsi prosesinə cəlb olunacaq, həm də təbii ki, müsabiqələrin yaxşı nəticələrinin qiymətləndirilməsi prosesini həyata keçirəcəklər.
Layihə icracılarının ən başlıca məqsədləri bütün görülən işləri, təlimləri respublika miqyaslı media vasitəsilə ictimailəşdirmək, onları bu yolla ölkəmiz üzrə bütün şagirdlərin, gənclərin, ümumiyyətlə geniş ictimaiyyətin diqqətinə çatdırmaqdır. İctimai Birliyin nəzdində fəaliyyət göstərən Deyerlerimiz.az internet saytının əməkdaşları isə layihə boyu atılacaq ən kiçik addımları belə anındaca bu saytın səhifəsində yerləşdirəcəklər.
Təlimlərin izlənməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşlarının və media qurumlarının iştirakı bilavasitə təmin ediləcəkdir.

Demokratiya və Milli Dəyərlərin Təbliği İctimai Birliyi maarifçi layihəyə start verdi