Təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi

QİYMƏTLƏNDİRİLƏN PEDAQOJİ PROSESLƏRİN TƏSNİFATI VƏ ONLARIN REALLAŞDIRILMASI İMKANLARI

Qiymətləndirilən pedaqoji proseslərin təsnifatı

Qeyd edildiyi kimi, pedaqoji proses, onun ayrı-ayrı sahələri və təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi olduqca mürəkkəb və çoxparametrlidir. Qiymətləndirmə prosesi öz məqsədindən, prosesdə iştirak edən müxtəlif tərəflərin (müəllimlərin, şagirdlərin, valideynlərin, yuxarı təhsil qurumlarının və s. ) işinin xüsusiyyətlərindən, qiymətləndirilən sahələrdən və onların işinin xarakterindən asılı olub, müxtəlifliyi ilə seçilir. Ona görə də qiymətləndirilən sahənin xüsusiyyətlərindən asılı olaraq qiymətləndirmənin təsnifatını müəyyənləşdirmək zərurəti yaranır. Bu məqsədlə, ilk növbədə təsnifatın mahiyyəti barədə bəzi anlayışları nəzərdən keçirək. Proseslərin müqayisəsi və fərqləndirilməsi, onların bəzilərinin eyni, digərlərinin fərqli parametrlərlə xarakterizə olunması müəyyən mənada qiymətləndirilən proseslərin təsnifatını müəyyənləşdirməyə imkan verir. Lakin başa düşmək lazımdır ki, proseslərin təsnifatı reallığın modeli olub, müəyyən müddət üçün şərtdir. Ona görə də hər hansı təsnifat mütləq hesab oluna bilməz. Məlumdur ki, elm və texnika inkişaf etdikcə real proseslərin dərk edilməsi genişlənir və müəyyən proseslər üçün qəbul olunmuş ilkin təsnifat növləri də dəyişir. Məsələn, kibernetika təsnifatda bir elm sahəsi kimi yalnız XX əsrin ortalarında öz yerini tutdu. Bu bir daha təsdiq edir ki, hər hansı təsnifat reallığın modernləşdirilməsi olub, şərtidir. Ümumiyyətlə, müəyyən proseslərin təsnifatının qurulmasında onun tamlığı məsələsi xüsusi diqqət tələb edir. Bəzi hallarda tədqiqatçılarda elə inam yaranır ki, daxil edilmiş təsnifat tamdır, bəzən isə təsnifatın tamlığı şübhə yaradır. Bu şübhənin səbəbi ondan ibarətdir ki, əksər hallarda proseslərin birinci yanaşmada tam dərk olunması mümkün olmur. Ona görə də pedaqoji proses və onun ayrı-ayrı sahələrinin, habelə təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üçün qəbul edilən təsnifat bəzi tədqiqatçılarda şübhə doğurur. Qiymətləndirilən pedaqoji proseslərin təsnifatını verməzdən əvvəl, ilk növbədə təhsil müəssisələrinin iki aspektdən qiymətləndirilməsini nəzərə almaq lazımdır:
1. Müəssisənin fəaliyyəti gedişinin qiymətləndirilməsi;
2 Müəssisənin fəaliyyəti nəticəsinin qiymətləndirilməsi;

Təhsil müəssisəsində hansı sahənin qiymətləndirilməsinin həyata keçirilməsindən asılı olaraq, əsasən qiymətləndirmənin aşağıdakı növlərindən istifadə olunur:
1. Daxili özünüqiymətləndirmə-təhsil müəssisəsinin özü tərəfindən həyata keçirilir və məqsəd müəssisənin real vəziyyətinin təhlili, diaqnostikası, sonrakı fəaliyyətinin istiqamətləndirilməsi üçün qərarların qəbul edilməsi və inkişaf proqramının hazırlanması üçün məlumatların əldə edilməsidir;
2.Xarici qiymətləndirmə-yuxarı təhsil qurumları tərəfindən həyata keçirilir və məqsəd təhsil müəssisəsinin real vəziyyətinin öyrənilməsi, müəssisənin fəaliyyəti barədə məlumatların toplanması, öyrənilən müəssisənin eynitipli təhsil müəssisələri arasında reytinqinin müəyyənləşdirilməsi, təhsilin inkişafı üçün qlobal qərarların qəbul edilməsi və onların fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırmaqdır;
3. Sosial qiymətləndirmə-valideyn komitələri, yerli idarəetmə orqanları, təhsillə maraqlanan ictimai təşkilatlar, kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilir və məqsəd valideynləri, yerli idarəetmə orqanlarını, vəzifəli şəxsləri, ictimaiyyəti öyrənilən təhsil müəssisəsi barədə məlumatlandırmaqdır.