“Vətəndaş cəmiyyəti demokratiyanın qarantıdır”

“Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi”nin sədri Əli Cəfərovla söhbətimiz zamanı birlik rəhbərinin gənc nəsilə ünvanlı keçirdiyi təlimlər və bütövlükdə Azərbaycanda vətəndaş cəmiyyətinin real vəziyyətinə münasibət əsas müzakirə mövzusu oldu.

– Əli müəllim, son günlər reallaşdırdığınız “Uşaq və yeniyetmələrin yol hərəkəti qaydaları haqqında maariflənməsi və yaradıcı təfəkkürlərinin inkişafına dəstək” layihəsi geniş ictimaiyyət tərəfindən çox maraqla qarşılandı. Yəqin həm də ona görə ki, hədəfiniz Azərbaycanın gələcəyi olan uşaq və yeniyetmələrin maarifləndirilməsi idi. Nəticələri şərh etməyiniz maraqlıdır.

– Bilirsiniz ki, bizim əsas hədəflərimizdən biri də uşaq və yeniyetmələrin maariflənməsi, onların mənən zənginləşməsi və onlarda milli şüurun inkisafına nail olmaqdır. Milli şüursa nəinki uşaq və yeniyetmələr, bütövlükdə millətin özünün milli düşüncəsini formalaşdırmaq və inkişaf etdirmək anlamındadır. Milli şüur və düşüncəsi olmayan toplumun uğurlu gələcəyi ola bilməz. Bu nöqteyi- nəzərdən maariflənmə işini bizim gələcəyimiz olan uşaqlardan başlamaq lazımdır. Həm də ona görə ki, uğurlu gələcəyə imza ata bilək. Şagirdlərimiz təlimlərin nəticəsi olaraq özlərinə, dostlarına və ətrafdakı insanlara qarşı daha da diqqətli və qayğıkeş olacaqlar. Eyni zamanda uşaqların mənəvi aləmi zənginləşərək, onlarda əxlaqi dəyərləri formalaşdıracaqdır. Onlar davranış qaydalarını mənimsəməklə yanası biləcəklər ki, yaşlılara hörmət və qayğı yazılmamış qanunlarımızdandır. Toplanan biliklər şagirdlərin məsələlərə yaradıcı, həm də öz prizmasından yanaşa bilmələrinə yardım edəcək. Və bu layihə onları istiqamətləndirmək baxımından yaxşı vasitə olacaq. Məlumat üçün deyim ki, uşaqların çoxunun qabiliyyəti onların daxilində gizlənir. Bu spesifik bacarıqların aşkara çıxarılması və inkişaf etdirilməsi istiqamətində əsas iş müəllimlərin üzərinə düşür. Təlimlər nəticəsində uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişafı ilə yanaşı, onların şəxsiyyətlərində də müsbət dəyişikliklər yaranır. Biz müşahidə edirik ki, onlarda həmçinin təşəbbüskarlıq, qərarların qəbulunda müstəqillik, özünü azad ifadəetmə vərdişləri, özünə inam hissləri oyanmış oldu.

– Layihəniz əsasən yol hərəkəti qaydalarını uşaqlara mənimsətməkdən ibarət olsa da, digər daha maraqlı bir çalar – gələcəyimiz olan balaların “yaradıcı təfəkkürlərinin inkişafına dəstək” də layihə çərçivəsində paralel, ayrılmaz bir hissə kimi müşayiət olundu. Bu ideya nədən qaynaqlandı?

– Bilirsiniz ki, bizim hədəflərimiz uşaq və yeniyetmələr olduğuna görə biz bu təlimi məktəbdə keçirməyi planlaşdırmışdıq. Buna görə də biz təlimləri 64 saylı orta məktəbdə reallaşdırdıq. Məktəbə isə müxtəlif inkişaf səviyyələri olan şadirdlər gəlirlər. Yəni bütün şagirdlər nə eyni dünyagörüşə sahibdirlər, nə də onların maraq dairəsi eynidir. Məşhur ixtiraçı Edison deyib: “Dahi – bu bir faiz ilham, doxsan doqquz faiz isə tər tökməkdir”. Burda əsasən müəllim -pedoqoqdan çox şey aslıdır. Şagirdlərin yaradıcı fantaziyalarını işə salmaq, həvəsləndirmək, onların fərdi pisxoloji xüsusiyyətlərini və istedadlarını üzə çıxarmaq əsas hədəflərimizdən idi. Heç bir uşaq dünyaya savadsız gəlmir. Onlarda bilik və bacarıqların üzə çıxması , bir şəxsiyyət kimi formalaşması təlim və tərbiyyənin nəticəsidir. Biz uşaqların qəlbində qalan istedadlarının uzə çıxmasında mühüm işlər gördük. Tamamilə sakit bir uşaq mövzu ilə əlaqədar kiçik səhnəcikləri elə gözəl ifa edirdi ki… və yaxud mövzu ilə əlaqədar elə yaxşı rəsm çəkirdilər ki, adam heyran olurdu. Bir sözlə, biz bir daha şahidi olduq ki, hər bir insanın qəlbinin dərinliyində gizli bir istedadı var, sadəcə o istedadı tapıb üzə çıxarmaq vacibdir. Həm uşaqların özlərinin, həm də təbii ki, dövlətimizin və xalqımızın gələcəyi naminə.

– Azərbaycanda vətəndaş cəmiyyətinin real durumu qane edicidirmi?

– Əvvala onu deyim ki, əgər o cəmiyyətdə demokratiya varsa, deməli vətəndaş cəmiyyəti üçün qorxulu heç nə yoxdur. Yaxud o toplumdakı vətəndaş cəmiyyəti təqib və təzyiqlərə məruz qalırsa, deməli orada demokratiya yoxdur və heç bir inkişafdan söhbət gedə bilməz. Vətəndaş cəmiyyəti demokratiyanın qarantıdır. Qaldı sualınızın digər qisminə təbii ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Surası yarandığı vaxtdan bu günə kimi vətəndaş cəmiyyəti institutunun bir qolu olan Qeyri Hökumət Təşkilatlarına daimi diqqətlə yanaşır və bizim reallaşdırmaq istədiyimiz layihələrin həyata keçirilməsində imkan daxilində köməkliklərini əsirgəmir. Məhz Şuranın dəstəyi ilə həyata keçirilən layihələr nəinki vətəndaş cəmiyyətinin inkişafına dəstək olur, eyni zamanda insanların maariflənməsi, demokratiyanın bərqərar olması üçün əsas zəmindir.

– Bu istiqamətdə layihələrinizi davam etdirmək niyyətiniz varmı?

– Təbii ki, bizim İctimai Birlik yaranışından bu günə kimi gənclərin maariflənməsi, milli mənəvi dəyərlərimizin təbliği və s. işlərlə bağlı çoxlu sayda layihələrə imza atmışdır. Məhz təlimlərin gedişi zamanı mətbuat vasitələrinin bizim layihənin işıqlandırılması nəticəsində on minlərlə insan layihəmizin hədəflərini onlayn vasitəsilə məlumatlanır və diqqətlə bizim təlimləri izləyirdilər. Fürsətdən istifadə edərək sizin mətbuat orqanınız vasitəsilə bir daha təlimlərimizin əhəmiyyəti və gözlədiyimiz nəticələr haqqında ictimaiyyəti məlumatlandırmaq istərdim. Bizim təlimlərin praktiki iş mərhələsində şagirdlərimizin mənəvi dünyası zənginləşdi, yaradıcı və tənqidi təfəkkürləri inkişaf etdi. Eyni zamanda özünə güvənc və təşəbbüskarlıq hissləri gücləndi. Şagirdlər öz düşündüklərini sərbəst demək, səhv olacağından çəkinməmək kimi müsbət keyfiyyətlərə sahib oldular. Mözu ilə əlaqədar çəkilmis şəkillər, yazılmış esselər, kiçik səhnəciklər onların mövzunu daha yaxşı mənimsəməsinə və yaradıcılıq təfəkkürlərinin inkişafına ciddi dəstək oldu. Yol hərəkəti qaydalarını mənimsəməklə isə onlarda yol mədəniyyəti hissləri formalaşmış olacaq ki, bu da özlüyündə gələcək bədbəxt hadisələrin qarşısının alınmasında öz təsirini göstərəcəkdir. Bu cür təlimlər uşaqları tərbiyə edir, fəallaşdırır, hər cür neqativ hallara qarşı barışmaz olmağa çağırır və onları kamillik zirvəsinə haraylayacaqdır. Onlar özləri yol hərəkəti qaydalarına riayət etməklə yanaşı, ətrafındakı insanları da bu isə sövq edəcəkdir. Gördüyümüz işlərin nəticəsi olaraq uşaqlarda zərif insani hisslər güclənəcək və bir – birlərinə ehtiyacı olduğunu anlayacaqlar. Onlar anladılar ki, səhv etmək olmaz. Çünki hər hansı bir səhv ölümlə nəticələnə bilər. Təlimlər nəticəsində şagirdlərin düşünmək, fikir bildirmək, nüfuz etmək qabiliyyətləri formalaşmış oldu.