Azərbaycan xalq mahnıları Azərbaycanın zəngin musiqiyə məxsus olmasını sübut edir.

Xalq mahnıları
Azərbaycan xalqının musiqi-poetik yaradıcılığının ən qədim və önəmli janrlarından olan mahnılarda onun pak, yüksək mənəviyyatı, daxili aləmi, arzuları, ümidləri parlaq şəkildə əks olunmuşdur.
Azərbaycan xalq mahnıları mövzu və məzmunun müxtəlifliyinə, musiqi və poetik dilin aydınlığına, rəngarəngliyinə görə bir neçə janr qrupuna ayrılır. Onlardan əmək mahnılarını, mərasim mahnılarını, məişət (bura lirik mahnılar da daxildir) və tarixi mahnıları göstərmək olar.
Xalq yaradıcılığının ən qədim janrı əmək mahnılarıdır. Bu mahnılar arasında ən geniş yayılanları maldarlığa həsr olunmuş sayaçı mahnıları, əkinçiliklə məşğul olanlar arasında isə ən geniş yayılanları holavar əmək mahnılarıdır. Ən qədim mahnılara “Çoban avazı”, “Tutu nənəm”, “Sağım mahnısı”, “Çiçək şumla yeri”, “Şum nəğməsi” və başqalarını misal gətirmək olar.
Azərbaycan xalqının mahnı yaradıcılığının qədim növlərindən biri də mərasim mahnılarıdır. Xalqın bayram şənlikləri, toy və matəm mərasimləri adəti üzrə ənənəvi mahnılar ilə müşayiət olunmuş və bu mahnıların bir çoxu bu günə kimi xalq arasında yaşamaqdadır. Qədim dövrlərdə yaranmış və mövsüm mərasimlərində oxunan, günəşə, oda, yağışa və s. təbiət qüvvələrinə həsr edilmiş mahnılar bu qəbildəndir. Məsələn, “Günəş çıx, çıx, çıx! Kəhər atı min çıx” və yaxud “Yağış çağır”, “Xıdır İlyas”, “Səməni”, “Kos-kosa”, “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” xalq oyun və tamaşa mərasimləri ənənəvi mərasim mahnıları ilə zəngin olub müşayiət edilərdi. Bu mahnıların mətnini isə xalq ədəbiyyatının ən geniş forması olan bayatılar təşkil edirdi.
Məişət mahnıları da məzmununa, formasına və ifadə etdiyi hissələrə görə müxtəlif olaraq, uşaq mahnılarına, yumorlu və satiralı mahnılara və lirik mahnılara bölünürlər. Uşaq mahnıları, xüsusilə də anaların uşaqlara oxuduqları beşik mahnıları öz tarixi etibarilə məişət mahnılarının ən qədim növüdür. Beşik mahnılarına ninnilər, laylalar və oxşamalar daxildir.
Lirik mahnılar isə mahnı janrının ən zəngin və gözəl növüdür. Lirk mahnılar bu janrın həm də ən böyük hissəsini təşkil edir. Saf məhəbbət, sevgilinin gözəlliyinin vəsfi, ayrılıq, intizar, qəm, qüssə və s. hissələr lirik mahnıların məzmununun əsasını təşkil edir.
Lirik mahnı yaradıcılığı xalqın milli bədii özünüifadə vasitələrindən ən güclüsünə çevrilmişdir. Bu mahnıların bəziləri məzmununa görə nikbin, şad ruhda, bəziləri isə qəmli, kədərli ruhdadır. Birincilər üçün geniş melodiya, oynaq ritm, segah ladı səciyyəvidirsə, qəmli, kədərli ruhda olan məhəbbət mahnıları üçün “ah”, “vay” kimi nidalar, “Bayatı-Şiraz”ın lad əsası, 6/8 və 3/4 ölçülərinin növbələşməsi və s. xasdır. Birinci qrup mahnılara “Gül oğlan”, “Yar bizə qonaq gələcək”, “Qoy gülüm gəlsin” və s. ikinci qrupa “Səndən mənə yar olmaz”, “Onu demə, zalım yar” və s. mahnılar daxildir. Lirik mahnılar forma etibarilə də daha geniş və mürəkkəbdir. Onlar üçün kuplet forması, həmçinin mürəkkəb iki hissəli və rondo formasına bənzər forma, variantlı təzələnmənin təkrarı, sekventlik və s. xasdır.
Azərbaycan xalqının mahnı yaradıcılığında vacib yeri həm də epik-tarixi və qəhrəmani mahnılar tutur. Hələ qədim dövrlərdən yaranmağa başlamış bu mahnılar ölkənin tarixində baş vermiş hər hansı tarixi hadisəyə və ya xalqın həyatında görkəmli rol oynamış xalq qəhrəmanlarına həsr edilmiş mahnılardır.
Koroğlu haqqında, onun sevgilisi Nigar və mübariz yoldaşları dəlilər, vəfalı atı Qırat haqqında silsilə mahnılar buna misaldır.
Qaçaq Nəbi, Qaçaq Kərəm, Qaçaq İsmayıl, Dəli Alı, Qanadlı Nağı və s. bu kimi qəhrəmanlar haqqında dastan və mahnılar yaranmışdı. Məsələn, “Gedən gəlmədi”, “Piyada Koroğlu”, “Qaçaq Nəbi” və b. bu cür mahnılardandır.