Azad həmkarlar təşkilatı məktəbin kollegial idarə olunmasında fəal iştirak edir.

Həmkarlar təşkilatı

Azad həmkarlar təşkilatı məktəbin kollegial idarə olunmasında fəal iştirak edir. Belə ki, təhsil müəssisələrində əmək prosesinin təşkili, adamların yaradıcılıq təşəbbüskarlığının yüksəldilməsi, dövlət və əmək intizamının möhkəmləndirilməsi, əmək ehtiyatlarından səmərəli istifadə, əməyə şüurlu münasibətin tərbiyə edilməsi, kollektivin hər bir üzvünün sosial şəraitinin yaxşılaşdırılması, onların əməyinin stimullaşdırılması, hüquq və vəzifələrinin qorunması və s. məsələlər əsas aparıcı qüvvə hesab edilir və əmək kollektivinin idarəetmə orqanı kimi fəaliyyət göstərir. Bu təşkilat məktəbin digər ictimai təşkilatları ilə əlaqəli fəaliyyət göstərən müstəqil təşkilatdır. Təşkilat məktəb həyatının bütün sahələrini əhatə edən bir sıra idarəetmə qərarları qəbul etmək səlahiyyətinə malikdir. Azad həmkarlar təşkilatı məktəbin bütün işçilərini idarəetməyə cəlb edən kütləvi ictimai təşkilat olmaqla kollektivdə əməyə şüurlu münasibət tərbiyə edilməsi, hər bir pedaqoji işçinin və məktəbin digər işçilərinin öz işinə tam məsuliyyətlə yanaşması, kollektiv üzvlərinin əmək və maddi-məişət şəraitinin daha da yaxşılaşdırılması, hər bir işçinin əmək hüququ və mənafeyinin mühafizə olunması, müəllimlərin peşə hazırlığının müntəzəm artırılması, təlim-tərbiyə işçilərinin keyfiyyət göstəricilərinin yüksəldilməsi qayğısına qalan idarəetmə orqanıdır. Azad həmkarlar təşkilatının məktəbin böyük –kiçikliyindən asılı olaraq büro və ya istehsalat müşavirəsi kimi kollegial idarəetmə orqanları formalaşdırılır. Məktəbin Azad həmkarlar təşkilatının başqa ictimai təşkilatlardan əsas fərqli cəhəti ondan ibarətdir ki, bu təşkilat kollektivin bütün işlərini əhatə edir və tam müstəqil təşkilatdır. Ona görə də təşkilat məktəbdəki başqa ictimai təşkilatlara nisbətən daha geniş kollegial orqandır. Azad həmkarlar təşkilatı kollektivin bütün üzvlərinin mənafeyini və hüquqlarını qorumaq məqsədilə məktəb rəhbəri ilə kollektiv müqavilə bağlayır. Böyük kollektivlərdə Azad həmkarlar təşkilatının tərkibində müxtəlif komissiyalar yaradılır. Məsələn, təlim-tərbiyə işinin keyfiyyəti üzərində nəzarət komissiyası; əmək mübahisələri komissiyası; işçilərin sağıamlığının mühafizəsi komissiyası; işçilərin maddi-məişət və mənzil şəraitinin yaxşılaşdırılmasına nəzarət komissiyası; məktəbin binası və avadanlığının mühafizəsi, maddi-texniki təchizat və təsərrüfat fəaliyyəti üzərində nəzarət komissiyası; əmək intizamına nəzarət komissiyası və s. Qeyd olunan komissiyalar ayrıayrılıqda işləyir və vaxtaşırı büro qarşısında hesabat verirlər. Azərbaycan Uşaq Birliyi 1992- ci ildə yaradılmışdır. Həmin ilin 01 fevral tarixindən etibarən Azərbaycan Təhsil nazirinin əmri ilə pioner baş dəstə rəhbəri “Uşaq Birliyi Təşkilatı Rəhbəri” adlandırılır. Azərbaycan Uşaq Birliyi uşaqlar və yeniyetmələri özündə birləşdirən, qarşılıqlı yardım, humanizm və demokratiya prinsiplərinə əsaslanan könüllü birlikdir. O, Azərbaycan Respublikası qanunvericiliklərinə, özünün əsasnaməsinə müvafiq fəaliyyət göstərir. Birliyin məqsədi uşaqların müstəqil həyata hazırlamasında, öz ölkəsinin ləyaqətli vətəndaşı kimi böyüməsində xüsusi rol oynamaqdan ibarətdir. Uşaq Birliyinin Əsasnaməsini qəbul edən, onun işində iştirak edən respublikanın hər bir sakini, 10 yaşdan etibarən birliyin üzvü ola bilər.