Avropanın mədəsində həzm olunmaq istəmirik

Əli Cəfərov: “Avropa Oyunlarının Bakıda keçirilməsinə qarşı çıxmaq ölkəmizin inkişafına qarşı çıxmaqdır”

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi (DMDT İB) demokratiyanın və milli dəyərlərin təbliği istiqamətində fəaliyyət göstərir. Təşkilat bu fəaliyyətini məktəblilərlə birlikdə həyata keçirir, onlar üçün təlimlər keçirib, ekskursiyalar təşkil edir. Beləliklə, DMDT İB-nin sədri Əli Cəfərovun “Bizim Yol”a müsahibəsini təqdim edirik:

 

– Əli müəllim, təşkilatınızın yaranma səbəbi və məqsədi nədir?

– Təşkilatımız 2006-cı ildə təsis edilib və elə o zamandan fəaliyyətə başlayıb. Təşkilat 2008-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Demokratiyanı və milli dəyərləri təşkilatımızın adında və fəaliyyətimizdə birləşdirməyimiz çoxları tərəfindən maraqla qarşılandı. Biz hər iki dəyərin sintezini yaratmağa çalışdıq. Ölkəmiz demokratik cəmiyyət qurmağa istiqamətlənib. Bu quruculuqda inamla irəliləyirik, proseslər gedir və inkişaf var. Ölkəmizdə demokratiya haqqında informasiyanın olmasına və maariflənməyə, eləcə də cəmiyyətdə həyata keçirilmiş demokratik islahatların cəmiyyətdə təbliğinə ehtiyac var.

 

Demokratik cəmiyyət deyəndə bəziləri hesab edirlər ki, sanki biz milli dəyərlərdən imtina edirik. Biz milli dəyərlərin müsbət tərəflərinin tərəfdarıyıq. Milli adət-ənənələrimizin unudulmamasına çalışmalıyıq. Hansı cəmiyyətdə ki, demokratik ab-hava var, o cəmiyyət möhkəm olur və inkişaf edir. Beləliklə, milli dəyərlərini və dini inanclarını qoruyub saxlamaq iqtidarında olurlar.

Biz demokratik cəmiyyətin, Avropaya inteqrasiyanın tərəfdarıyıq. Biz istəyirik ki, cəmiyyətimizdə insan haqları qorunsun, mülkiyyət toxunulmazlığı hakim olsun. Biz istəmirik ki, Avropanın mədəsində həzm olunaq. Biz istəyirik ki, Avropanın beyninə girək, onlardan elmi, fəlsəfəni, sənayeni və hüquqi islahatları öyrənək, gəlib onları Azərbaycanda tətbiq edək. Məndən öncə klassiklərimiz Əli bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu və Həsən bəy Zərdabi bu fikri bildiriblər. Onlar yaradıcılıqlarında və fəaliyyətlərində cəmiyyətimizin Avropaya inteqrasiyasının tərəfdarı olduqlarını bildirərək milli dəyərlərdən imtina etməməyə çağırış ediblər.

 

Təəssüf olsun ki, bizim toplumun bəzi nümayəndələri avropalıların beyninə girmək əvəzinə mədəsinə girir. Beləliklə, həmin şəxslər Avropanın köləsi vəziyyətinə düşürlər. Millət o zaman inkişaf edir ki, inteqrasiya etməklə yanaşı milli kimliyini, milli düşüncəsini və milli dəyərlərini qoruyub saxlaya bilir. Odur ki, biz təşkilat olaraq demokratik islahatların keçirilməsi ilə yanaşı milli dəyərlərin qorunub saxlanması istiqamətində fəaliyyətimizi qurmaqdayıq.

 

– Bildiyimiz qədər, rəhbərlik etdiyiniz təşkilat orta məktəblərdə bədii ədəbiyyatın təbliği istiqamətində treninqlər həyata keçirib. Bəs demokratik islahatların təbliği istiqamətində hansı işlər görülüb və bu işlərin görülməsinə hansısa maneələr varmı?

 

– Bizim təşkilat fəaliyyətini məktəbli uşaqlar və gənclər üzərində qurub. Bu şəxslərin maarifləndirilməsi, onlarda nitq mədəniyyətinin inkişafı, vətənpərvərlik ruhunun formalaşması istiqamətində tədbirlərimiz olub. Müşahidə edirik və sorğu keçiririk. Məlum olur ki, məktəbli uşaqlar, gənclərimiz bədii ədəbiyyatı oxumur, kitabxanalara və muzeylərə getmirlər. Maddi-mədəni abidələrimizin ekskursiyası təşkil olunmur. Deməli, onların asudə vaxtları səmərəli keçmir. Dövrümüzdə gənclər daha çox internet klublara yönəlirlər. Biz bunun əleyhinə deyilik. Amma təəssüf ki, onlar öz təfəkkürünə uyğun olmayan saytlara müraciət edirlər. Asudə vaxtlarının təşkili istiqamətində problem olduğu üçün, məktəblilər radikal dini məzhəblərə və qruplaşmalara qoşulurlar. Həmçinin narkotik vasitələrin aludəçisinə çevrilirlər.

 

Davamlı olaraq maarifçiliyin təbliği ilə yanaşı, onların ümumi davranış qaydalarının formalaşması üçün təlimlər həyata keçirməkdəyik. Hazırda Sabunçu rayonu, 22 saylı tam orta məktəbdə təlim həyata keçiririk. Bax, bu istiqamətdə reallaşan təlimimizdə bədii ədəbiyyatın nümunələrini təbliğ etməklə məktəblilərin təhsilə marağını artırmağa çalışırıq.

 

Bəzi QHT-lər tədbirlərinin keçirilməsinə süni maneələrin yaradıldığını deyirlər. Ancaq biz hər hansı bir maneə ilə qarşılaşmamışıq. Müəllim kollektivi özü də bizə dəstək olur. Rəhbərlik şərait yaradıb. Eyni münasibəti Xətai rayonu, 171 saylı və 263 saylı orta məktəblərin, habelə Suraxanı rayonu, 317 saylı orta məktəbin müəllim kollektivi də göstərib. Məktəb rəhbərliyi özü də maraqlıdır ki, onun rəhbərlik etdiyi təhsil ocağının şagirdləri maariflənsin, təhsilə meylli olsun.

 

– Azərbaycan dəfələrlə beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bir neçə gündən sonra Bakıda ilk Avropa Oyunları keçiriləcək. Bu beynəlxalq idman yarışı ərəfəsində xarici və yerli təşkilatlar Azərbaycanda demokratiya sahəsində problemlərin olduğunu iddia edərək, baykot çağırışları səsləndirirlər. Buna Sizin münasibətiniz necədir?

 

– Öncə qeyd edim ki, rəhbərlik etdiyim təşkilat “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyətləri Koalisiyasının üzvüdür. Təşkilat rəhbəri, Azərbaycan vətəndaşı və ziyalısı olaraq bu beynəlxalq idman yarışının ölkəmizdə keçirilməsi sevindirir, qürurlandırır məni. Avropa Oyunları bizim üçün nüfuz və başucalığı gətirir, eləcə də ölkənin tanınmasında və təbliğində, Azərbaycanın Avropaya inteqrasiya baxımından önəmlidir. Bu, mədəni və bərabərhüquqlu tərəfdaş olduğumuzun əyani bir sübutudur.

 

Bu barədə təlimlərimizdə şagirdlərə və  təlimdə iştirak edən valideynlərə məlumat veririk. Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətindən danışırıq. Böyük miqyasda həyata keçirilən bu idman yarışına Azərbaycanın ev sahibliyi etməsi onun inkişafından və güclənməsindən xəbər verir. İqtidarda da, müxalifətdə də olmaq olar, iqtidarı tənqid də etmək olar. Sağlam tənqid ölkənin və iqtidarın güclənməsinə şərait yaradır. Amma ölkənin inkişafına qarşı getmək, Avropa Oyunlarının Bakıda keçirilməsinə qarşı çıxmaq, boykot çağırışları etmək ölkəmizin inkişafına qarşı atılmış addımdır.

 

Avropa Oyunlarının ölkəmizdə keçirilməsini alqışlamaq lazımdır. Bu ərəfədə bizim əcnəbilərə demokratik cəmiyyət uğrunda inamla irəlilədiyimizi və maddi-mənəvi irsimizi qoruduğumuzu göstərmək üçün arzuolunan imkan yaranacaq. Bu beynəlxalq idman yarışının ölkəmizdə keçirilməsi ilə bağlı yüzlərlə idmançı, jurnalist və turist Azərbaycana səfər edəcək. Onlar ölkəmizin inkişafından xəbərdar olacaqlar. Burada sivil, tolerant cəmiyyətin nümunəsini görəcəklər. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin, ölkəmizin ədalətli mövqeyi ilə bağlı məlumatlanacaqlar. Və adət-ənənələrimiz təbliğ olunacaq.

 

Ramid İBRAHİMOV