“Leyli və Məcnun” poemasının romantizmi məhz muğam kimi möhtəşəm bir musiqi ilə təcəssüm oluna bilər.

Hacıbəyovun 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. Hacıbəyov operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazmışdır. İlk tamaşaya istedadlı aktyor və rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. Dirijor isə yazıçı-dramaturq Əbdürrəhimbəy Haqverdiyev idi. Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış etmişlər. Sonrakı tamaşalarda isə Hacıbəyov özü və onun yaxın dostu və məsləkdaşı bəstəkar Müslüm Maqomayev dirijorluq etmişlər.

Bəstəkarın fikrincə, Füzuli poemasının ruhu, lirikası, “Leyli və Məcnun” poemasının romantizmi məhz muğam kimi möhtəşəm bir musiqi ilə təcəssüm oluna bilər. Operanın musiqisi əsasən muğam və təsniflər üzərində qurulmuşdur. “Leyli və Məcnun” ilə musiqi tarixində operanın yeni növü – muğam operası meydana gəldi. Üzeyir Hacıbəyovun məhz Füzulinin yaratdığı «Leyli və Məcnun» poemasına müraciətinin səbəbi ondan ibarət idi ki, bu əsər Azərbaycan dilində yazılaraq, Şərq ədəbiyyatının inkişafına böyük təsir göstərmişdi. Bu əsərdən parçalar peşəkar xanəndələr tərəfindən muğamlarda çox ifa olunaraq, xalq arasında geniş yayılmışdı. Azərbaycanda ilk opera olan «Leyli və Məcnun» xalq tərəfindən çox sevildi və bu günə kimi də Azərbaycan opera və balet teatrının səhnəsində oynanilir.[18] Azərbaycan operasının məhz Füzulinin «Leyli və Məcnun» poeması əsasında yazılması təsadüfi deyil. Üzeyir yaradıcılığında Füzuli poeziyasına çox dərin bir məhəbbət hökm sürürdü. Səməd Vurğun çox doğru olaraq Üzeyirə “Ey Füzuli şerinin bir bəstəkar qardaşı!”—deyə müraciət edirdi.[19]

Məcnun rolunun ilk ifaçısı Hüseyinqulu Sarabski olmuşdur. Daha sonra Sidqi Ruhulla, Xanlar Haqverdiyev, Əliövsət Sadıqov, Şirzad Hüseynov, Gülağa Məmmədov, Mais Salmanov, Qulu Əsgərov, Bakir Haşimov, Əli Mehdiyev, Arif Babayev, Baba Mirzəyev, Canəli Əkbərov, Səfa Qəhrəmanov, Alim Qasımov və Mənsum İbrahimov bu rolu ifa etmişlər.

Yarandığı gündən sevilən, musiqisi və sözləri dillər əzbərinə dönən “Leyli və Məcnun” operası milli mədəniyyətimizin şanlı salnaməsinəçevrildi. Operanın səhnələşdirilməsində əsas problem Leyli rolunun ifaçısını seçmək idi. XX əsrin əvvəllərində Azərbaycanda qadın aktyorları səhnədə problem olduğu üçün bu rolun ilk ifaçısı çayçı Əbdürrəhman Fərəcov seçilib. Bir dəfə Üzeyir bəy çayçıda olarkən çayçı işləyən birinin xoş zümzüməsini eşidir və onu Operaya gətirərək Leyli rolunu ona təklif edir. İkinci tamaşada Fərəcov Leyli rolunu oynamaqdan imtina edir. Yenə də təsadüf nəticəsində Miri adlı bir şəxsə Leylini oynamaq həvalə edilir.

Sonralar Əhməd Ağdamski, Hüseynağa Hacıbababəyov və nəhayət qadın ifaçılardan səhnəyə Sona Hacıyeva, Məhbubə Paşayeva,Yavər Kələntərli, Gülxar Həsənova, Cahan Talışinskaya, Sima xanım, Simuzər Hətəmova, Rübabə Muradova, Sara Qədimova, Zeynəb Xanlarova, Rəsmiyyə Sadıqova, Flora Kərimova, Nəzakət Məmmədova, Səkinə İsmayılova, Qəndab Quliyeva, Yaqut Abdullayeva, Gülyaz Məmmədova, Nəzakət Teymurova, Gülüstan Əliyeva və Aygün Bayramova olmuşdur.

Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşud banu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında yazmışdır. O, “Leyli və Məcnun”dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirmişdir. Xalq dastanı əsasında bəstələdiyi “Əsli və Kərəm” operasında Hacıbəyov muğamatla bərabər aşıq musiqisindən də istifadə etmişdir. 1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında “Koroğlu” operası ilk dəfə tamaşaya qoyuldu. Xalq qəhrəmanlıq dastanının motivlərinə əsaslanan “Koroğlu” operası Azərbaycanda ilk klassik opera hesab olunur. Bu əsər Üzeyir Hacıbəyovun yaradıcılığının zirvəsini təşkil edir.[22] Elə həmin il Üzeyir Hacıbəyov “Azərbaycan SSR xalq artisti” fəxri adına layiq görülmüşdür.