Dərs cədvəli-tədris prosesinin nizama salınması normativ sənədlərə uyğun olmalıdır.

Tədris prosesinin nizama salınması normativ sənədlərə uyğun olmalıdır. Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin, ümumilikdə götürdükdə təhsil prosesinin təşkilində bir sıra sənədlərin düzgün tərtibi mühüm şərtdir. Bu proseslərin normal təşkilini təmin edən əsas normativ sənədlərdən biri dərs cədvəlidir.
Təcrübə göstərir ki, bu normativ sənədlərdən biri dərs cədvəli hesab edilsə də hazırda bu sənədin bir normativ əsas kimi tətbiqində qeyri-müəyyənlik vardır. Halbuki dünya təhsil təcrübəsində dərs cədvəlinin tərtibinə verilən pedaqoji tələblər bundan ibarətdir ki, müvafiq tövsiyə, birinci növbədə səhiyyə nazirliyi tərəfindən təsdiq olunduqdan sonra hüquqi sənəd hesab olunaraq Təhsil Nazirliyi tərəfindən yerlərə paylanmalıdır.

Doğrudan da, dərs cədvəli pedaqoji prosesi tənzimləyən sənəd kimi həm də məktəblinin sağlamlıq, psixo-fizioloji və emosional sferasına uyğun şəkildə tərtib olunmalıdır. Buna görə də dərs cədvəlinin tərtibinə ciddi diqqət yetirmək lazımdır. Başqa sözlə desək, dərs cədvəlinin tərtibi pedaqoji, psixoloji, fizioloji-gigiyenik tələblərə cavab verməlidir. Şübhəsiz, hər bir ümumtəhsil məktəbi və ya tədris müəssisə rəhbəri çalışar ki, tərtib etdiyi dərs cədvəli pedaqoji-psixoloji tələblərə cavab versin, həm təhsil prosesi, həm də insan amili (istər müəllim, istərsə də şagird) nəzərə alınsın. Lakin bu bir faktdır ki, dərs cədvəlinin tərtibində bəzi obyektiv və subyektiv çətinliklər meydana çıxır.
Adətən, dərs cədvəlinin tərtibində meydana çıxan çətinliklər aşağıdakı istiqamətdə olur:

1. Dərs cədvəlini tərtib edənin cədvələ verilən əsas pedaqoji tələbləri bilməməsi;

2. Dərs cədvəlini tərtib edərkən mükəmməl olmayan üsullardan istifadə edilməsi.
Araşdırmalarımıza əsasən deyə bilərik ki, Azərbaycan ümumtəhsil sistemində dərs cədvəlinin tətbiqi müəyyən məktəblər var, məsələn:

a) ciddi pedaqoji tələblərə,
b) müəllimin istəyinə,
c) dərs hissə müdirinin istəyinə,

d) haqlı olaraq məktəbin şəraitinə əsaslanır (məsələn, məktəb 2- 3 növbəli, uşaq sayı 2 mindən artıq gimnaziya və liseylər olduğu, fənn kabinetlərinin sinif sayına uyğun gəlmədiyi, əvəzçiliklə işləyən müəllim sayının çox olduğu halda və s.).

Adətən, dərs cədvəlini tədris planına əsasən, müəllimlərin tədris yükünə görə mexaniki bölüşdürmə prinsipi üzrə tərtib etdikdə, o, məktəbdə işin pozulmasına səbəb olur. Cədvəldə dərslərarası boş dərs saatının olması da müəllimin iş gününü uzadır, yaxud onun bir gündə dərslə həddindən artıq yüklənməsi yorğunluğa səbəb olur. Dərs cədvəli pedaqoji tələblər nəzərə alınmaqla tərtib edilərsə, müəllimlərə öz peşə fəaliyyətlərini məqsədəuyğun təşkil etməyə, dərs planlarında qarşıya qoyulmuş vəzifələri düzgün, sistemlə həyata keçirməyə imkan verər.

Dərs cədvəlinin tərtibində ümumi pedaqoji prinsiplər və müəyyən amillər nəzərə alınmalıdır. Prinsiplər aşağıdakılardır:
a) davamlılıq, b) sistemlilik, c) ardıcıllıq, ç)ədalətlilik.
Dərs cədvəli tərtib edilərkən cədvəlin tərtibinə verilən pedaqoji, psixoloji və gigiyenik tələblər nəzərə alınmalıdır.