• Azərbaycan üç yüz illik ənənələri XIX əsrdə Aşıq Ələsgər (1821-1926) kimi qüdrətli xalq sənətkarının yetişməsinə təkan vermişdir. Aşıq Ələsgərin yaradıcılığında lirik motivlə əxlaqi-didaktik motiv üzvi şəkildə bir-birinə qovuşmuşdur. Bu el sənətkarı özündən sonrakı aşıq ədəbiyyatının, eləcə də yazılı şeirin inkişafına böyük təsir göstərmişdir. 105 il ömür sürmüş aşığın yaradıcılığında bu dövrün bir çox tarixi hadisələri və şəxsiyyətləri öz əksini tapmışdır. Azərbaycan şifahi xalq yaradıcılığı, xüsusən aşıq sənəti qonşu xalqların ədəbiyyatlarına da dərin təsir göstərmiş, bir sıra gürcü türk dilində yazıb-yaratmışlar.
      Azərbaycan folklorunun ilk örnəkləri yazılı şəkildə qədim yunan tarixçisi Herodotun “Tarix” əsərində (E.Ə. V əsr) bizə gəlib çatmışdır. Bunlar – qədim Azərbaycan dövləti Midiyanın süqutunun və İran dövləti tərəfindən işğalının səbəbləri haqqında xalq bədii təfəkkürünün məhsullarıdır. Bu əfsanələr “Astiyaq”, “Tomris” və başqa adlarla Herodotun əsərində yazıya alınmışdır. İndiki mənada tarix əsəri deyil, həm də bədii əsər qələmə almış Herodot, Azərbaycan əfsanələrini də yüksək bədiiliklə işləmiş və təsirli psixoloji səhnələr yaratmağa müvəffəq olmuşdur. “Tomris” əfsanəsi bu baxımdan daha diqqətəlayiqdir. İşğalçılıq məqsədi ilə Midiyaya hücum edib, ölkəni viran qoyan İran şahını məğlub etmiş Midiya sərkərdəsi – qəhrəman qadın Tomris onun başını kəsib bir qan tuluğuna salır ki, yeriklədiyi qandan “doyunca içsin…” “Astiaq” əfsanəsində mifoloji qat daha güclüdür. Burada əsas hadisələr yuxugörmə və taleyin əvvəlcədən müəyyən edilməsi üzərində qurulmuşdur. İlahi qüvvələrin təyin etdiyi taleyin dəyişdirilməsində insanın nə qədər gücsüz olduğu – Astiaqın faciəsi örnəyində təqdim edilir. Eyni motivlər qədim dünyanın bir çox ədəbiyyatlarında, o sıradan antik yunan ədəbiyyatında geniş yayılmışdır.Azərbaycan folklorunun yazılı halda bizə gəlib çatmış ən böyük abidəsi “Kitabi-Dədə Qorqud” eposudur. Bu eposun müxtəlif obraz və motivləri sonrakı Azərbaycan folkloruna və klassik ədəbiyyatına təsir göstərsə də, bütövlükdə şifahi ənənədə qorunub saxlanmamışdır. Buna görə də, “Dədə Qorqud” dastanları yazılı ədəbiyyat örnəyi kimi də tədqiqata cəlb edilir. Bu məqalədə də həmin prinsip gözlənilmişdir.

      Hazırladı Cəfərzadə Cavid.