Təhsil islahatlarının nəticəsidir ki, müəllimlərə diqqət, qayğı artmışdır.

 

Müəllimlərə dövlət qayğısı

Ulu Öndər Heydər Əliyev hər zaman müəllim peşəsinə böyük dəyər vermiş, “Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” demiş, bu yanaşmadan çıxış edərək müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı davamlı qərarlar qəbul etmişdir. Heydər Əliyevin bir özəlliyi də ondan ibarət idi ki, hər yeni tədris ilinin ilk günündə məktəblərdə olur, müəllim və şagirdlərlə görüşür, onları dinləyir və öz müdrik tövsiyələrini verirdi.

Heydər Əliyevin müəllim peşəsinə sonsuz diqqəti dövlət başçısı İlham Əliyev tərəfindən də uğurla davam etdirilmiş, son illərdə müəllim nüfuzunun yüksəldilməsi istiqamətində taleyüklü addımlar atılmışdır. Azərbaycan müəllimlərinin XIV Qurultayının iştirakçılarına təbrik məktubunda ölkə Prezidenti İlham Əliyev demişdir: “Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur. Azərbaycan müəlliminin tarixən xalqımızın intellektual potensialının formalaşdırılmasında böyük xidmətləri vardır”.

Son illərdə müəllimlərin işə qəbulu sahəsində mərkəzləşdirilmiş müsabiqə mexanizmi tətbiq edilmiş, qaydalar şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirilmiş, nəticədə ümumi təhsil müəssisələrində vakant yerlərin 100 faiz tutulması təmin edilmiş, uzun illər ərzində ixtisaslı kadrlara ehtiyacı olan ucqar kənd məktəblərinin kadr təminatı problemi, demək olar ki, həll edilmişdir. Nazirlər Kabinetinin qərarına əsasən, kənd məktəblərində fəaliyyətə başlayan gənc müəllimlər üçün stimullaşdırıcı tədbirlər tətbiq edilmiş, ümumilikdə 10 mindən çox müəllim həmin stimullaşdırıcı tədbirlərdən faydalanmışdır.

Dövlət başçısının sərəncamına əsasən, ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi uğurla başa çatmış, onların həftəlik dərs yükü 1.5, vəzifə maaşı 2 dəfə artırılmışdır. Təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter almış, Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli sərəncamına əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları cari il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılmışdır və beləliklə, onların orta aylıq əməkhaqqı 600 manatı ötəcəkdir. Peşə təhsili də daxil olmaqla bu tədbirlər ümumilikdə 160 minədək müəllimi əhatə etmişdir. Bu qərarlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilmiş və ölkədə təhsilin inkişafına, keyfiyyətin yüksəldilməsinə təkan verərək müəllimləri daha əzmlə fəaliyyət göstərməyə ruhlandıracaqdır.

Heydər Əliyev fədakar əməyi ilə fərqlənən müəllimlərin fəaliyyətinin rəğbətləndirilməsinə xüsusi diqqət yetirirdi. 1970-ci illərdə 817 nəfər “Əməkdar müəllim” fəxri adı almış, 3 nəfər müəllim o dövrün ən yüksək təltiflərindən olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü.

Prezident İlham Əliyev də hər zaman müəllim əməyinə yüksək dəyər vermiş, onların fəaliyyətinin maddi və mənəvi stimullaşdırılması ilə bağlı ardıcıl olaraq qərarlar qəbul etmişdir. Məhz onun rəhbərliyi dövründə hər il müəllimlərin peşə bayramı ərəfəsində təltif edilməsi təcrübəsi tətbiq edilmiş, bu dövrdə 3 mindən çox təhsil işçisi dövlət təltiflərinə, o cümlədən 1500 nəfər “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.