Cənab İlham Əliyev elm və təhsilin problemlərini daim diqqət mərkəzində saxlayaraq ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etmişdir.

 

Ağdam rayon 58 saylı köçkün ümumi orta məktəbin ibtidai sinif müəllimi Abbaslı Samirin yazısını sizlərə təqdim edirik

İbtidai təhsil səviyyəsinin inkişafında məktəbəqədər təhsilin rolu

Müasir dövrdə elmi-intellektual potensial hər bir xalqın mütərəqqi inkişafının mühüm amilinə çevrilmişdir. Qloballaşan dünyada dövlətin öncüllüyü, milli inkişaf səviyyəsi və gələcək taleyi bu strateji sahənin mövcud durumu ilə şərtlənir. İqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış ölkələrin nailiyyətləri məhz elmə, təhsilə yüksək diqqət və qayğı sayəsində əldə edilmişdir.

Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan dövlət başçısı cənab İlham Əliyev elm və təhsilin problemlərini daim diqqət mərkəzində saxlayaraq ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etmişdir. Azərbaycan Prezidentinin elm və təhsilin davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində Heydər Əliyev Fondunun son 10 illik fəaliyyəti də xüsusi vurğulanmalıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə respublikamızın təhsil sahəsində görülən işlər qayğı və diqqətin bariz numunəsidir.  2014-cü il fevralın 24-də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə keçirilən müşavirədə “Məktəbəqədər müəssisələrin inkişafı” proqramı təqdim olunub. Bundan sonra ölkəmizin müxtəlif regionlarında məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsi genişləndirilməyə başlanıb.

“Təhsil haqqında” Qanuna görə, təhsil məktəbəqədər mərhələdən başlanır. Bununla belə, məktəbəqədər təhsil müəssisəsinə gələnə qədər uşaq ailədə tərbiyə olunur. Onu da etiraf etmək lazımdır ki, uşaqların xeyli hissəsi məktəbəqədər təhsil mərhələsini, eləcə də məktəbəhazırlıq dövrünü keçmədən birbaşa məktəbə qəbul edilirlər. Beləliklə, aydın təsəvvür olunur ki, uşağın tərbiyəolunma sistemində varisliyin pozulması halları bu zamandan başlanır. Belə nəticə çıxarmaq olar ki, yaranmış problemin həlli məqsədilə, ilk növbədə, valideynlər üçün yerlərdə metodiki məsləhət və əlaqələndirmə mərkəzləri təşkil edilməlidir. Yəni məktəbəqədər təhsil müəssisələrindəki təlim-tərbiyə prosesi ailələrdəki eyni prosesin, ibtidai təhsil isə məktəbəqədər təhsil və məktəbəhazırlıq təliminin davamı kimi vahid sistemdə birləşməlidir. Yalnız bu halda uşağın psixoloji və mənəvi cəhətdən məktəb təliminə hazır olmasından danışıla bilər. Belə bir sistemin qurulması, heç şübhəsiz, ibtidai təhsilin keyfiyyətinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərə bilər.

Bütün dünyada olduğu kimi ölkəmizdə də məktəbəqədər təhsil geniş yayılmışdır. Məktəbəqədər təhsil uşaqların məktəbə hazırlıqlarını və digər məsələləri özündə birləşdirir. Bir sıra dərsliklərdən, o cümlədən kiçik yaşlı uşaqlara uyğun plakatlardan, müxtəlif şəkilli kitablardan və digər  əyani vəsaitlərdən  istifadə etməklə müxtəlif dərslər keçirilir. Məktəbəqədər təhsil uşaqların istər  intellektual, istərsə də fiziki və psixoloji inkişafında, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq hisslərinin və həyati bacarıqların formalaşmasında mühüm rol oynayır.

Məlumdur ki, məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir.

Son illər ərzində təhsilin, o cümlədən məktəbəqədər təhsilin inkişafının yeni prioritetlərini müəyyən edən əhəmiyyətli normativ-hüquqi sənədlər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Məktəbəqədər təhsilin proqramı (kurikulumu), Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası qəbul edilmişdir.
Təhsildə əsas dəyər uşaqdır. Məktəbəqədər yaş dövrü isə təkcə məktəb həyatına hazırlıq mərhələsi deyil, eyni zamanda insan həyatının ən məsuliyyətli, ən mühüm yaş dövrüdür ki, bu dövrdə insanda bütün mənəvi dəyərlərin təməli qoyulur. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda deyildiyi kimi, “Təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi vacibdir. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur”. Məktəbəqədər təhsil keyfiyyətli uşaqların təlim və tərbiyə prosesinin vəziyyəti və nəticəliliyi ilə müəyyən edilir.
Müasir təhsildə uşağın fərdi inkişafını qəbul edən ən təbii yanaşma hesab olunur. Şəxsiyyətyönümlü model uşaqların emosional, sosial və idraki inkişafına eyni dərəcədə əhəmiyyət verir. Belə yanaşma uşağın nəinki ibtidai təlimində, eyni zamanda uzunmüddətli perspektivdə daha yaxşı nəticələr verir. Belə ki, uşaqlar təşəbbüskar, yaradıcı, müstəqil, özünə inamlı böyüyürlər. Əsas onu anlamaq lazımdır ki, hər bir gələcək birinci sinif şagirdində müvafiq daxili mövqe formalaşdırılmış olsun.

Ümumi təhsilin ilk səviyyəsi olan ibtidai təhsilin məqsədi təhsilalanlara oxumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

 

Təcrübə göstərir ki, ibtidai təhsildən ümumi orta təhsilə keçiddə ciddi problem müşahidə olunmur. Bu səviyyəni uğurla başa vuran şagirdlər maneəsiz növbəti səviyyədə təhsillərini davam etdirirlər. Statistika göstərir ki, hər tədris ilində təxminən 150 min şagird ibtidai təhsildən ümumi orta təhsilə keçir.

 

Hazırda ümumi təhsil sistemində yeni qiymətləndirmə sisteminin tətbiqi ilə əlaqədar ibtidai təhsil səviyyəsinin sonunda (IV sinifdə) milli qiymətləndirmənin keçirilməsi nəzərdə tutulmuşdur. Bir sıra ölkələrdə ibtidai təhsil səviyyəsindən növbəti səviyyəyə keçiddə xüsusi imtahanlar təşkil edilir ki, şagirdin növbəti səviyyədə hansı profil üzrə təhsil alacağı müəyyənləşdirilsin.

 

Təhsil hər bir ölkənin insan inkişafı və dövlətin gələcəyi üçün vacibdir. Biz artıq elə bir sürətlə dəyişən dövrdə yaşayırıq ki, təhsil sahəsində atılan addımlar müasir tələblərlə deyil, gələcəyin perspektivləri üzərində köklənməli və kəmiyyətə deyil, keyfiyyətə yönlənməlidir.