Dünyanın yetirmiş olduğu ən böyük insan- Üzeyir Hacıbəyli.

Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində anadan olmuşdur. Üzeyirin atası Əbdülhüseyn Molla Məhəmməd oğlu Hacıbəyov öz dövrünün savadlı, ziyalı şəxslərindən biri idi. O, XIX əsrin tanınmış dövlət xadimi və şairi, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi olmuş və onun Ağcabədidəki təsərrüfatına başçılıq etmişdir. Üzeyirin anası Şirinbəyim xanım Qarabağda məşhur Əliverdibəyovlar nəslindən idi. Üzeyir Hacıbəyov ailədə üç qardaş, iki bacı olublar. Oğlanları Zülfüqar, Üzeyir və Ceyhunun gələcəkdə ədəbi və musiqi istedadının formalaşmasında ailənin böyük rolu olmuşdur.Onun həyatında Abbasovlar ailəsi böyuk rol oynayırdı
Üzeyirdən başqa ailənin bütün uşaqları Şuşada anadan olub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş cəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşaya gətirirlər.[9]
Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra Üzeyir ilk təhsilini buradakı iki sinifli rus-türk məktəbində almışdır. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olmuşdur. Üzeyir bəyin dayısı Ağalar bəy Əliverdibəyov həm də Şövkət Ələkbərovanın ilk muğamat müəllimi olmuşdur. Üzeyir bəy Hacıbəyov bədii yaradıcılığa publisistika ilə başlamışdır. O, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni iqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında “Ordan-burdan”, “O yan-bu yan” və s. başlıqlar altında “Ü”, “Filankəs”, “Behmankəs” və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir.[15] “Molla Nəsrəddin” jurnalında Üzeyir bəy Hacıbəyov məzəli imzalardan çox istifadə etmişdir: “Adı bəy, özü Filankəs”, “Anaş Qurbağa”, “Tısbağa”, “Qatilov”, “Behmankəs”, “Cin”, “Xoca Lələ”, “Bızbıza”, “Çoban”, “Əqrəb” (ehtimal olunur), “Qaf”, “Beş”, “İdarədən”, “Lal uşaq”, “Bala uşaq”, “Gendən baxan”, “Gendən qulaq asan”, “Yalançı” və s. Gülüş, yumor onun həm insan kimi təbiətinin, həm də ədəbi yaradıcılığının, o cümlədən publisistikasının başlıca keyfiyyətlərindən idi. XX əsrin əvvəllərində Azərbaycan mətbuatının aparıcı janrlarından olan felyetonÜ.Hacıbəyovun da publisistik fəaliyyətində əhəmiyyətli yer tuturdu. Bədii və publisist tarazlığı saxlamaq etibarilə Ü.Hacıbəyovun felyetonları, oçerk və parodiyaları böyük dəyəri olan əsl sənət əsərləridir.[16]
Üzeyir Hacıbəyovun zəngin yumoristik söz yaradıcılığı vaxtı ilə dövri mətbuat səhifələrində «Ordan-burdan» ümumi başlığı altında dərc etdirdiyi yazılar xüsusi yer tutur. Ü. Hacıbəyovun «Bazar söhbəti», «Məzhəkə», «Təhsil» kimi əsərləri aşkar seçilən komponentləri ilə satirik hekayə; «Rəfiqimdən məktub», «Üçüncü dəllək», «Məclisimizin duzu» «O, heç!», «Tərəqqi və gerilik», «Ha fikir edirəm başa düşmürəm!» kimi yazıları öz publisistik əlamətləri, ictimai-siyasi məzmunu və bədii dəyəri ilə felyetondur. Müəllif əsərlərində əsasən Bakı şəhər Dumasının fərsiz deputatla-rını rüsvay edir, tutduqları siyasi mövqeyə layiq olmadıqlarını nümayişkaranə açıqlıqla onların uzlərinə vurur, fəaliyyətsiz «qlasnıları» barsız ağaclara bənzədir. Ü. Hacıbəyovun qaravəlli və satirik miniatürlərini (məsələn «Dövlət Duması», «Ata və oğul», «Moizə» və s.) böyük komedioqrafın sonrakı səhnə əsərlərinə səmərəli müqəddimə hesab etmək olar.[17]
Bütün ömrü boyu Üzeyir bəy Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salmış, marş, kontata,fantaziya, mahnı və romanslar, kamera və xor əsərlərini yazmışdır. Üzeyir bəy Hacıbəyov həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnlərini müəllifi olmuşdur. Üzeyir Hacıbəyov xalqda musiqili səhnə əsərlərinə maraq oyatmaq məqsədilə Azərbaycan dilində milli opera yaratmaq qərarına gəlir. Bu işdə qardaşları Zülfüqar Hacıbəyov və Ceyhun Hacıbəyli, seminariya dostları, dövrün, maarifçi ziyalıları, azərbaycanlı artistlər Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Əbdürrəhimbəy Haqverdiyev, Hənəfi Terequlov və başqaları ona yaxından kömək edirlər. Dahi bəstəkar 23 noyabr 1948 ci ildə Bakı şəhərində vəfat etmişdir.
Hazırladı. Cavid Əli oğlu Turan.