Tərbiyə işini düzgün qurmaq və elmi əsasda idarə etmək üçün onun qanunauyğunluqlarını bilmək və tərbiyə fəaliyyətində nəzərə almaq lazımdır.

Tərbiyə işini düzgün qurmaq və elmi əsasda idarə etmək üçün onun qanunauyğunluqlarını bilmək və tərbiyə fəaliyyətində nəzərə almaq lazımdır. Tərbiyə prosesinin qanunauyğunluqları dedikdə bu prosesə obyektiv şəkildə xas olan ən ümumi, mühüm və sabit əlaqələr, səbəb-nəticə asılılıqları başa düşülür. Bu qanunauyğun əlaqələrin öyrənilməsi və yığcam, məntiqi şəkildə ifadəsi sayəsində tərbiyə qanunları müəyyən edilir. Hazırda tərbiyə prosesinin qanunauyğunluqları hələ tam aşkara çıxarılmamışdır. Lakin onlardan bir qismi müəyyən edilmişdir. Onları yığcam şəkildə nəzərdən keçirək.

1. Tərbiyənin məqsəd, məzmun, vasitə, metod və formalarının vəhdəti qanunu. Tərbiyənin məqsədi onun məzmununu, bunlar birlikdə onun vasitə, metod və formalarını şərtləndirir: tərbiyənin məqsədi və məzmunu dəyişdikdə onun vasitə, forma və metodları da dəyişir. Məsələn, vətənpərvərlik tərbiyəsi üçün bir cür, əmək tərbiyəsi üçün başqa cür vasitə, metod və formalardan istifadə olunur.

2. Şəxsiyyət tərbiyəsinin cəmiyyətin tələbatı ilə şərtlənməsi qanunu. İnsanın necə tərbiyə olunması cəmiyyətlə müəyyən olunur. Tərbiyənin məqsədi, məzmunu, xarakteri cəmiyyətin sosial-iqtisadi inkişafının tələbatından asılıdır: cəmiyyətin sosial-iqtisadi, mənəvi tələbatları dəyişildikdə tərbiyə də dəyişir, cəmiyyətin tələblərinə uyğun qurulur.

3. Tərbiyəvi təsirlərin şəxsiyyətin imkanları ilə şərtlənməsi qanunu. Tərbiyə işində insanın yaş, fərdi və cinsi xüsusiyyətləri, inkişaf səviyyəsi nə qədər düzgün və dolğun nəzərə alınarsa, tərbiyənin səmərəsi də bir o qədər yüksək olar və əksinə.

4. Şəxsiyyətin inkişafının onun ünsiyyətinin xarakterindən asılılığı qanunu. Şəxsiyyət daha çox ünsiyyət prosesində formalaşır. Tərbiyə işində ünsiyyət, şəxsiyyətlərarası münasibətlər nə qədər məqsədyönlü və düşünülmüş olarsa, tərbiyə prosesi də bir o qədər yaxşı səmərə verər.

5. Şəxsiyyətin inkişafının onun rəngarəng fəaliyyətindən asılılığı qanunu. İnsan şəxsiyyəti fəaliyyət prosesində formalaşır. Buna görə də insanın rəngarəng fəaliyyəti (oyun, idman, təlim, əmək, elmi-texniki, bədii-estetik, ictimai-siyasi və s.) nə qədər mütəşəkkil, məqsədyönlü şəkildə təşkil olunarsa, o, müvafiq keyfiyyətlərə daha tez yeyələnər və tərbiyə prosesi də bir o qədər yüksək səmərə verər.

6. Tərbiyədə xarici təsirlərlə şəxsiyyətin daxili fəallığının vəhdəti qanunu. Böyüklərin təsiri, tələbləri uşağın daxili mövqeyi ilə uyğun gəldikdə qəbul olunub yerinə yetirilir və əksinə. Tərbiyə işində böyüklərin (müəllim və valideynlərin) tələbləri o zaman yerinə yetirilir ki, onlar uşağın daxili tələbinə çevrilsin və onun öz tələbi kimi qəbul olunsun.

7. Tərbiyəvi təsirlərin xarakteri və qüvvəsi ilə nəticəsi arasında asılılıq qanunu. Əgər tərbiyəvi təsirlər (tələblər) vahid, ardıcıl, sistemli və fasiləsiz olarsa, insanda tərbiyə keyfiyyətlərini formalaşdırmaq asan olur və əksinə.

8. Pedaqoji prosesdə kollektiv və fərdin qarşılıqlı təsiri qanunu. Kollektiv nə qədər pedaqoji cəhətdən düzgün, demokratik əsasda formalaşarsa və tərbiyənin subyektinə çevrilərsə, fərdin tərbiyəsi və inkişafına bir o qədər müsbət təsir göstərər.