Əli Cəfərov: “Şagirdlərin potensial qabiliyyətlərinin yeni çalarlar kəsb etməsini istəyirik”

Əli Cəfərov: “Şagirdlərin potensial qabiliyyətlərinin yeni çalarlar kəsb etməsini istəyirik”

Bu gün Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Bakı şəhəri Suraxanı rayonunda yerləşən Kəlbəcər rayon 23 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirməklə yol hərəkəti qaydalarının təbliği” mövzusunda növbəti təlimini reallaşdırdı.

Təlim Dövlət Himnimizin səslənməsilə başladı. Sonra təlimçi şagirdlərin ötən təlim zamanı öyrədilən dərsləri necə mənimsəmələrini öyrənmək məqsədilə sual-cavaba başladı. Sualların istiqaməti bu mövzularda qoyulmuşdu: “Yol hərəkəti iştirakçıları kimlərdi? ” , “İşıqfor nədir və nə üçün lazımdır?”, “Qadağan siqnalı nə deməkdir?”, “Piyada keçıd nişanları nə üçün lazımdır?”, “Niyə yol hərəkətı qaydalarına riayət etməliyik”. Təlimçi layihənin mövzusundan çıxış edərək şagirdlərə bir daha bildirdi ki, onlar bu layihənin icrası çərçivəsində yol hərəkəti qaydalarını öyrənməklə yanaşı, yaradıcılıq potensiallarını da üzə çıxaracaqlar.

Beləliklə, təlimin sual-cavab hissəsi başlandı. Sual-cavabda şagirdlərdən Kazımzadə Kənan, Məmmədov Maqsud, Kərimova Qəmər, Qurbanov Məhəmməd və Bağırova Aysu fəal iştirak etdilər. Daha sonra təlimçi bildirdi ki, “hər gün yol hərəkət qaydalarının pozulması səbəbindən baş vermış hər bir faciənin nə qədər ailənin ümüd yeri olan uşaqları, yeniyetmələri tələf etdiyini nəzərə alaraq bu tipli hadısələrin qarşısını almaq, həmçinin ölkənin gələcək vətəndaşlarını hələ uşaqlıqdan bu istiqamətdə maarifləndirmək son dərəcə vacib amillərdən biridir. Bu tipli hadisələrin qarşısını almağın, ən azı onun sayını minimuma endirməyin yolları isə çox ciddi şəkildə maarifçilik təbliğatının davamlı şəkildə aparılmasından keçir. Düşünürük ki, maarifləndirmə yolu ilə baş verə biləcək bədbəxt hadisələrdən sizi və ətrafınızdakı insanları mümkün qədər çox qoruya bilərik”.

Təlimçi təlimin davamında sagirdlərə yol nişanları haqqında geniş məlumat verdikdən sonra onlarla praktiki iş aparmaq məqsədilə şagirdləri qruplara böldü. Bu, həm də uşaqlara təkbaşına deyil, qruplar şəklində işləmək bacarıqlarını aşılamaq məqsədi daşıyırdı. Beləliklə, uşaqlar şərti olaraq dörd qrupa bölündülər. Qrupa bölünən uşaqlar rəsm, musiqi, bədii qiraət üzrə verilən tapşırıqları icra etdilər. Qrup işi zamanı “Gənc aktyorlar” qrupu səhnəciklər də göstərdilər. Səhnəciyin hazrılanmasını Bakı Uşaq Teatırının gənc aktyoru Mehman müəllim təşkil etmişdi. Qrup liderləri müəyyənləşdirildi. Uşaqlar verilən tapşırıqların icrasını təqdim etdilər. Təlimçi uşaqların verilən tapşırıqları təqdimatından sonra onlara bir daha suallar verdi. Uşaqlar öz fikir və mülahizələrini sərbəst şəkildə ifadə etdilər.

Sonda söz layıhə rəhbəri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin rəhbəri Əli Cəfərova verildi. O, çıxışında layihəyə cəlb edilmiş şagirdlərə üz tutaraq bildirdi ki, təlimlər nəticəsində mənimsəmiş olduğunuz bilgilər mütləq sizlərdə nümunəvi davranış qaydalarına gətirib çıxaracaqdır: “Sizlərin fərdi yaradıcılıq qabiliyyətlərinizin üzə çıxarılması üçün şans yarandı: rəsm çəkmək, seir söyləmək və kiçik səhnələri təşkil etməklə biz sizin daxilinizdəki potensial qabiliyyətlərinizi həm üzə çıxarmaq, həm də inkişaf etdirərək formalaşdırmaq, onların yeni-yeni çalarlar kəsb etməsinə nail olmaq istəyirik. Zaman göstərir ki, bizim bu istiqamətlərdə indiyə qədər keçirdiyimiz təlimlər nəticəsində vaxtilə müvafiq təlimlərimizin iştirakçısı olmuş, indi artıq ölkəmizin bir sıra ali təhsil ocaqlarında oxuyan tələbələlərdə dövlətə, məktəbə, valideynə hörmət, vətən sevgisi, vətən əxlaqı hissləri, intizamlılıq, məsuliyyətlilik çox yüksək səviyyəyə çatmışdır. Ona görə əminliklə bildirir və bir daha qürur hissi duyuruq ki, onların davamçıları olan sizlərdə də analoji hiss və duyğular özünün ən yüksək səviyyəsinə çatacaqdır. Təlimlər zamanı məntiqi idrak formalarından anlayış, mühakimə və əqli nəticədən istifadə etmək bacarığına sahiblənən şagirdlərimiz hər hansı bir hadisəni müzakirə və təhlil etmək imkanına sahib olacaqlar”.

Təlim alqış sədalarının altında başa çatdı.