Bu gün SU çərşənbəsidir.

Qış nə qədər sərt, soyuq keçsə də, yazın nəfəsi duyulmaqdadır. Bir-birinə bağlanan günlər bizi mübarək Novruza qanadlandırır.
Qədim və ulu bayramımız olan Novruz haqqında qaynaqlarda da maraqlı məlumatlar var. Hələ bineyi-qədimdən Şərq xalqları Novruzu bolluq, bərəkət, firavanlıq simvolu kimi əzizləyiblər. Xalq deyimlərində qış əsasən üç çillədən ibarətdir.
Təsəvvürlərə görə birinci – Böyük çillə qışın başlanğıcından fevralın əvvəlinədək olan günlərdən ibarətdir. Böyük çillənin yarısı sayılan və qışın “oğlan çağı” adlanan Kiçik çillə isə fevralın ilk iki on günlüyüdür. Kiçik çillədən Novruz bayramınacan olan vaxta isə Boz ay deyirlər. Ayın belə adlanması onun buludlu, yağışlı, küləkli – bir sözlə, dəyişkən olması ilə bağlıdır.

Ən qədim zamanlardan üzü bəri Novruza qədər ilin axır çərşənbələri xüsusi hazırlıq və zənginliklə qeyd edilməkdədir. İnanclara görə bu çərşənbələrin hər biri təbiətin dörd mühüm ünsürü ilə bağlıdır: Su, Od, Külək (Hava, Yel), Torpaq.
Novruzun müqəddəs çərşənbələrindən birincisi Su çərşənbəsi adlanır. Buna el arasında “Əzəl çərşənbə”, “Gözəl çərşənbə”, “Gül çərşənbə”, “Sular Novruzu” da deyilir.
Su çərşənbəsi günü bulaqların şəfası artar. Bəlkə də buna görə ta qədimlərdə insanlar həmin gün su qırağında, bulaq başında, çay kənarında suyu çağıran, onun gözəlliyini, qüdrətini, müqəddəsliyini tərənnüm edən nəğmələr oxuyardılar. Suyun saflığına qoşulan nəğmələrin, bayatıların, deyilən müdrik fikirlərin, atalar sözlərinin, lətifələrin, bilməcələrin sayı-hesabı yoxdur.

Su axır samanlıqdan,
Yol keçir qaranlıqdan.
Çalış, yaxşılıq elə,
Nə çıxar yamanlıqdan.

Suya gedən igidi,
Saçı məxmər təkidi.
Allah, məni su elə,
Su, gözəllər yüküdür.

Su çərşənbəniz mübarək olsun! Atalar əbəs yerə deməyiblər ki, o, çərşənbələrin gözəlidir. Bu gözəl çərşənbədə yuxuda su görmək, dəryada üzmək, dənizə düşmək, çaydan keçmək aydınlıqdır. Belə xeyirli yuxular, xoş yozumlu röyalar, günəşli səhərlər arzulayıram sizlərə!