İzzəddin Həsənoğlu — XIII–XIV əsrlərdə yaşayıb, yaratmış, azərbaycan və farsca şeirlər yazmış sufi şairdir.
Həsənoğlunun həyat və yaradıcılığı haqqında ilk məlumat XV əsrdə yaşamış təzkirəçi Dövlətşah Səmərqəndinin 1487-ci ildə tərtib etdiyi “Təzkirətüş-şüəra” əsərindən aşkar edilmişdir. İzzəddin Həsənoğlu XIII əsrin ikinci yarısında Xorasan vilayətinin Əsfərain şəhərində dünyaya gəlmiş və orada da yaşamışdır. Sufi şeyxi Raziyəddin Əli Lələnin tələbəsi sufi şeyxi Cəmaləddin Əli Zakirin müridi olmuşdur. Bundan sonra Şeyx İzzəddin Əsfəraini adı ilə də tanınmışdır.Azərbaycanca olan şeirlərində “Həsənoğlu”, farsca olan şeirlərində isə “Puri-Həsən” təxəllüsünü işlətmişdir. Divanı Azərbaycan və Rumda geniş yayılmış, şeirləri XIV əsrdə Xarəzm, Qıpçaq eli və Misirdə oxunmuşdur. Həsənoğlunun azərbaycanca “Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər”, “Necəsən gəl, ey yüzü ağım bənim” və “Əcəb bilsəm məni şeyda qılan kim” başlıqlı 3, farsca isə “Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim” başlıqlı 1 qəzəli məlumdur.Misirdəki Məmlük xanədanlığı dövrünün şairi Seyf Sarayi Həsənoğlunun “Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər” qəzəlinə, Anadoluda yaşayıb-yaratmış şairlər; Namusi və Ömər ibn Məzidi isə şairin başqa bir qəzəlinə nəzirə yazmışdır. Həsənoğlunun “Əcəb bilsəm məni şeyda qılan kim” başlıqlı azərbaycanca qəzəli Türk ədəbiyyatı tədqiqatçısı Səadətdin Nüzhət (Ərgün) tərəfindən Ömər ibn Məzid tərəfindən 1437-ci ildə tərtib edilmiş “Məcmuatun-nəzair” məcmuəsindən aşkar edilmiş və 1928-ci ildə “Milli Məcmuə” adlı toplunun 9-cu cildində özü yazdığı məqalə ilə yayımlanmışdır.
Hazırladı Cavid Əli oğlu Turan