Hər bir xalqın ən böyük sərvəti onun milli-mənəvi dəyərləri, bu dəyərlərdən formalaşan adət-ənənələri, mədəniyyət nümunələridir.

Azərbaycan xalqının ailə ənənələri milli-mənəvi dəyərlərimizin ən etibarlı daşıyıcısıdır.

Adət-ənənə və ya vərdiş

Hər bir xalqın ən böyük sərvəti onun milli-mənəvi dəyərləri, bu dəyərlərdən formalaşan adət-ənənələri, mədəniyyət nümunələridir. Xoşbəxt o xalqdır ki, milli-dəyərləri ümumbəşəri insani dəyərlərlə üst-üstə düşür. Məsələn, bir çox Afrika və ya Latın Amerikası xalqlarının adət-ənənələrində həddən artıq açıq-saçıqlığa yol verilir ki, bu da digər xalqlar üçün məqbul sayıla bilməz. Və ya İslam ölkələrində istifadə olunan qadın geyimləri azad cəmiyyətlər üçün insan hüquqlarının məhdudlaşdırılması faktı kimi qəbul edilir. Təzadı əks etdirən nümunələri sonsuzadək uzatmaq olar. Göründüyü kimi, tarixi təkamül yolunda ancaq dünya xalqlarının birlikdə mənimsədiyi ortaq dəyərlər optimal göstərici kimi qəbul edilməlidir. O dəyərlər ki, konkret cəmiyyətlərin, ideologiyaların maraqlarına deyil, sağlam məntiqə xidmət edir. Məsələn, hər bir dünya xalqının mədəniyyətində eyni dərəcədə əməksevərlik, ədalət, səxavət, mərhəmət kimi yüksək əxlaqi keyfiyyətlər tərənnüm olunmalıdır. Halbuki, bəzi Şərq xalqlarının mədəniyyət nümunələrində qəhrəmanlıq adı altında başqasına qarşı aqressiya təlqin olunur. Bu isə qəbulolunmazdır. Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, ilkin mərhələdə müdrik insanların yaratdıqları mənəvi dəyərlər onların mənsub olduqları xalqın milli-mənəvi dəyərlərinin əsasını təşkil edib. Sonradan ictimai-siyasi quruluşların, yad ünsürlərin təsiri nəticəsində həmin dəyərlər istər-istəməz dəyişikliklərə məruz qalıb. Bəzi hallarda bu, mənəviyyatın zənginləşməsinə xidmət edib. Müstəsna hallarda isə pis vərdiş kimi mənimsənilib və sonradan adət-ənənə kimi təqdim olunub. Məsələn, Azərbaycan islamlaşdıqdan sonra cəmiyyətdə yanlış olaraq çoxarvadlılıq adət kimi qəbul olunmağa başladı. Və ya siğələrə mənəvi don geyindirildi. Əlbəttə ki, kökü tarixin dərinliklərinə gedən milli-mənəvi dəyərlərimiz daxilən arınaraq öz ilkin saflığını qorumalı idi. Elə də oldu. Bu gün bizim mənəviyyatımızın nüvəsini ən yüksək insani keyfiyyətlər təşkil edir. Çünki gen yaddaşımızda qorunub saxlanılır və nəsildən-nəslə ötürülür. Gen yaddaşımızın ən etibarlı daşıyıcısı isə tarixən digər xalqlara örnək olan Azərbaycan ailəsidir. Təbii ki, dünyada bizimlə bərabər başqa xalqlar da yaşayır. Onların ailə dəyərlərinə nəzər salsaq, qazandığımız tarixi nailiyyətin qiymətini anlamış olarıq.

Nepal həqiqəti: Bir neçə qardaşın bir arvadı

Himalay dağının zirvələrində Xumbla adlı sakit bir bölgə var. Buranın əhalisi öz qanunları, adət-ənənələri ilə yaşayır. Onlardan biri də çoxərlilikdir. Daha dəqiq desək, bir ailəyə gəlin gələn qız mütləq qardaşların hamısının arvadı olur. Xumbla rayonunun Brassi kəndində hamı toya hazırlaşırdı. Sübh tezdən idi. Bu gün kəndin başçısı Quru Keqin qızının toyu olacaqdı. O, Nutriya (Amerika siçovulu-Qunduz) dərisindən tikilmiş kürkü, ilmələrlə bəzədilmiş yaylıqları sandıqdan çıxarıb, qonaqlara təqdim etməyə başladı. Ata son dərəcə sevincək idi. Belə ki, onun 13 yaşlı qızı Anq Dolma 5 qardaşa ərə gedəcəkdi. Nəhayət, qonşu kənddən gələn qonaqlar mahnı oxuya-oxuya Brassi ərazisinə daxil oldular. Yeri əhali onları alqışlarla qarşıladı. Kəndin mərkəzində toy mərasimi quruldu. Təbillərin sədası altında rəqslər başlandı. Adətə görə, Anq Dolma bu şənliyi evdən izləyirdi. Onun paltarı nazik ipəkdən tikilmişdi. Qaşlarının üzərindəki muncuq işləmələr eynən ipək rəngində idi və burnuna qədər uzanırdı. Paltarın yaxasına zərdən xüsusi fiqurlar tikilmişdi. Həmin fiqurlar gəlinin tacında da gözə çarpırdı. Onun bitki yağı ilə sürtülmüş saçları isə arxadan iki hörüyə ayrılmışdı. Mərasimin sonunda bəy, yəni evin böyük oğlu qohumları ilə birlikdə gəlinin otağına daxil oldu. İçəridə ardıc kolunun yarpaqları yandırıldı. Tüstü altında rəqslər davam etdi. Sözsüz ki, bəy də şənliyə müvafiq tərzdə geyinmişdi. Onun da əynində siçovul dərisindən tikilmiş, muncuqlarla bəzədilmiş paltar var idi. Başında isə eyni muncuqlarla süstlənmiş papaq. Beləcə, təntənəli şəkildə gəlinin atası onun və bəyin alnına bitki yağı sürdü. Bununla da gənclərə xeyir-dua vermiş oldu. Onlar otaqdan çıxarkən girişdə qoyulmuş quş və tısbağa fiqurlarına baş əydilər. Belə ki, onların inancına görə, yer tısbağanın çanağı üzərində dayanıb, quş isə həyatı qoruyur. Qonaqların korteji piyada qonşu kəndə doğru istiqamət aldı. Döngədə hər kəs dayandı. Gəlinə son dəfə doğma kəndlərinə baxmaq və ağlamaq imkanı verildi. Bəy evinə çatdıqda isə, şaman onlara xeyir-dua verdi. Daha sonra gənclər xüsusi hazırlanmış otağa daxil oldular. Xalçanın üzərinə un tökülmüşdü. Yerli adətə əsasən, toyun səhəri günü unda “məhəbbətin izi” qalmalıdır. Əks təqdirdə, bəy gücsüz və əfəl sayılacaq. Ümumiyyətlə, toydan sonra bir neçə gün ərzində qardaşlar növbə ilə gəlinlə “tanış” olurlar.

Anq Dolmanın taleyi nədənsə düz gətirmədi. Ailənin kiçik oğlu bu nikahdan boyun qaçırıb, evdən getdi. O, Zoomket adlı qadınla ailə qurdu. Maraqlısı odur ki, Zoomket onun qayınlarının arvadı idi. Başqa sözlə desək, bu qadın Anq Dolmanın qardaşları ilə rəsmi nikahda sayılırdı. Ümumi qərara görə, Anq Dolma tezliklə atası evinə göndərildi. Bəhanə gətirildi ki, o, çox gəncdir və həyat yoldaşı olmağa yaramır. Bu səbəbdən tezliklə iki ailə arasında qalmaqal düşdü. Anq Dolmanın atası Quru Keq qudasından tələb etdi ki, onun qızını geri götürməklə yanaşı gəlinini də qaytarsınlar. Lakin iş məhkəməyə qədər gedib çatdı. Məhkəmənin qərarı ilə oğlan evi külli miqdarda cərimə olundu. Ancaq nə Anq Dolmanı aparan oldu, nə də Zoomketi geri qaytaran.

Bu hadisədən sonra Nepalda geniş müzakirələr təşkil olundu. Dövlət rəsmiləri köhnə adət-ənənənin dəyişdirilməsi tələbi ilə çıxış etdilər. Hətta Xumbla rayonunun əhalisinə tapşırıldı ki, bu cür nikahlar təşkil olunmasın. Əks halda, nikah qanunsuz sayılacaq. Onu da deyək ki, həmin ərazidə çoxarvadlılıq mənəviyyatsızlıq kimi qiymətləndirilir. Çünki qadını çox olan kişi yalnız şəhvət barədə düşünməklə, iş-gücü unudacaq. Çox əri olan arvad isə fiziki cəhətdən zəif olduğu üçün növbə prinsipini qoruyacaq. Son nəticədə, cari kənd təsərrüfatı işlərinə ziyan dəyməyəcək, yəni növbəsini gözləyən kişi gündəlik işi ilə məşğul olacaq. Ümumiyyətlə, buradakı qanunlar qadınlara belə bir imkan verir ki, bəyənmədiyi ərini yaxına buraxmasın. Başqa sözlə desək, arvad istəmədiyi hər hansı bir əri ilə nikahını dayandıra bilər. Anq Dolmanın həyatında belə bir hadisə yaşanmadı. O, başqa bir ailəyə ərə getdi. Həmin ailənin böyük oğlunun 13, kiçiyinin isə 4 yaşı var idi.

Yeri gəlmişkən:

Bəzi xalqlarda isə çoxarvadlılıq normal hal sayılır. Bu adətin Şərq ölkələrində geniş yayıldığını əsas götürərək nümunə gətirmədik. Bunun üçün tarixi filmlərdəki hərəmxanaları yada salmaq kifayətdir. Etiraf edək ki, Azərbaycanda da tək-tük hallarda belə ailələrə rast gəlmək mümkündür. Bu adət kütləvi şəkildə yayılmadığı üçün onu haqlı olaraq ailə dəyərlərimizin tərkib hissəsi kimi qəbul etmirik.

SON SÖZ ƏVƏZİ:

Dünyada hər şey cüt yaranır, isti-soyuq, arıq-kök, ağ-qara, kişi-arvad. Məhz buna görə də hər bir kişinin bir qadını olmalıdır. Heç təsadüfi deyil ki, sevgili “yar” adlanır, yəni həmin adamın yarısı. Yalnız iki sevən ürək birləşəndə bütöv bir ailə yarınır. Budur bizim mənəviyyatımız, budur Azərbaycan həqiqəti. Çox şükür ki, Tanrı bizi bu torpaqlarda yaradıb!

 

Bu yazını başqa dildə oxuyun: Rusca